“Eurovision” maliyyə çatışmazlığı səbəbindən qaydaları dəyişir

Yayımlandı: 23 Noyabr 2022 14:14

Yarımfinal iştirakçılarının taleyini pullu səsvermə ilə istənilən ölkənin tamaşaçıları həll edəcək

“Eurovision” Musiqi Müsabiqəsinin səsvermə qaydaları dəyişdirilib.

Yarışmanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, səsvermə qaydaları ötənilki tədbirdə münsiflər heyətinin sövdələşməsi qalmaqalına görə dəyişdirilib.

“Avropa Yayım Birliyi 2022-ci ildə keçirilən müsabiqədə müəyyən edilmiş səsvermə pozuntuları ilə əlaqədar işçi qrupu yaradıb”, – müsabiqənin saytında deyilir.

Məlumatda qeyd olunur ki, “Eurovision” münsiflər heyətinin üzvləri yalnız müsabiqənin final mərhələsində səs verə biləcəklər.

Yarımfinalın iştirakçılarının taleyini isə pullu səsvermə yolu ilə istənilən ölkənin tamaşaçıları həll edəcək.

Ekspertlər hesab edir ki, yarışmanın təşkilatçıları qaydalara dəyişikliyi dünyadakı vəziyyətlə əlaqədar yaranan maliyyə çətinliklərinə görə ediblər.

“Eurovision”un icraçı direktoru Martin Osterdal deyib ki, yarışmada iştirakçı olmayan ölkələrin tamaşaçıları kredit kartları vasitəsilə səs verə biləcəklər.

Onların göndərdikləri pullar daha sonra konvertasiya olunaraq xallara çevriləcək.

Yarışmada iştirak edən ölkələrin tamaşaçılar isə həmişəki kimi SMS, telefon və ya “Eurovision” proqramı vasitəsilə səs verə biləcəklər.

“Eurovision 2023” müsabiqəsində 37 ölkə iştirak edəcək.

Yarışmaya qatılan ölkələr Azərbaycan, Albaniya, Avstraliya, Avstriya, Belçika, Ermənistan, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniyadır.

Bolqarıstan, Monteneqro, Şimali Makedoniya, Bosniya və Herseqovina isə “Eurovision 2023” mahnı müsabiqəsində iştirakdan imtina edib.

Əsas səbəblərdən biri kimi iqtisadi çətinliklər də göstərilib.

Avropa Yayım Birliyi Ukraynada başlatdığı hərbi əməliyyatlara görə Rusiyanın müsabiqədə iştirakını əngəlləyib.

2022-ci il mayın 15-nə keçirilən final mərhələsində “Stefaniya” mahnısı ilə Ukraynanın “Kaluş Orkestri” qrupu birinci olub.

Avropa Yayım Birliyi hazırda davam edən hərbi əməliyyatlarla əlaqədar müsabiqənin Ukraynada deyil, yarışmanın ikincisi olmuş ölkənin – Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsinə qərar verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button