Evsiz və tavansız ordumuz

Azərbaycan müharibə vəziyyəti var. Bu vəziyyət artıq 20 ildir ki, davam edir. Normalda anormal haldır. Amma bu faktır. Azərbaycanda 20 ildir ki, funksiyası olan Müdafiə Nazirliyi də var. Bizim dövlət müstəqilliyimizin ilk qaranquşlarından biridir. Və bu gün bu nazirlik ölkəmizin büdcəsinin üçdə bir hissəsinə sahibdir. Müharibə vəziyyətində olan dövlət üçün bu da normaldır. Amma hər şeyin bir əmması olmasa.

Müdafiə Nazirliyi ölkə büdcəsinin üçdə bir hissəsinə sahib olmasına baxmayaraq, bu gün ordunun zabit və şəxsi heyətinin vəziyyəti acınacaqlıdır. Nazirliyin yetkililələri üçün sözsüz ki, bu problem gözə dəymir. Olsun. Bizim digərlərindən ən önəmli fərqimiz də ondan ibarətdir ki, gözümüzdəki tiri görmərik, zatən bizə lazım deyil.

Keçək mətləbə. Müdafiə Nazirliyi ölkə büdcəsinin üçdə bir hissəsinin üzərində oturmasına baxmayaraq, hələ ki, zabitlər üçün bir ev belə tikməyib. Hələ ki, bəlkə sabah tikəcək. İnkişaımızın böyük və geniş addımları inşallah, yəqin ki, bir gün buna da imkan verəcək. İnşallah…

Amma bu məsələnin başqa bir tərəfi də varmış. Bu günlərdə öyrəndim ki, bizim Nazirlər Kabinetinin Müdafiə Nazirliyinin ev problemini həll etmək üçün üzdəniraq bir normativi var. Deməli, Bakı şəhərində və yaxud Bakıdan kənarda qulluq edən zabitlərin ev problemini Nazirlər Kabineti çox asanlıqla həll edib. Hər bir zabitə 50 manat, ailə üzvlərinə isə 16 manat olmaqla Müdafiə Nazirliyi aylıq ev kompensasiyası verir. Yəni bizim zabitlərə ayda orta hesabla 100 manatlıq ev kiyasi üçün pul ödənilir. Bu kompensasiyanı kimin hansı normativi üzərində ortaya qoyduğunu bilmirəm. Hər halda Nazirlər Kabinetində başbilənlərimiz oturub.

Amma bu normativi ortaya qoyanlardan soruşmaq istəyirəm. Bakıda hansı zabit 100 manata normal ev tutub yaşaya bilər? Tutsa-tutsa tələbələrin tutduğu toyuq hinlərinə bənzər bir otaq tuta bilər. İnkişaf eləmiş ölkənin zabiti bu boydadırsa, o zaman bu dünyanın…

Nə isə. Bunu da keçdik. Maraqlı olan odur ki, bizim Nazirlər Kabinetində və Müdafiə Nazirliyində oturan yüksək generalitetimiz yaxşı bilir ki, bir zabitin 100 manatla ev problemini həll etməsi imkansızdır. Ən azından öz şəraitlərinə baxıb, həmin şəraitin onda birini zabitlərimizə versəydilər… Kaş ki.. Amma gözəl olardı…

Bu gün əgər bu ölkəni idarə edənlər düşünürsə ki, müharibə vəziyyətində olan bir ölkənin ərazi problemlərini yüz manatlıq kirayə evdə oturan zabitlərlə həll edə bilərlər, o zaman yanılırlar.

100 manatlıq kirayə evdə oturan bir zabitin döyüş ruhu eləcə yüz manatlıq kirayə döyüş ruhu olacaq. Sabah bunda heç bir qeyri-təbiilik olmayacaq. Çünki hər kəs «ətəyinə topladığı daşları tullayır» və hər kəs «tulladığı daşları yığır».

Ölkə büdcəsinin üçdə bir hissəsini yeyən Müdafiə Nazirliyinin bütün xərclədiyi pullar təbii ki, dövlət sirridir. Nə deyə bilərik ki?..

Amma 20 ildə öz zabit heyəti üçün bir ev belə tikməyən Müdafiə Naziri öz ordusunun döyüş ruhundan danışırsa…

Biz özümüzü aldatmaqdan hər gün həzz alırıq. O qədər həzz alırıq ki, bəzən huşumuzu itiririk. Amma nə fərqi var ki, özümüzü aldadırıq…

Azər Qaramanlı

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button