Ey hökumət, Allahdan qorx!

Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə var. Onları böyük bir əzab gözləyir.

Bəqərə surəsi, 7-ci ayə

 Bu başlığı başqa cür də qoya bilərdim. Məsələn, “Allahınız olsun, cənablar!” Amma nədənsə içimdən bir səs mənə dedi, qoy belə olsun. Bu ürəkbulandırıcı sadəlövhlüyə malik olan millətin güya başbilənləri olan müraciət elədiyim kişilər bəlkə Allahdan qorxalar. Bəlkə…

Axı özgə nəyə gücümüz çatır? Ay bu millətin pullu kişiləri, övladlarınıza tərbiyə verin, qoymayın bu xalqın uşaqlarının qanına susasınlar! Alıb altlarına bahalı maşınları qoyanda, bir tənbeh edin ki, sonra peşmançılıq olmasın. Yoxsa otururlar bahalı maşınlara, çıxırlar Bakı küçələrində “ralli”yə. Axırda da xalqın uşaqları qalır təkərlərin altında.

Bu gün Bakı küçələri əməlli-başlı təhlükə mənbəyidir. Çünki papalarının gül balaları heç kəsi saya salmırlar. Qudurmuş maşınlar tərbiyəsiz sürücüləri ilə şəhəri əsl terror məkanına çevirib. Bir həftədə dört cavanımız “Reng Rover”lərin, bahalı “Mercedes”lərin təkərləri altında can veriblər. Allahdan qorxun, cənablar!

Bu gün Azərbaycanda birinci sinfə uşaq qoymaq istəyənlərin qarşısında böyük bir problem var. Altı yaşlı uşağı başa salmalıdırlar ki, imtahan nədir. Bəli, imtahan. Altı yaşlı uşaq qabağındakıtanışolmayan xala və əmilərin suallarına cavab verməlidir! Niyə? Bəlkə bu “xala” və “əmi”lər onu məktəbin birinci sinfinə qəbul etsinlər. Niyə, kim onlara bu səlahiyyətləri verib? Birdən birinin uşağı cavab verə bilməsə, onu qəbul etməyəcəklərmi? Bəli, qəbul etməyəcəklər! İxtiyari bir bəhanə ilə…

Nə qədər ki, valideyn lazım olan pul vahidini onlara çatdırmayıb. Deməli, dava pul davasıdır. Zatən bu qanunsuz imtahan və sairələr əslində bir pul tələsidir. Yoxsa siz nə qədər uşaq tanıyırsınız ki, 6 yaşında “turniket” və ilaxır kimi qəliz suallara cavab verə bilsin.

Bir də dövlət tədris müəssisələrində “ödənişli təhsil” nə deməktir? Axı bu, dövlət tədris müəssisələridir və dövlət onu maliyyələşdirir.

Allahdan qorxun, cənablar!

Allahdan qorxun, cənab Misir Mərdanov! Bu xalq daha ləyaqətli münasibətə layiqdir!

Bir dövlət xəstəxanasına getmək və müayinədən keçmək insana əslində, bir avtobusa, metroya və yaxud taksiyə xərclədiyi pula başa gəlməlidir. Bu gedib ora çatmaq puludur. Bəs sonra? Sonra vay o gündən ki, dövlət sözünə aldanıb pulsuz olasan. Sənə bir nəfər də baxmaz. Adamı heç it yerinə də qoymazlar, çünki əlin cibinə girmir. Bundan başqa, dövlət xəstəxanasında pullu xidmət də var. Axı nədən dövlət xəstəxanasında pullu xidmət olmalıdır? Axı bu dövlət müəssisələrində pullu xidmət kimin “nou-xou”sudur? Kim bu qanunsuzluğu qanun şəklinə mindirib?

Allahdan qorxun, cənab Oqtay Şirəliyev! Bu xalq daha yaxşı münasibətə layiqdir!

İyirmi ildir müstəqil dövlətimiz var. On beş respublikanın hamısı müstəqillik əldə etdi. Onların içində deyilənə görə, analoqu olmayan iqtisadi inkişafa malik olan yeganə dövlətik. Amma nədənsə bu inkişaf xalqın əmanət kassalarında qalmış borclarını qaytarmağa gələndə, yaddan çıxır. Nədənsə bu hökumət namus, vicdan borcu olan bu borcu xalqa qaytarmaq istəmir. Parlament isə seçkidən-seçkiyə bu sadəlövh xalqa söz verir və gələn seçkilərə qədər yaddan çıxarır.

Allahdan qorxun, cənablar! Bu xalq daha anlamlı münasibətə layiqdir!

Bəs Azərbaycan dövlətinin müharibə əlillərinə olan münasibəti? Bu nə münasibətdir, onu ancaq özləri bilir və heç kimə anlatmaq istəmirlər. Axı nədən bu zavallıları dilənçi günündə saxlayırlar? Niyə onlara “pensiya” adlanan bu dilənçi payını verirlər və hamıya olan “pensiya” artımına onlar layiq görülmürilər? Bilmirəm. Bir şeyi bilirəm, onların gözündə bu qəhrəmanlar xalq üçün örnək ola bilən adamlardır. Bu qəhrəmanları elə miskin günə salmaq lazımdır ki, heç kim bir də onların yolunu getmyi ağıllarına belə gətirməsin. Bax mən belə düşünürəm! Belə deyilsə, sübut edin və əlillərə onların layiq olduğu qayğını göstərin. Mən də səhvimi etiraf edib sizin qabağınızda baş əyim.

Nurəddin Xoca

 İ.S. Əslində, biz nə istəyirik? Bu ucsuz-bucaqsız kainatda hamının xoşbəxt və firavan yaşamasını istəyirik. Biz istəyirik ki, məqalələrimizdə məmur və hökm sahiblərinin xalqa olan qayğısından yazaq. Biz istəyirik ki, haqq və ədalətin bərqərar olduğu azad və firavan dövlətdə yaşadığımızla fəxr etdiyimizdən yazaq.

Bəli, cənablar haqq və ədalətin hakim olduğu, azad və firavan ölkədən.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button