Evlərin qeydiyyatının sadələşdirilməsi rəsmiləşir

Elmira Axundova: “Bəhanələr gülünc və qeyri-qanunidir”

 Milli Məclisin deputatı Elmira Axundova sentyabrın 30-da parlamentdə Mülki Məcəlləyə təklif olunan 139-1, 144.2, 144.3-cü maddə əlavələri hüquqi baxımdan olduğu kimi, praktik baxımdan da çox əhəmiyyətli sayır.

Deputat bildirib ki, bu sənəd illərdən bəri yığılıb qalan və hələ də həllini gözləyən mühüm bir problemin kökündən həllinə xidmət edəcək:

“Müsbət haldır ki, Mülki Məcəlləyə təklif olunan 139-1-ci əlavədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret göstərilib. Həmçinin 2004-cü il avqustun 10-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərindəki hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri də dövlət qeydiyyatı üçün əsasdır.

Məlum olduğu kimi daşınmaz əmlakın dövlət qeydiyyatına alınması müvafiq dövlət qurumları tərəfindən həll olunmaz bir hala gətirilib, belə demək mümkündürsə, dalana dirənib. Vətəndaşlar illərcə get-gələ salınır, büroktatik əngəllərdən dolayı əllərində bələdiyyələrin, icra hakimiyyətlərinin müvafiq sərəncamları, aktları, bir sözlə, rəsmi sənədləri olduğu halda daşınmaz əmlakı dövlət qeydiyyatına saldıra bilmirlər. Bəhanələr müxtəlif olduğu qədər gülünc və demək olar ki, hamısı da qeyri-qanunidir. Məsələn, təzə təyin edilən icra hakimi açıq şəkildə bildirir ki, ondan əvvəl verilən sərəncamı tanımır və bu və ya digər tikilini, obyekti, hətta məhkəmə qərarı olmadan sökməyə başlayır. Digər bəhanə odur ki, filan sərəncam 1992-1993-cü illərdə, yəni hərcmərclik dövründə verilib və s. və i. Bu kimi bəhanələr əslində dövlətçiliyin sütunu olan vərəsəlik prinsiplərinə ziddir və insanlarda dövlətçiliyə qarşı inamsızlıq yaradır. Misal üçün, təsəvvür edək ki, bizim Milli Məclisimiz təzə deputat tərkibi, təzə rəhbərliklə işə başlayır və özündən əvvəlki çağırışlarda qəbul edilən qanunları inkar edir, qanunvericilik bazasını isə yenidən yaratmağa başlayır. Onda nə baş verə bilər? Bunu təsəvvür etmək belə çətindir. Ona görə də biz köhnə qanunları ancaq təkmilləşdirə bilərik. Həmin hal icra və bələdiyyə strukturlarında hökm sürməlidir. Yəni onlar bir-birinin sərəncamlarına, vətəndaşlara verilən mülkiyyət sənədlərinə hörmətlə yanaşmalı və bu sənədlər dövlət qeydiyyatı üçün əsas olmalıdır”.

Deputat deyib ki, ölkə Prezidenti bu barədə öz tapşırıqlarını verib və bildirib ki, vətəndaşların daşınmaz əmlakının dövlət qeydiyyatına alınması, lazımi sənədlərin verilməsi sürətləndirilsin:

“Lakin hazırda daha da irəli gedərək hörmətli prezidentimiz bütün bu bürokratik əngəlləri kökündən kəsir. Mən düşünürəm ki, təklif olunan bu əlavələr məhz ölkə başçısının siyasi iradəsinin məntiqi və hüquqi sonluğudur. İnanmaq istərdim ki, Mülki Məcəlləyə edilən bu dəyişikliklər tez bir zamanda hüquqi qüvvəyə minərək daşınmaz əmlak bazarındakı vəziyyəti əsaslı şəkildə yaxşılığa doğru dəyişəcək”.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button