Eurovision müsabiqəsinin tarixində baş verənlər

1969-cu ildə təşkil edilən yarışmada, tarixində birinci və axırıncı dəfə 18 xal qazanan 4 ölkə – İspaniya, Hollandiya, Fransa və Birləşmiş Krallıq birinciliyi bölüşüb. Bugünədək, 26 fərqli ölkə yarışmada birinciliyi qazanıb. 1956-cı ildə birinci dəfə  müsabiqəyə evsahibliyi edən İsveçrə qalib olubsa, İrlandiya ən çox – yeddi dəfə müsabiqənin qalibi olub. Portuqaliya isə müsabiqədə iştirak edən ən qocaman iştirakçı ölkə olsa da, hələ bir dəfə də olsun qalib gəlməyib. Hətta, 2008-ci ildə qırx birinci olub. Bu günədək Birləşmiş Krallıq 15 dəfə ikinci olub. Müsabiqədə İrlandiyanı təmsil edən Johnny Logan 1980-ci ildə müğənni kimi, 1987-ci ildə söz və musiqi müəllifi kimi, 1997-ci ildə isə söz müəllifi kimi qalib olaraq, yarışma tarixində ən çox qalib adına layiq görülən iştirakçı kimi tarixə düşüb. “Eurovision” tarixində ən yüksək xalı – 292 xalı 2006-cı ildə Afinada keçirilən müsabiqədə Finlandiya üçün yarışan “Lordi” qrupu alıb. Solo performans göstərənlərdən isə 280 xalla 2004-cü ildə İstanbulda keçirilən müsabiqənin birincisi, Ukraynanı təmsil edən Ruslana, ən çox xal alan müğənni kimi tarixə düşüb.

Ölkələrin qalib olduğu tarixlər  

7 dəfə İrlandiya: 1970, 1980, 1987, 1992, 1993, 1994, 1996

5 dəfə Fransa: 1958, 1960, 1962, 1969, 1977

Lüksemburq: 1961, 1965, 1972, 1973, 1983

Birləşmiş Krallıq: 1967, 1969, 1976, 1981, 1997

4 dəfə Hollandiya: 1957, 1959, 1969, 1975

İsveç: 1974, 1984, 1991, 1999

3 dəfə İsrail: 1978, 1979, 1998

Norveç: 1985, 1995, 2009

2 dəfə İsveçrə: 1956, 1988

Danimarka: 1963, 2000

İtaliya: 1964, 1990

İspaniya: 1968, 1969

Almaniya: 1982, 2010

1 dəfə qalib olan ölkələr:

Avstriya 1966

Monako 1971

Belçika 1986

(keçmiş)Yuqoslaviya 1989

Estoniya 2001

Latviya 2002

Türkiyə 2003

Ukrayna 2004

Yunanıstan 2005

Finlandiya 2006

Serbiya 2007

Rusiya 2008

Azərbaycan 2011

 “Eurovision”da qalib olan mahnıların dili:

26 dəfə İngiliscə oxunan mahnılar qalib olub.

(1967, 1969, 1970, 1974, 1975, 1976, 1980, 1981, 1987, 1992, 1993, 1994, 1996, 1997, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2008, 2009, 2010, 2011)

14 dəfə Fransızca ifa edilən mahnılar qalib olub.

(1956, 1958, 1960, 1961, 1962, 1965, 1969, 1971, 1972, 1973, 1977, 1983, 1986, 1988)

3 dəfə Flamenqcə və İbri dillərində oxunan mahnılar qalib olub.  (1957, 1959, 1969)

(1978, 1979, 1998)

2 dəfə isə  Norveçcə (1985, 1995)

İsveçcə (1984, 1991)

İtalyanca (1964, 1990)

Almanca (1966, 1982)

İspanca (1968, 1969) oxunan mahnılar qalib olub.

1 dəfə isə danca (Danimarka), xorvatca və serbcə ifa edilən mahnılar qalib olub.

 Müsabiqə bizə lazımdırmı?

 “Eurovision” mahnı müsabiqəsi Azərbaycan atalar sözündə deyildiyi kimi “qonaqlıq bir dəfə bizdə, bir dəfə sizdə” prinsipi ilə keçirildiyindən, mədəni əlaqələrin genişləndirilməsi və münasibətlərin tənzimlənməsi üçün ölkələrə yaradılan fürsətdir. Bu fürsətdən necə istifadə edilməsi isə hər bir ölkənin özünəməxsusdur. Azərbaycan özünün Avropa olduğunu sübut etməyə çalışsa da, Bakı tipik şərq şəhəridir. Müsabiqəyə isə şərqli yanaşması ilə bərabər ifrat dərəcədə şişirdilməsi, sadəcə geniş miqyasda yayımlanan bir televiziya yarışmasının yaradıcılarının da ağlına gəlməyən formada pafoslu təqdimatı onu gözdən salmaqdan başqa heç nəyə xidmət etmir. İTV özündə cəsarət tapıb müsabiqə zamanı ölkələrin təmsilçiləri səhnəyə çıxdıqları 30-40 saniyə ərzində göstərilən video çarxlarda Azərbaycanda yaşananları olduğu kimi göstərərək, təbliğat aparmalıdır. Məsəlçün, Macarıstanı təmsil edən müğənninin çıxışına qədərki video çarxda Budapeştdə həbsdə olan azərbaycanlı zabit Ramil Səfərovun ailəsini göstərməli və bütün yayımçı ölkələrin şərhçilərinə bu barədə mətn verilməlidi: “Hazırda Macarıstanı təmsil edən filan müğənnidir. Ekranda isə Budapeştdə macar məhkəməsinin haqsız qərarı ilə ömürlük həbsdə yatan Ramil Səfərovun ailəsini görürsünüz. Doğulduğu rayonu işğal altında saxlayan Ermənistan ordusunun zabiti onu təhqir etdiyi üçün anlaqsız vəziyyətdə hadisə törədən Ramil Səfərov bu gün haqsız qərar nəticəsində Budapeştdə ömürlük həbsə məhkumdur.” Və yaxud, Ermənistan təmsilçisinin çıxışından əvvəl Şuşadan Bakıya gətirilən dağıdılmış heykəllər və abidələr göstərilməli, tamaşaçıya bu barədə belə bir məlumat verilməlidi: “Ekranda gördüyünüz bu abidələr hazırda işğal altında olan Şuşadan gətirlib. Qarabağın mədəni mərkəzi Şuşa Azərbaycan musiqisinin vətənidir. Müsəlman Şərqinin ilk opera müəllifi Üzeyir Hacıbəylinin və digər mədəniyyət xadimlərinin güllələnən abidəsi Bakıda saxlanılır.”

Təbii ki, AYB (EBU) müsabiqənin gedişində müharibə görüntülərini tamaşaçılarda aqresiya yarada biləcəyini bəhanə edərək, yayımlamağa icazə verməyə bilər. Amma İTV bütün mümkün vasitələrdən istifadə edərək, ölkənin Avropaya inteqrasiyasında ən böyük maneənin Dağlıq Qarabağ problemi olduğunu müsabiqə vaxtı çatdırmalıdır. Daş döşənən yollar, od püskürən musiqili fontanlar, dağda otlayan qoyunlar təkcə bizdə yox, müsabiqəni canlı yayımlayan digər ölkələrdə də var. Aydın məsələdir ki, İTV video çarxlarda “rəngarəng ölkə” təsviri canlandıracaq. Bununla da guya, ölkəyə turist marağı cəlb etmək istədiyini açıqlayacaq.
Sadalanan və sadalanmayan çoxlu problemlərə görədir ki, “Eurovision” haqqında birmənalı fikir yoxdur. Müsabiqənin bizə lazım olmadığı qənaəti getdikcə daha çox insanda formalaşır. Halbuki, ikrah doğuran məqamlar olmasa, “Eurovision” Azərbaycana özünü tanıtmaq üçün lazımdır.

Son

Elxan Xanəlizadə

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button