Etirazçılar arxiyepiskop Qalstanyanı baş nazir vəzifəsinə irəli sürüb

“Vətən naminə Tavuş” müxalifət hərəkatı Ermənistanın baş naziri postuna Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın namizədliyini irəli sürüb. Bunu Yerevanda keçirilən mitinqdə çıxışı zamanı təşkilatın liderlərindən biri Qurqen Melikyan deyib.

“4 May” hərəkatının fəalları Azərbaycanla həmsərhəd Kirants kəndindən yürüşə başlayıblar. Onlar mayın 9-dan Yerevanda, habelə ölkənin regionlarında mitinqlər və itaətsizlik aksiyaları keçirirlər.

Azərbaycanla sərhədin delimitasiyası prosesi ilə razılaşmayan hərəkat iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını və müvəqqəti hökumətin yaradılmasını tələb edirlər.

Bazar günü, mayın 26-da etirazçılar hökumət daçaları kompleksinə gəliblər. Qalstanyan mitinqdə Paşinyan ilə görüşü gözləyəcəyini bildirib. Daha sonra onlar şəhərin mərkəzinə qayıdıblar.

N.Paşinyan mayın 26-da ölkənin şimalında daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib. Daşqın nəticəsində ölənlər, itkin düşənlər var.

Baş nazir Paşinyanın istefasını tələb edən hərəkatın lideri, arxiyepiskop Qalstanyan ikili vətəndaşlığı olduğu üçün, Konstitusiyaya görə, namizədliyini irəli sürə bilməz. O, Kanada vətəndaşlığından imtina etsə belə, namizədliyi qanunla təsdiqlənə bilməz. Müxalifət buna ictimai təzyiqlə nail olmaq istəyir. Hakimiyyət isə hesab edir ki, Paşinyan hökumətinə ictimai təzyiq yoxdur və Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat zəifləməkdədir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button