ETMƏ, YA ŞEYX!

Qaranlıq məqam

 Bakir Həsənbəyli

 Aydın da bizim kefli İsgəndərimizdir…

 Bəlkə də insanlar öz Şeyxlərindən bu gün umduqları qədər nə vaxtsa, nə isə gözləməyiblər. Mən demirəm ki, Şeyxülislamlıq möhtərəm Şeyximizdən əvvəlki dönəmlərdə bir can rahatlığı olub. Qətiyyən. Düzdür, sovetlər dönəmində Şeyxin varlığı-yoxluğu, kim olması demək olar ki, önəmli deyildi. Sovet adamına “Kəbən (əstəğfürullah) Kreml, Şeyxin (əstəğfürullah) Lenindir” fikri təlqin olunurdu. Amma indi fərqlidir. Hər kəs azad yaşamasa da, azad düşünə bilir. İndi azad düşünən insanların əli bu hakimiyyətdən tam üzülüb. Hamı, lap elə hər kəs üzünü Allaha tutub. Bu zalımlardan ümidi üzülmüşləri yalnız İlahi Qüdrət Sahibinin xilas edəcəyini düşünürlər. İnsanlara daxili rahatlıq üçün indi Şeyxin kəlamı lazımdır. Məhz İlahi Qüdrət Sahibinin xilas edəcəyi günə qədər. Ondan sonra Şeyxə nə hacət? Əslində isə nələri eşidirik, nələri oxuyuruq?

–         Şeyx maşın istehsal edir;

–         Kondisioner biznesi də Şeyxlikdir;

–         Soğan Şeyxin nəzarətindədir;

–         Xurmanı da Şeyxə verdilər və s.

Allahın Rəsulu (s.ə.s) ilə görüşə gələn Əbu Bəkr Siddiq və Ömər ibn Xəttab (Allah onlardan razı olsun, inşallah) istirahət edən Peyğəmbər Əfəndimizin hücrəsində xurma budaqlarından hörülmüş həsirdən başqa nə isə yox idi, deyə rəvayət edirmişlər. Allahın Rəsulu (s.ə.s) dünya malından özünə var-dövlət yığa bilməzdimi? Lüzummu vardı? “İnsan gərək bu dünyaya bağlanmaya, axirət evini abad edə” – deyən Allahın Rəsuluna (s.ə.s) dünya malı nə lazım?

Biz demirik ki, Həzrəti Əli (ə) kimi aşılanmamış dəridən çarıq, keçi yunundan əba geyin. Əsla. Əldə etdiyin və edəcəyin sənin haqqındır. Amma bir ümmət haqqı da var axı. İnsanlar azad yaşamaq istəyirlər. İstəmirlər bir ovuc məmur onların haqlarını yesin. Bu millətin haqqı yetimin haqqı kimi bir şeydir. Yetim haqqı yeyilərmi? Və ya yeyilərkən ona biganə qalmaq olarmı? Amma yeyirlər, haqqını tələb edənləri isə həbs edirlər. Gözlər yenə Şeyxə dikilir. Şeyx yenə susur…

Aydın Canıyev də ümmətdəndir. Amma günahı çox, amma günahı az. Hər halda o da bizlərdən biridir. Hesab edək ki, Aydın da bizim kefli İsgəndərimizdir. Bir də ki, niyə hesab edək? Adamın hərəkətlərini normal düşüncə ilə çözsək, əslində, o yazdıqları ilə öz Şeyxini xəbərdar edib. Axı yerli axundlar məhz sizin əmrinizlə fəaliyyət göstərirlər. Deməli, həm də sizi təmsil edirlər, yerlərdəki sifətinizdi. Aydın bir ayna idi, ya Şeyx. Düzdür, bir az tündləşdirirdi, amma eyibləri əla göstərirdi. Çağırıb həqiqəti özündən öyrənmək olmazdımı? Olardı. Şeyxin Peyğəmbər (s.ə.s) ümməti ilə söhbətdən vacib nə işi ola bilər ki? Amma siz deyil, mühafizəçiniz (Ya Rəbbim, Şeyxə mühafizəçimi lazım?) çağırdı. Lisenziya (əcəb) verdiyiniz mollalar isə həbs etdirdilər, üzünə durdular. Keçmişdə hətta qan düşmənlərini ağsaqqallar barışdırar, şikayətə-filana ehtiyac qalmazdı. İndi ağsaqqal üzə durur, ya Şeyx. Bunudamı görmürsən? Ya “keçmiş elə keçmişdə qaldı” deyə düşünürsən? Tapşır, tapşır, Aydını azad etsinlər. O, hətta ilan olsa belə zəhərsizdir. Lap su ilanı kimi. Sancdığı yer azacıq şişər, amma öldürməz.

Etmə, ya Şeyx. Babaldı. Buraxdır Aydını. “Qorxun, məhz o gündən ki, ata oğlunun, qardaş qardaşının köməyinə gələ bilməyəcək”. Və ORADA mühafizəçi yox, ŞƏFAƏTÇİ Rəsulu Əkrəmin (s.ə.s) məhz özü olacaq. Olacaqmı? Bilmirəm, ya Şeyx, bilmirəm.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button