Eynullanın dörd ili…

Bu gün jurnalist Eynulla Fətullayevin həbsindən 4 il ötür. “Media forum” saytı xatırladır ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib.

Tutulandan az sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində Eynulla Fətullayevin “Realnı Azerbaydjan” qəzetində ABŞ-ın İrana hərbi təcavüzü ehtimallarından bəhs edən yazısı ilə bağlı cinayət işi başlanıb. Bu yazının Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub.
MTN-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq Eynulla Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu iki hökm üzrə şikayətlərə baxaraq 2010-cu il aprelin 22-də Eynulla Fətullayevi azadlığa buraxmağa çağırıb. Ali Məhkəmənin Plenumu 2010-cu il noyabrın 11-də məhkumun üzərindən bəzi ittihamları götürərək onun cəzasını 2 il 3 aya endirib. Bu cəzanı tam çəksə də, Eynulla Fətullayev həbsdə qalır. 2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. Qaradağ Rayon Məhkəməsi 2010-cu il iyulun 6-da Eynulla Fətullayevi bu ittiham üzrə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

1976-cı il də Bakıda anadan olan Eynulla Fətullayev jurnalistikaya gənc sosial demokrat, “İstiqlal” qəzetinin yazarı kimi gəlib. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan Eynulla Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi “Monitor” jurnalında çalışıb. 2005-ci ildə Elmar Hüseynov qətlə yetiriləndən sonra “Monitor” bağlananda Eynulla “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini və “Azerbaydjan v mire” jurnallarını yaradıb. Hazırda bu nəşrlər fəaliyyət göstərmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button