EYYY, MİSİR MƏRDANOV!..

Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova Cəlilabad rayonu Qarazəncir kənd sakini Ağayev Ramiz Əli oğlu tərəfindən

Yazıb sizə bildirmək istəyirəm ki, oğlum Ağayev Anar Azərbaycan Beynəlxalq Universitetində 4 il oxumuş, lakin ondan min manat rüşvət istənildiyinə görə diplom verilməmiş və bu səbəbdən hərbi xidmətə göndərilmişdir. Məlumdur ki, ali təhsili olanlar 1 il hərbi xidmət edirlər. Mən Təhsil Nazirliyindən soruşmaq istəyirəm ki, nəyə görə 4 illik ali təhsil kursunu tam başa vurmuş tələbə sizin kiminləsə pul bölüşdürə bilməməyiniz ucbatından il yarım xidmət etməlidir? Mənim oğlum vətənə xidmət etməyə hazırdır, lakin halalca 4 il zəhmət çəkib oxuyaraq layiq olduğumuz haqqımızı tələb edirik. Tələb edirəm ki, Təhsil Nazirliyi qeyd-şərtsiz oğlum Ağayev Anarın ABU-nu qurtarmağı barədə diplomunu versin. Mənim oğlum 4 il ABU-da öz biliyi ilə oxumuş, bir qəpik pul verməmiş, lakin axırda diplom işinə gəlib çıxanda məmurlar arasında olan pul davasına görə işləri dolaşmışdır. Mən Respublika Prokurorluğundan xahiş edirəm ki, 2009-cu ilin yayında Beynəlxalq Universitetin (ABU) “Beynəlxalq Hüquq” fakultəsini bitirən tələbələrin siyahısını çıxarsın və yoxlasın. Məlum olacaq ki, bu uşaqlardan hansılardan ki rüşvət alıblar, hamısına diplom veriblər, kimlər ki pul verməyib, onlara diplom verilməyib. Xahiş edirəm ki, bu cinayətkarlığı tam yoxlayın və əlaqədar şəxsləri cəzalandırın. 2009-cu il yayında ABU-nun “Beynəlxalq Hüquq” fakultəsini bitirənlərdən: Saatlı rayonundan Qarayeva Zərifə, Naxçıvandan Mənsimov İbrahim, Möhsünlü Valeh, Goranboydan Nəcəfov İbadət, Bakıdan İlyasova Aynur, Zalova Günay, Bayramova Aytən, Namazova Gülşən, Mustafayeva Günel, Ağdamdan Quliyev Sənan, Hacıqabuldan Rəhimov Elçin, Cəlilabaddan Əzizov Nicat və mənim oğlum məhz rüşvət vermədiklərinə görə diplom ala bilməyiblər. Təhsili bu cür rüşvətxorluqla məhv edirlər. Kimlər ki 2009-cu ildə ABU-nu bitirərkən lazım olan məbləği çatdırmayıb, onlar ya mənim oğlum kimi əsgərliyə göndərilib, ya da Odlar Yurdu kimi 3-cü dərəcəli özəl məktəblərə daha bir il “oxumağa” sürüklənir. Niyə mənim oğlum daha bir il Odlar Yurdu Universitetində oxumalıdır və hələ üstəlik 6 ay da artıq hərbi xidmət etməlidir? Nə səbəbə?

Dəfələrlə müraciət etmişik. Bakıya gedib-gəlməkdən yorulmuşam və xəstəlik tapmışam. Yazılı müraciətlərimizdən sonra Təhsil Nazirliyi dövlət orqanlarını yalan məlumatlandıraraq bildirib ki, guya oğlum “Yekun Dövlət Attestasiya imtahanlarına buraxılmağına baxmayaraq, imtahanlarda iştirak etmədiyi üçün ona diplom veriməmişdir”. Niyə dövlət orqanlarını aldadırlar? Xahiş edirəm ki, bu faktı da araşdırın. ABU-da yekun sessiyasında cəmi bir dəfə diplom işinin müdafiəsi olur, oğlum da həmin diplom müdafiəsindən 5 qiymət almışdır. Pedaqoji sistemə bu cür ucuz yalanlar yaraşmaz. Özlərini sudan quru çıxarmaq və rüşvət verməyənlərə dərs olsun deyə bu cür yalanlara əl atırlar. Həqiqət isə bundan ibarətdir ki, ABU bağlandıqdan sonra Təhsil Nazirliyinə göndərilən siyahıdan imtahan verməyənlərin yox, pul verməyənlərin adı siyahıdan çıxarılıb. Ancaq bu gün TN dövləti aldadır ki, guya imtahan verməyənlərin adı siyahıdan çıxarılıb.

Bu yoldaşları başa salın. Təhsil müəssisəsini bağlayanda fikirləşməlisən ki, burada 4 il oxuyan gənclərin taleyi necə olacaq?! Həyatda hər şey pulla ölçülmür ki! Görəsən, Misir müəllim razı olardımı öz oğlu 4 il oxuyandan sonra gedib il yarım xidmət etsin?! Nəyə görə insanlarımızda hökumətə inamı öldürür və dövlət siyasətinə nifrət yaradırlar?! Xahiş edirəm ki, bu oyunlara son qoyasınız. Bütün bəlalarımız Milli Məclisin qəbul etdiyi əcaib qanunlardan başlayır. Uzun müddətdir ki, Təhsil haqqında qanun müzakirə olunurdu. Qanun layihəsində bütün təhsil müəssisələrinin lisenziyalarının müddətsiz verilməsi öz əksini tapmışdı. Lakin komissiya üzvləri qəribə bir bəyanat verdilər: “Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin və onların filiallarının lisenziyalarının konkret müddəti olmalıdır. Bu lisenziyaların orta təhsil müəssisələrinə 3, ali təhsil müəssisələrinə isə 4 il müddətinə verilməsi nəzərdə tutulub. Nəyə görə?! Əsl oyunbazlıq bax burada başlayır. Niyə camaatı tələyə salırlar? Niyə pul qazanmaq üçün xalqdan oyuncaq kimi istifadə edirlər?! Tutaq ki, biri öz uşağını xaricilərin açdığı orta təhsil müəssisəsinin 1-ci sinifinə düzəltdi, 3 ildən sonra həmin xarici lisenziya verənlə dalaşdı, nəyisə razılaşdıra bilmədi, məktəb bağlandı. Necə ki, bizdə belə hallar tez-tez olur. Bəs həmin uşağın taleyi, valideynin xərclədiyi pullar, itirilmiş vaxt və enerji necə olsun? Təəssüf ki, bizim Təhsil Nazirliyini belə xırda məsələlər maraqlandırmır. Hələ orta məktəb xərcləri nisbətən azdır. Bəs ali məktəbin məsələsi necə olsun? Bir də görürsən ki, lisenziyanı tələbə ikinci kursda oxuyanda ləğv elədilər. Misir Mərdanovdan soruşun ki, bəs xərci kim qaytaracaq? Lisenziya müddəti söhbəti özu gəlir gətirən pullu bir oyundur. Xahiş edirəm ki, təhsil sistemimizdəki bütün bu neqativ hallara və pul oyunlarına son qoyasınız. Xahiş edirəm ki, Təhsil Nazirliyinin qarşısında mənim oğlum kimi gənclərin diplomlarının qeyd-şərtsiz verilməsi məsələsini kəskin şəkildə qabardasınız.

Ağayev Ramiz Əli oğlu

Cəlilabad rayonu, Qarazəncir kəndi

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button