“Fərhad Əhmədovun adamlarının bu işdə öz maddi maraqları olub…”

Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan İtaliya şirkəti ətafında qalmaqal davam edir. Virtualaz.org ötən buraxılışlarında bu qalmaqalın hər iki tərəfinin mövqeyini işıqlandırıb. Xatırladaq ki, biznesmenin qanuni nümayəndəsi Azərbaycan hüquq-mühafizə orqanlarına şikayət ərizəsi təqdim edərək “Paghera” şirkətinin (“Paghera Green Service Societa Agricola S.R.L.”) rəhbəri Massimo Albertini və şirkətin sahibi Gainfranco Pagheranı mənimsəmədə, dələduzluqda və s. ittiham edib.

Əhmədovun Bilgəhdəki iqamətgahı

Massimo Alberti isə bu ittihamları rədd edir və sifarişin yerinə yetirilməsində bəzi nöqsanların olduğunu təsdiqləsə də sifarişçi tərəfin şirkəti ötən ilin noyabrından işdən kənarlaşdırdığını, işləri davam etdirmək üçün nəzərdə tutulan vəsaiti ödəmədiyini bildirir.

“Paghera” şirkətinin maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibov virtualaz.org saytına açıqlamasında deyir ki, sifarişçinin ərazidə əkilən ağacların bir çoxunun quruduğu, məhv olduğu barədə şikayətləri tam haqlı ola bilməz. Çünki İtaliya şirkəti ötən ilin noyabrından etibarən iqamətgahın ərazisinə buraxılmır və deməli həmin tarixdən etibarən orada baş verənlərə cavabdeh ola bilməzdi.

“Xarici ölkələrdən gətirilib əkilən müxtəlif ağaclar, bəzək kolları və bitkiləri ixtisaslaşmış qulluq tələb edir. İtaliya şirkəti isə ötən ilin noyabrından etibarən əraziyə buraxılmır. Deməli o vaxtdan bəri hansısa ağaclar, kollar quruyubsa buna görə icraçını ittiham etmək absurddur. Buna görə Fərhad Əhmədovun iqamətgahının ərazisində yaşıllıqlara hazırda qulluq edən adamlar cavabdehdir. Hansı ki, həmin adamlar özlərini “bağban” kimi təqdim edir, əslində isə onlar adi fəhlələr, yaxud iş icraçılarıdır. Yaşıllıqlara qulluq üzrə heç bir ixtisas sahibi deyillər”-vəkil belə deyib.

Massimo Alberti

K.Nəsibov bildirir ki, bu kommersiya mübahisəsində onu ən çox təəcübləndirən məqamlardan biri sifarişçinin Azərbaycanda istehsal edilən mal-materiallara “keyfiyyətsiz və saxta” damğası vurmasıdır. Çünki hansısa mal-materiala təkcə Azərbaycanda istehsal edildiyi üçün ona keyfiyyətsiz, saxta demək vətənpərvərlik anlayışı ilə bir araya sığımır. Hansı ki, Azərbaycanda da keyfiyyətli mal-materialların istehsal edildiyinə italyanlar əmin olublar.

Fərhad Əhmədov həmişə deyir ki, vətənpərvərdir, vətənini sevir və s. O zaman Azərbaycan istehsalı olan hansısa materialı öz mülkündə istifadə etməyi niyə bu cür qəzəblə qarşılayır? Axı onun özü də istehsalçıdır, Azərbaycanda nar şirələri istehsal edən zavodu var. Belə çıxır ki, bu zavodun məhsulları da Azərbaycan istehsalı olduğu üçün yararsızdır?”-vəkil sual edib.

K.Nəsibovun əlavə edir ki, sifarişçinin nümayəndələri italyanları büdcəni şişirtməkdə günahlandırır, əslində isə büdcə bütün mal-materialların xaricdən sifariş edilməsinə görə “şişib”. Məsələn, adi dəmir konstruksiyalardan yığılan talvarı və “besedkaları” Sumqayıt Texnologiyalar Parkında da sifariş vermək olardı. Həmin parkda istənilən konstruksiyaları yüksək keyfiyyətlə hazırlayan zavod var. İndiki halda isə sifarişçi hətta süni şəlalə üçün daşları da xaricdən sifariş veribmiş.

“Massimo Alberti mənimlə söhbətində bildirir ki, o biznesmenə bir sıra mal-materialların Azərbaycanın özündə sifariş verilməsini təklif etmişdi. Amma sifarişçi israr edib ki, hər şey xaricdən gətirilməlidir”-vəkil bildirir.

K.Nəsibovun sözlərinə görə, italyanlar habelə ona deyiblər ki, F.Əhmədovun adamları müxtəlif mal-materiallar alınarkən öz maddi maraqlarını da güdürdülər. Başqa sözlə, pulların yeyilməsi barədə söhbət gedirsə biznesmen birinci növbədə öz adamlarının fəaliyyətini araşdırmalıdır.

“F.Əhmədov nüfuzlu, ciddi biznesmendir, hesab edirəm ki, o iqamətgahın tikintisi üzrə işlərə cavabdeh təyin etdiyi adamların nəyi doğru, nəyi yalan dediyini də araşdırsa yaxşı olardı. Hansı ki, həmin adamlar lap əvvəldən işləri öz əllərinə keçirməyə can atıblar, xarici iş adamlarına psixoloji təzyiqlər ediblər. Qorxudub Azərbaycandan qaçırmaq istəyiblər ki, yarımçıq qalan işləri öz əllərinə alsınlar”-İtaliya şirkətinin maraqlarını müdafiə edən vəkil iddia edib.

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button