Eyni gəminin içində olduğumuzu unutmayaq!

Unutmaq olmaz ki, şəxsi mənfəət güdmək müvəffəqiyyətin qənimidir…

 Keçən əsrin 20-ci illlərində İrəvandan Iğdıra köç etmiş bir ailənin övladıdır Ayxan Dəmirçi… Doğulduğu gündən ailəsində, valideynlərində Azərbaycan sevgisi, Azərbaycan həsrəti, Azərbaycan nisgili görmüşdü. Ürəyi Vətən həsrətli, torpaq qübarlı yüzlərlə didərgin həmvətinimizin ailəsində olduğu kimi… Orta məktəbi də elə Iğdırda, onun taleyini yaşayan uşaqlar arasında oxudu. Sonra isə ali təhsil almaq məqsədilə Türkiyənin ta o biri ucuna – İzmirə getdi. Orada təhsil aldı, bir müddət çalşdı da. Daha sonra isə daha uzaqlara – Belçikaya köçdü. Bütün qalan həyatını burada davam etdirmək üçün. Daha çox Vətən həsrətilə, daha çox Vətən sevgisilə…

–  Necə oldu ki, Azərbaycan–Belçika Dostluq Cəmiyyətini qurmaq ideyası yarandı? Təşkilatınız hansı zərurətdən doğdu?

 – Ən ümdə məqsədimiz Avropada mədəniyyətimizi, adət-ənənələrimizi qorumaq və yaşatmaq idi. Əlbəttə, bunun içində Azərbaycanı bir dövlət kimi tanıtmaq, mədəniyyətini və tarixini təbliğ etmək, tarix boyu üz-üzə gəldiyi haqsızlıqları, bugünkü problemlərini, ümumilikdə Azərbaycan həqiqətlərini nəinki Avropaya, bütün dünyaya anlatmaq idi.  Bugünkü kimi yadımdadır. Belçikaya gəldiyimdən bir neçə il keçmişdi. Dostlarımla Azərbaycan sevdamızı fəalliyyətə çevirə biləcək, sevgili Vətənimizin yararına çalışa biləcəyimiz bir təşkilat qurmaq qərarına gəldik. Təxminən 1982-1983-cü illər idi. İlk təşkilatın ismi Azərbaycan Mədəniyyət Dərnəyi idi. Bir neçə ildən sonra Azərbaycanda Xalq Hərəkatı başladı. Bu azadlıq hərəkatının bizə böyük təsiri olmuşdu. Çox həyəcanlıydıq. Qarşımıza çıxan çətinliklərə baxmayaraq, 1994 cü ilə qədər biz də bu canlanmanı Avropada davam etdirdik. Ruslar tərəfindən Azərbaycanda yaradılan qarışıqlıqlar səbəbilə, Avropadakı Azərbaycan Dərnəkləri ilə birlikdə mitinqlər təşkil etdik. Türk dərnəkləri ilə ortaq layihələr həyara keçirdik. Amma 1994-cü ildən sonra Dərnəyimiz müəyyən problemlər üzündən fəaliyyətinə bir müddət fasilə verməli oldu. Amma içimzdəki yanğı bizi sakit qoymadı. 2001-ci ildən yenə dostlarla birlikdə Azərbaycan Belçika Dostluq Cəmiyyəti adı ilə fəaliyyətə başladıq və işimizə bir müddət Brüsseldə davam etdik. Çox gözəl işlərə imza atdıq. Azərbaycanın Müstəqillik günü, Xocalı soyqırımı ilə bağlı mitinqlər, 20 Yanvarla bağlı matəm tədbirləri, Novruz şənlikləri, milli bayramların hamısını keçirərək həm Avropanın diqqətini Azərbaycana çəkməyə, həm də həmvətənlərimizi bir arada tutmağa çalışdıq. 2008-ci ilin 31 dekabrından etibarən təşkilatımız rəsmi olaraq qeydiyyata alındı – Limburg-Azərbaycan-Belçika Dostluq Cəmiyyəti.  Bundan sonra yuxarıda qeyd etdiyimiz tədbirlərlə yanaşı, Avropa Parlamentində də bəzi toplantılar keçirməyə başladıq. Qürurla vurğulaya bilərəm ki, Dərnəyimiz Avropada erməni yalanlarını ortaya çıxarmaq istiqamətində geniş fəaliyyət göstərir. Bu ilin əvvəllərindən başlayaraq Avropa İitifaqında və Avropa Parlamentində, “Human Rights Without Ffrontiers”də, Avropa Birliyində Xocalı faciəsi və Qarabağ müharibəsində qaçqın düşmüş 1 milyon insanımızın durumunun yaxşılaşdırılması məsələsi ilə bağlı konfranslar keçirmişik. Ermənilərin törətdikləri maneələrə baxmayaraq, bu tədbirlərdə mötəbər şərhçilərin, siyasətçilərin iştirakını təmin etmişik. Eyni zamanda 17 mart 2011-ci ildə Avropa Parlamentinin üzvü İsmayıl Ərtuğun ev sahibliyi etdiyi “Avropa İttifaqı və Azərbaycan münasibətlərində mədəniyyətlərarası dialoq” mövzusunda seminar, 31 mart 1918-ci il hadisələrində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımla əlaqədar və 8 mart 2011-ci ildə erməni snayperi tərəfindən öldürürlən Fariz Bədəlovun faciəsinə etiraz əlaməti olaraq mitinqlər keçirmişik.

 – Avropadakı Azərbaycan dərnəkləri ilə əlaqələriniz necədir?

 – Düzünü demək gərəkirsə, o qədər də yaxşı deyil. Avropadakı Azərbaycan Təşkilatları ilə dialoqlarımız yüksək səviyyədə deyil, səbəbi də birlik və bərabərlik içində olmamağımızdan qaynaqlanır. Bu qopuqluqlar təkcə bizimlə deyil, bütün təşkilatların arasında mövcuddur. Bizim bu günə kimi Azərbaycan-Belçika Dostluq Cəmiyyəti olaraq heç bir təşkilatla birəbir problemimiz olmayıb. Əməkdaşlıq etdiyimiz, birlikdə çalışdıqımız təşkilatlar var. Məsələn, Hollandiya, Almaniya, Türkiyədəki çox aktiv dərnək və cəmiyyətlərlə birgə tədbirləimiz olub.

 – Ümumiyyətlə, Avropada Azərbaycan türklərinə münasibət və ya maraq necədir?

 – Öncələr elə də təsəvvür yox idi. Son illər Belçikada Azərbaycan haqqında fikirlər daha yüksək səviyyədədir. Biz buranın insanında ölkəmiz haqqında təsəvvür yarada bilmişik. Bu da bizi çox sevindirir. Avropa Parlamentində təşkil etdiyimiz son konfransda bunu daha çox hiss etdik. Öncədən Azərbaycan söhbət mövzusu olunca insanlarda o dərəcədə də maraq doğurmaq mümkün olmurdu. Əlbəttə, bu məsələdə Azərbaycanın Belçikadakı səfirliyinin də müstəsna rolu var. Düzdür, mən hesab edirəm ki, Avropa ölkələri arasında önəmli yeri olan Belçikada Azərbaycan diasporasının fəaliyyəti bu gündə istənilən səviyyədə deyil. Amma biz var qüvvəmizlə çalşırıq.

 – Bəz sizcə diasporanın fəaliyyətini istənilən səviyyəyə gətirmək üçün nə etmək zəruridir?

 – Lobbiçiliyi, birlik və bərabərliyi gücləndirmək, Azərbaycan həqiqətlərini, problemlərini, tanıtımını, milli və mənəvi dəyərlərini daha təsirli bir şəkildə anlatmaq lazımdır. Zatən biz də Azərbaycan-Belçika Dostluq Cəmiyyəti olaraq fəaliyyətimizi tamamilə bu istiqamətdə qurmuşuq. Məsələn, Belçikada çox güclü lobbi yaratmaq imkanları var, amma çox təəssüf ki, lobbi yoxdur. Bu istiqamətdə məqsədyönlü, ardıcıl, stabil fəaliyyət aparmaq lazımdır. Məsələn, bizim Avropada lobbiçilik istiqamətində çox önəmli layihələrimiz var. Biz Avropada ən üst səviyyədə dövlət və hökümət rəhbərlərini, eyni zamanda millət vəkillərini, Kütləvi İnformasiya Vasitələri nümayəndələrini, Qeyri-hökümət təşkilatlarını cəlb etməklə Azərbaycanla əlaqəli mərkəzləşdirilmiş bir tanıtım proqramı həyata keçirməyi planlayırıq. Sonra bütün bu insanları qruplar şəklində Azərbaycanı daha yaxından tanıya bilmələri, Qarabağ problemini diqqət mərkəzində tutmaları, vəziyyəti görüb daha real analiz etmələri üçün ölkəmizə gətirə bilərik. Hər zaman qeyd etdiyim kimi Azərbaycan diasporasının güclü olması üçün öncəliklə birlik və bərabərliyi təmin etmək lazımdır. Bütün təşkilatlar planlı hərəkət etməli, bir-biriylə əlaqı saxlamalıdır. Şəxsi mənfəətlər üçün bu qurumlar istifadə olunmamalıdır. Unutmaq olmaz ki, şəxsi mənfəət güdmək müvəffəqiyyətin qənimidir. Təşkilatları və Diaspora qurumlarını elmli, şüurlu, intizamlı, fədakar insanlar idarə etməlidirlər. Eyni zamanda Qeyri-Hökümət Təşkilatları və dövlət qurumları qarşılıqlı dialoq içərisində çalışmalıdır. Eyni gəminin içində olduğumuzu unutmayaq! Birlikdəyik deyirik, amma ayrı-ayrıyıq. Bir-birinə şübhə ilə baxan insanların birlikdə çalışması və müvəffəqiyyət qazanması mümkün deyil.

Söhbətləşdi: Aynur İmranova

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button