Etimad belə ölməməli idi!-40 gün keçdi

Əvəz Zeynallı

 

Etimadla ilk tanışlığımız

 

Onunla tanışlığımızın və dostluğumuzun maraqlı tarixçəsi var. Yaxın bir dostunun haqqında “Xural”da yazı getmişdi. Asdığımızın asdıq, kəsdiyimizin kəsdik zamanlarından idi. Çox yaxın bir dostunu redaksiyaya göndərdi – Elxan Şükürlünü. Elxan bəylə də o zaman tanış olduq – elə o söhbətdə. Məndən bir xahiş olundu və mən o xahişi yerinə yetirdim. Onunla da Etimadla qiyabi, Elxanla isə əyani dostluğumuz başladı.

Zaman içərisində onu bir az adamayovuşmaz, bir az quru və bir az da məsafəli tanıdım. Zatən bizim onunla bir kəsişəcəyimiz məqam da yox idi. Bir az totalitar, bir az sərt adam idi. Xarakteri vardı və bu, onu bir çoxlarından fərqləndirirdi.

Bizim zatən İlyas İsmayılovla normal əlaqələrimiz vardı. Siyasətlə mətbuatın atişləməz yollarında başqaları ilə olduğu kimi, “Ədalət” partiyası ilə də keçinib gedirdik. Aramızdakı əsas bağ isə Elxan Şükürlü idi. Beləcə, illər illəri qovdu…

 

Çelyabinskidə həbs illəri

Sevil Nuriyeva ilə Etimad İsmayılov

 

Və… eynən ölümündə olduğu kimi, həbsində də xəbər ölkə mediasına bomba kimi düşdü. Biz yaman günlərin adamıyıq – Etimadın həbsini öz həbsimiz kimi dəyərləndirdik və ölümünə müdafiəyə başladıq. Təbii ki, başda yenə Elxan Şükürlü vardı. Onunla bir yerdə Rusiyada darda olan Etimadın qardaşı olduq və onun həbsdən çıxan gününə qədər bu savaşı apardıq.

O zaman Putinin dostu İlham Rəhimovun Etimadı həbs etdirdiyinə dair ciddi şübhələr vardı və bu haqda mediada da yazılırdı. Təbii ki, bu haqda biz də bir neçə yazı yazdıq. O zaman İlham Rəhimov hətta məni və kimi istəyirəmsə onlarla birlikdə Çelyabinskiyə göndərməyə hazır olduğunu ölkə mediasında bəyan etdi. Məsələ o qədər ciddiləşmişdi. Amma biz o təklifi qəbul etmədik və bizim Rusiyaya səfərimizdənsə İlyas İsmayılovun Putinlə görüşdürülməsini şərt qoyduq. Təbii ki, nə Etimad buraxılmadı, nə də İlyas İsmayılov Putinlə görüşdürülmədi.

Etimad həbsdə olanda onunla münasibətlərimiz o qədər yaxınlaşdı ki, az qala hər gün Çelyabinski türməsindən zəng edir, uzun-uzun danışırdıq. Biz Etimad həbsdən çıxana qədər hər gün işimizin başında olduq və Sevil Nuriyevanın bir gün muştuluq xəbəri ilə işə başladıq. Sevincimizin həddi-hüdudu yox idi. Təkcə Etimadı yox, təkcə İlyas İsmayılovu yox, həm də bizi təbrik edirdilər.

 

Bu dəfə də mən həbs olundum

etimad İsmayılov

Etimad İsmayılov həbsdən sonra “Xural”da müsahibədə…

 

Etimadın həbsdən çıxmasından sonra bir neçə dəfə görüşdük. Təəssüf ki, bizim çox yaxınlaşmağımız, dost-qardaş olmağımız günü-gündən inkişaf etdikcə, Ədalət partiyasının içində bəzi xoşagəlməz hadisələr olurdu. Bu dəfə Elxan Şükürlü ilə problem yaranmışdı və Elxan bütün cəhdlərimizə baxmayaraq, partiyadan getdi. Etimadla o zamamlar sıx-sıx görüşürdük. Mənə partiyada yardımçı olmağımı istədi, xüsusilə partiyanın mətbuat xidmətinin işini yenidən qurmaq üçün əlimdən gələni etməyimi xahiş etdi, amma mən bunu üzülərək edə biləməyəcəyimi dedim. Mən Elxan Şükürlü ilə münasibətlərin yoluna qoyulmasını istəyirdim, nəinki onun boşalan yerini tutmaq, ya da kiminsə tutması üçün yardımçı olmaq.

İşlərimizin və planlarımızın ciddi məngənəyə mindiyi bir məqamda istəkli hökumətimiz məni şərləyib zindana atdı və əlaqələrimiz kəsildi. Bu dəfə də mən Etimadın gəldiyi yerə göndərildim.

 

Etimadla sonuncu görüş

Sevil Nuriyeva ilə Etimad İsmayılov

 

Həbsxanada da münasibətlərimiz davam etdi. Etimad mənim üçün vəkil tutdu, bir neçə dəfə əlaqə saxladı, bir dəfə mənim çağırışımla məhkəməyə gəldi və bəzi məsələləri müzakirə edərək həll etdik. Ondan sonra əlaqələr bir az yavaşıdı. Etimad artıq Türkiyəyə köçdü. Həbsimin irəliləyən illərində İlyas İsmayılov yanıma gəldi – Bakı İstintaq Təcridxanasında görüşdük. İlyas müəllim mənimlə görüşdən sonra prezident İlham Əliyevə mükəmməl bir müraciət etdi.

1158 gündən sonra İlyas İsmayılovun məktubunun da təsiri ilə prezident İlham Əliyevin əfvinə məzhər oldum. Azadlığa çıxandan sonra isə Etimadla heç görüşmədik. Onu yalnız bu yaxınlarda təsadüfən Nərimanov parkında gördüm. Hər zamankı kimi səmimi görüşdük və qısa, ayaqüstü söhbətdən sonra ayrıldıq.

 

Acı xəbər

Etimad İsmayılov

 

Amma Etimadın güllələnmə xəbəri elə bil məni yerdən-yerə vurdu. Bir neçə dəfə yazmışam – hər yaxın adamın ölümü xəbərindən sonra sanki özüm ölürəm kimi oluram. Etimadın qəfil ölüm xəbəri də məni elə öldürdü. Nə etmək olardı? Gücümüz nəyə çatardı ki? Heç nəyə də çatmadı zatən…

İndi onunla bağlı yazıları hazırlayır, söylənənləri izləyir, danışılanları eşidirəm. Hər zaman kənardan tanıdığım, həbslərimizin çox yaxınlaşmağa imkan vermədiyi Etimad Türk Dünyası üçün ciddi və böyük işlər görürmüş. O qədər ki, bu işləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana qədər gedib çıxırmış və birbaşa Türkiyə dövlətinin diqqətində imiş. Bəlkə elə o kor qurşunların hədəfi təkcə Etimad yox, həm də türk milli maraqlarıdır? Bəlkə elə o güllələr həm də Türkiyəyə, Türk dünyasına atılıb? Hər halda mən Etimadın bəsit bir pul qovğasına qurban gedəcəyini zənn etmirəm. Bu, böyük bir siyasi komplodur və hədəf təkcə Etimad deyil. Yəqin ki, türk ədaləti bu qətlin səbəblərini tapıb meydana çıxaracaq. Mən buna həm də inanıram.

Etimad eldən gedən oğul oldu. Türk dünyası üçün böyük itkidir. Belə insanlar asan yetişmir. Məni üzən iki məqam oldu bu hadisədə. Biri dövlətin və onun ali rəhbərliyinin münasibətidir.

Türkiyə boyda ölkənin prezidenti, nazirləri Etimadın ailəsinə günlərlə, həm də bir neçə dəfə zəng edərkən, bizim dövlət ərkanımız susdu. Hətta yasa belə gəlməyə bəziləri cəsarət etmədilər. Bu, mənə çox toxundu.

Başqa bir məqam da Etimadın belə qəfil, belə mənasız gülləyə tuş gəlməsi və həyatını itirməsidir. Bir həmkarımız yazmışdı ki, “Etimad belə də ölməliydi”, amma mən tamam fərqli cür düşünürəm:

Etimad belə ölməməli idi!

Həm də heç…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button