Əziz Orucovun həbs müddəti uzadılıb

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Bu qərarı bu gün, fevralın 21-də Səbail Rayon Məhkəməsi qəbul edib.

Bu barədə məlumat verən vəkili Bəhruz Bayramov qeyd edib ki, həbs müddəti martın 27-nə qədər uzadılıb. Onun haqqında məhkəməyə qədər həbs müddəti fevralın 26-da başa çatırdı.

Müdafiə tərəfi qərarı əsassız sayır və apellyasiya şikayəti veriləcəyini bildirir:

“Əziz Orucov da bunu və ümumiyyətlə öz həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir”.

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov ötən ilin noyabrın 27-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülmüşdü.

Dekabrın 19-da isə Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verildi.

Son aylar Azərbaycanda 5-dən çox jurnalist həbs edilib. Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib. Onların heç biri ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə bağlayırlar. Halbuki, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmələrinə aid deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button