Eynulla Fətullayevin Jurnalistləri Müdafiə Komitəsinin Beynəlxalq Mükafatının təqdimetmə mərasimində nitqi

2011 Noyabr 25

Xanımlar və Cənablar,

Mən elə bir yerdən döndüm ki, orada zamanın durur. Orada gecə gəlib çatmır və səhər açılmır. Çılpaq divarlar, soyuq, nəmişlik və qaranlığın hökmranlığı. Belə bir yerdə haradasa işıqlı dünya olduğunu, insanların sərbəst dolaşdığını, bəzilərinin isə hətta xoşbəxt olduğunu unutmaq çox asandır.

Belə bir yerdə qorxunuzu dəf etməyə yardım edə biləcək tək şey rüsvayçılıqdır. Sizi sadəcə fikrinizi ifadə etmək azadlığı hüququnu həyata keçirmək istədiyiniz üçün fiziki cəhətdən alçalda bilən böyük qüvvə qarşısında utanmırsan. Amma qorxudulmalara təslim olaraq, itaətkar olan jurnalistin bunun üçün mübarizə aparmaq hüququnu itirdiyini dərk etdiyin an xəcalət çəkirsən. Və yalnız mətbuat azadlığı həqiqəti doğura bilər.

Altı il əvvəl həmkarın və yaxın dostum Elmar Hüseynov öldürüldü. O, cəsur jurnalist və rəhbərliyin kəskin tənqidçisi idi.

Elmar qarşısında son borcumu yerinə yetirərkən and içdim ki, onun qətlini araşdıracağam. Çox qısa müddət ərzində onu susdurmaq məqsədilə bu cinayəti törətmiş caniləri müəyyən etməyə müvəffəq oldum. Və cinayətkarları tapdığım üçün dərhal həbsxanaya göndərildim.

Redaktoru olduğum iki qəzet, – onlar Azərbaycanda ən məşhur qəzetlər idi, – tənqidə və alternativ baxışlara yol verməyən hökumət tərəfindən bağlandı. Mənim işçim olan və ya qəzetlərimlə əməkdaşlıq edən 100-ə yaxın jurnalist müxtəlif növ təqiblərə – hədələrə, döyülmələrə, təqiblərə məruz qaldı.

Mənə gəlincə, diffamasiyadan, vergi ödənişindən yayınmadan terrorla hədələməyə qədər bir sıra qondarma ittihamlarla ümumilikdə 16 il müddətinə məhkum olundum. Bütün əmlakım, o cümlədən redaksiyanın avadanlıqları və hətta şəxsi kompüterim müsadirə olundu. Mən repressiv dövlətin qisasını tam mənada hiss etdim.

Çətin vaxtlarımda, özümü təcrid olunmuş və yalnız hiss etdiyim, demək olar ki, həbsxanadan nə vaxtsa sağ çıxacağıma ümidimi itirdiyim vaxt Jurnalistləri Müdafiə Komitəsi məni xilas etmək üçün əlindən gələni etdi.

Dörd ildən çox azadlıqdan məhrumetmə yerlərində qaldım, bunun iki ilini birnəfərlik kamerada keçirdim. Yalnız atamın mənə baş çəkmək hüququ var idi. O, hər həftə sizin fəaliyyətiniz, bəyanatlarınız və mənə dəstək aksiyalarınız haqqında xəbərlər gətirirdi. Bu əməlləriniz məni və onu dəstəkləyir, ümidimi itirməmək imkanı yaradırdı. Komitəniz mənim azad olunmağımda həlledici rol oynadı.

İki il əvvəl kədərli halda rütubətli, zəif işıqlandırılmış birnəfərlik kameramda oturub taleyin eniş-yoxuşlarını düşünürdüm. Hər gün ömrümün son günü ola biləcəyini hiss edirdim.

Belə bir anda öyrəndim ki, sizin JMK mənə yüksək mükafat verib. Unudulmadığımı görmək məni çox xoşbəxt etmişdi.

Bu gün sizin və beynəlxalq ictimaiyyətin səyləri sayəsində azadam. Nə baş verdiyini dərk etməyə çalışıram və bu yüksək mükafatı doğrultmalıyam. Dövlətin mənə qarşı əməlləri məni susdura bilmədi, mən qəzetlərin nəşrini bərpa etməyi qərara aldım. Oxucularım və Azərbaycan xalqı onları geri qazanmağa layiqdirlər. Bir daha mənə verdiyiniz bu yüksək dəyərə görə təşəkkür edirəm!

Waldorf-Astoria, 301 Park Avenue, Nyu-York, 22 noyabr

CONTACT  İA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button