Eynulla Fətullayev prezident olacaq?!

Bu yolda dövlət çevrilişi hazırlayan Elçin Sadıqov isə Vəkillər Kollegiyasının sədri təyin olunacaq?!

Media Hüququ İnstitutunun nümayəndəsi, cəmiyyətdə ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsiylə məşhurlaşan tanınmış vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasına şikayət məktubu daxil olub.

Bu barədə məlumatı XuralTAC-a çox etibarlı mənbə verib. Bildirilir ki, Elçin Sadıqovun ictimai fəallığından narahat olan hakimiyyət dairələri digər vəkillər kimi ona da problem yaratmaq istəyirlər və Vəkillər Kollegiyasına şikayət məktubu təşkil etdiriblər. Ancaq Kollegiyaya ünvanlanan məktub nəinki müzakirə edilməlidir, hətta iqtidaryanlıların özlərini belə şoka salıb.

Məlumata görə, Elçin Sadıqovu birbaşa siyasi və ictimai səhnədən silməyə köklənən bu «tutarlı» və «dərin siyasi biliklərə» əsaslanan məktubda qeyd olunur ki, vəkil ölkənin siyasi müxalifəti və xarici diplomatik nümayəndələri ilə ciddi müzakirələr aparır. Məktub müəllifində olan «səhih» bilgilərə görə, deməyəsən, Elçin Sadıqov «xarici himayədarlarının dəstəyi» ilə Azərbaycanda dövlət çevrilişinə hazırlaşırmış. Əynindən hüquq mantosunu çıxarıb hərbi libas geyinən və əlinə silah götürüb dövləti yıxmağa girişən Elçin Sadıqov hakimiyyətə kimi gətirmək istəsə yaxşıdır?

Eynulla Fətullayevi! Eynulla Fətullayevi prezident kürsüsünə çıxarmağı müqabilində isə Elçin Sadıqov çooox böyük bir vəzifə istəyib və jurnalist çətinliklə olsa da, bu istəyi reallaşdırmağa söz verib. Eynulla Fətullayev hakimiyyətində Elçin Sadıqov Vəkillər Kollegiyasının sədri vəzifəsini tutmaq üçün alışıb-yanırmış, o qədər ki, buna görə silahlı üsyana belə hazırmış!

Məktub müəllifi bütün bunları yazandan sonra tədbir görməsi və bu inqilabçını haça-paça etməyi Vəkillər Kollegiyasından xahiş edib.

Belə məlum olur ki, vəkillərə edilən təzyiqlərlə onları siyasi məhbusların işindən kənarlaşdıranlar E.Sadıqovla bağlı ya düzgün şikayətçi seçməyiblər, ya da məktub yanlış ünvana göndərilib. Hiss olunur ki, məktub müəllifinin 37-ci il repressiyaları ilə qan bağlılığı var. Adam tapşırıqdan necə həyəcanlanıb və necə təsirlənibsə, Sadıqovun kitabını birdəfəlik bağlamaq yolunu tutub. Əslində, həmin məktubu MTN-ə, DİN-ə və Baş Prokurorluğa göndərmək və Elçin Sadıqovu əlli-ayaqlı götürmək lazımdır. Qoy, başqalarına da dərs olsun – adamlar silahlı üsyana qalxmağı başlarından birdəfəlik çıxarsınlar.

Məktubun əcaibliyi və olayın tragikomediyası bizi xəbəri dəqiqləşdirməkdən yayındırmadı. Vəkil E.Sadıqov Vəkillər Kollegiyasına onunla bağlı şikayətin daxil olduğunu təsdiqləsə də, məktubun məzmunu ilə bağlı soruşanda gülə-gülə «mətbuat üçün deyil» söylədi. Eynulla Fətullayevdən isə məsələyə münasibət öyrənə bilmədik.

Qarşı tərəfin münasibətini verməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

 

Əlaqəli məqalələr

1 şərh

  1. bu hakimiyyet bundan bashqa neyi bacaririk .bir iqtidarin xarici ishler naziri donos yazib jurnalisti tutdura, prezidenti eshshek almaqla mehshurlasha, prezident adminstrasiyasinin rehberi tehlükesizlik nazirinin evezine beynelxalq konfrada ishtirak ede ve bashqa ölkenin mükafatina layiq görüle, bele ölkede bu mektuba sevinmek lazimdir ki hele adi chekilen adamlar hebsde deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button