Eynicinsli nikahları qanuniləşdirən ilk postsovet ölkəsi…
Estoniya parlamenti – Riyqikoqu eynicinsli cütlüklərin evlənməsinə icazə verən layihəni qəbul edib. Bu barədə yerli ERR.ee nəşri məlumat yayıb.
Layihənin lehinə 55, əleyhinə 34 deputat səs verib, biri isə bitərəf qalıb. Qanunda evlilikdən əlavə, homoseksual partnyorlara ikinci bioloji valideynin razılığı ilə uşaqları övladlığa götürməyə də icazə verilib. 2016-cı ildə Estoniya qanunvericiliyində təsbit olunmuş birgə yaşayış haqqında müqavilənin bağlanması imkanı da qüvvədə qalır.
Eynicinsli nikah qanunu 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Bununla da Estoniya eynicinsli nikahları qanuniləşdirən ilk postsovet ölkəsi oldu. 2023-cü ilə olan məlumatlara görə, homoseksual əlaqələri ABŞ, Sloveniya və Kuba da daxil, 34 ölkədə qanuniləşdirmək olur. Xaricdə bağlanan eynicinsli nikahları İsrail də tanıyır.
2022-ci ilin dekabrından Rusiyada homoseksuallıq, biseksuallıq və transseksuallıq haqqında müsbət məlumatların yayılması qadağan edilib. Buna görə vətəndaşlar üçün 400 min rubla (4 min 740 dollar), hüquqi şəxslər ilə bağlı isə 5 milyon rubla (59 min 240 dollar) qədər cərimələr nəzərdə tutulur.