Fərəməz Novruzoğlu bıçaqlandı

Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) bıçaqlanıb.
1 Saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) olan Fərəməz Novruzoğlunun Bizimyol.info saytına verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında çalışdığı mağazada baş verib. “Orucluq olduğu üçün gecə saatlarına qədər mağazaya gələnlər olur. Ona görə mağaza açıq olur. Saat təxminən 2.00 radələrində mağazaya daxil olan 20-25 yaşlarında oğlan mənə bıçaqla xəsarət yetirdi. İlk zərbəni iki dəfə sol tərəfdən böyrəyə yaxın yerdən vurdu. Xoşbəxtlikdən böyrəyim zədələnməyib. Üçüncü zərbəni isə ürək istiqamətindən vurmaq istədə də, əlimlə mane oldum və əlim yaralandı” – deyə F.Novruzoğlu bildirir.
Zərərçəkən hadisənin sifariş olduğundan şübhələnir. O bildirir ki, bıçaqlayan oğlan axşam saatlarında da mağazada olmuşdu. “Dünən axşam saatlarında isə məni bıçaqlayan oğlan mağazama gəlmişdi. Mağazada bilərəkdən malları dağıtdı və “di get 102-yə xəbər ver” deyərək mağazanı tərk etdi. Gecə isə həmin oğlan mağazaya gələrək məni bıçaqladı”.
F.Novruzoğlunun sözlərinə görə, oğlanın “102-yə xəbər ver” ifadəsi də onda şübhə oyadır.
“Bir müddət əvvəl mağazamdan oğurluq hadisəsi olmuşdu. Hadisənin üstü açılmadığı üşün 102 xidməti vasitəsilə Daxili İşlər Nazirliyinə məlumat verdim. Bundan sonra məni Nərimanov rayon 16-cı polis bölməsinə çağırdılar. Təhqiqatçının mənim 102-yə müraciət etməyimə münasibəti heç yaxşı olmadı. “Özün də türmədə yatmış adamsan, 102-yə niyə xəbər verirsən” formasında mənə irad bildirdilər.
F.Novruzoğlu deyir ki, polislə münasibətləri yaxşı olmayıb. “Mağazamın ətrafında çoxlu qumarxanalar var. Əraziyə yeni sahə müvəkkili gəlib məndən haqq istəyəndə dedim elə etməyin ki, ətrafdakı qumarxanalardan yazım. Bütün bunlara görə hesab edirəm ki, mənə qarşı olan əməl sifariş əsasında həyata keçirilə bilər” – deyə F.Novruzoğlu bildirdi.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən “Bizim Yol”a bildiriblər ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button