Evi sökülən qadınla bağlı polis araşdırma aparıb

Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində Afət Quliyevaya məxsus evin qanunsuz sökülməsi ilə bağlı polis araşdırma aparıb. Toplanmış materiallar Yasamal rayon Prokurorluğuna göndərilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, A.Quliyevanın iyunun 30-da gecə saatlarında evinin qapısının sındırılması, məcburi çıxarılması və evinin sökülməsi, ona xəsarətlər yetirilməsi ilə bağlı ekspertizalar keçirilib.

Evi sökən şirkətin rəhbəri, işçiləri və şikayətçi polis bölməsinə dəvət ediliblər.

Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, əmlakı qəsdən məhv etmə və zədələmə maddələrinin tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün toplanmış materiallar rayon prokurorluğuna göndərilib.

A.Quliyevanın evinə basqın edilib texnikanın köməyi ilə uçurdulması, özününsə zorla evdən çıxarılması görüntüləri əvvəlcə sosial şəbəkələrdə yayılmışdı.

A.Quliyeva AzadlıqRadiosuna müsahibəsində demişdi ki, evdən zorla çıxarılmamışdan əvvəl işığı kəsilib. Sonra isə qaramaskalılar traktorla evə basqın ediblər. Şirkət işçiləri ilə birlikdə 26-cı polis bölməsinin sahə müvəkkili və digər polislər onu evdən ayaqyalın çıxarıblar.

A.Quliyeva ona zorakılıq göstərənlər arasında həm polis əməkdaşlarının, həm də mülki geyimlilərin olduğunu bildirmişdi. Ev sahibi onları əvvəldən də gördüyünü, qonşusunun evinin də bu cür söküldüyünü demişdi: “Məni döyə-döyə, sürüyə-sürüyə polis maşınına mindirdilər, bölməyə apardılar”.

DİN bildirir ki, şikayətçiyə polis əməkdaşları tərəfindən təzyiq edilməsi iddiaları doğru deyil. Nazirlik bildirir ki, həmin vaxt polislər ərazidə olmayıb, yalnız müraciətdən sonra gəlib tərəfləri polis bölməsinə çağırıblar.

Evi sökən şirkət, hələlik, baş verənlərə münasibət bildirməyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button