Fərid Əhmədovun xalası oğlu niyə həbs olunub?!

Hərbi hissə komandiri Anar Orucov “salyarka” alveri və hərbçilərin maaşlarının talan edilməsi ilə məşğul olur…

Yazıb sizə bildirirəm ki, oğlum İslamov Ramil Cavanşir oğlu Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hissədə gizir kimi hərbi xidmət edirdi. Bu hərbi hissənin komandiri Anar Orucov tankların “salyarka”sını satmaqla məşğul olduğundan, oğlumla onun arasında mütəmadi insidentlər yaranırdı. Oğlumun tək günahı o idi ki, bu biabırçılığa qarşı olub, dövlətin əmlakının talan edilməsinə yol vermək istəməyib. Nəticədə Anar Orucov tabeliyində olan əsgər və zabitləri oğlumun üzünə durğuzaraq onu həbs etdirdi.

“N” saylı hərbi hissənin komandiri Anar Orucov həm də hərbi heyətin maaşlarını mənimsəməklə məşğuldir. Adi “13-cü maaş” deyilən və hər ilin axırında verilən böyük məbləğdə pul var ki, Anar Orucov hərbi qulluqçulardan onun 50 faizini zor-xoş alaraq öz cibinə qoyur. Onun komandir olduğu hərbi hissədə əsl bibarçılıqdır, açıq-aşkar talan baş verir və heç kim burada tutarlı yoxlamalar apararaq bu qanunsuzluqlara son qoymur.

Oğlumun düzlüyü hərbi hissə komandiri Anar Orucovun başağrısına çevrilmişdi. İlk tədbirlərdən biri bu olmuşdu ki, Anar Orucov oğlumun 13-cü maaşını kəsdirmişdi. 2010-ci ildə isə Ramilin yeni gizirlik müqaviləsinin vaxtı çatmışdı ki, hər 5 ildən bir gizirlərlə bağlanır. Anar Orucov hər cür ciddi-cəhdlə çalışdı ki, oğlumla yeni müqavilə bağlanmasın və gizirlikdən uzaqlaşdırılsın. Hərbi vakant yerlərin kütləvi şəkildə olduğu indiki zamanda bu, dövlətə qarşı açıq təxribatdır. Dəhşət burasındadır ki, mayor Anar Orucov gizirin xəbəri olmadan Müdafiə Nazirliyinə təqdimat göndərib ki, guya Ramil İslamov gizirlikdə qalmaq arzusunda deyil. Bu isə qanunçuluqla daban-dabana ziddir. Sənədlər indi də durur, araşdırmaq üçün dövlər rəhbərliyinə göndərmişəm. Gizirin özü ilə sorğu aparmadan onun adından yalan təqdimat yazılaraq Müdafiə Nazirliyinə göndərilib və orada gizirin fiziki göstəriciləri qəsdən dəyişdirilib. Böyük bir saxtakarlıq baş verib. Müdafiə Nazirliyi nəyə görəsə bu yalanlara göz yumub.

Bundan başqa, Anar Orucov dövləti aldadaraq Müdafiə Nazirliyinə saxta təqdimat verib ki, guya Ramilin boyu 168 santimetrdir. Halbuki Ramilin boyu 184 santimetrdir ki, şəxsiyyət vəsiqəsində də göstərilib. Həmin təqdimat hüquq müstəvisində araşdırmaq üçün dövlət orqanlarına göndərilib.

Anar Orucov oğlumu tutdurmaq üçün plan qurub. İşə baxın ki, 15 iyulda guya başına təpik vurulan adam 30 oktyabrda şikayətə gedib! O təpiyi necə 3 ay yarımdan sonra sübut edirlər? Hanı bu döyülən yoldaşların ekspertiza kağızı? Füzuli hərbi məhkəməsi hakiminin “nədənsə” ekspertiza kağızı tələb etmək də “yadından” çıxıb! Necə olur ki, 13 müxtəlif pozalarda döyülən adamların heç birinin ekspertiza kağızı olmur? Xahiş edirəm ki, bunu Anar Orucovdan və Füzuli hərbi məhkəməsinin işi aparan hakimindən soruşun! Bu nə qanunsuzluqdur? Belə olsa respublikada kim kimi istəsə tutdurar ki!

Elman Mehdiyev oğlumun eybəcər formada montaj olunmuş şəkillərini hərbi heyət arasında yayıb. Həmin şəkilləri araşdırmaq və cinayət işi açmaq üçün lazımi instansiyalara göndərmişik. Şəkillərdəki mənim oğlum, gizir Ramil İslamovdur. Bu biabırçı, Azərbaycan hərbçisinə yaraşmayan şəkillər telefondan-telefona ötürülərək saylı hərbi hissədə komandir Anar Orucovun təçkilatçılığı ilə yayılıb. Məqsəd oğlumu digər hərbçilərlə dava-dalaşa çəkmək, təxribat törətmək və oğlumu hərbi xidmətdən uzaqlaşdırmaq idi.

Anar Orucovun hərbi hissə komandiri olduğu hərbi hissədən nə az-nə çox, düz 13 nəfər oğlumun üzünə durub onları döydüyünü iddia edirlər. 15 iyulda birinə təpik vurub, 6 oktyabrda bir başqasını şillələyib, 14 oktyabrda digərini itələyib, 2 sentyabrda isə başqa birini təhqir edib. Maraqlıdır ki, həmin vaxtlara qədər döyülənlər heç bir yerə nə yazılı, nə də şifahi şikayət etməsələr də, nədənsə 30 oktyabrda hamısı birlikdə Ramilə cinayət işi açdırmaq “qərarına gəliblər”. Nə istintaq, nə də məhkəmə işində həmin “zərərçəkən”lərin şikayət ərizəsi indinin özündə belə yoxdur. Beləcə, qanunsuz şəkildə, heç bir tutarlı əsas olmadan, hərbi hissə komandiri Anar Orucovun sifarişi ilə oğlum həbsdə yatır. Yuxarıda sadaladığım tarixlərdən də görünür ki, cinayət işi quramadır. Bu üzədurmalar hamısı cəfəngiyyatdır, hərbi hissə komandiri Anar Orucovun oyunlarıdır. Belə çıxır ki, oğlum Rembo kimi düşüb bütün hərbi hissəni çırpa-çırpa gəlirmiş. Necə olur ki, bu cür komik məqamlara bizim hörmətli məhkəmə işçiləri diqqət yetirmirlər? Yoxsa kimlərsə onların bəsarət gözünü bağlayır? Məgər məhkəmənin funksiyası cinayəti tam araşdırmaq deyilmi? Onda daha məhkəmə nə üçündür? Oğluma tutan kimi cəza kəsəydilər, qurtarıb gedəydi. Məhkəmə Anar Orucovdan niyə soruşmadı ki, bu gizir 4 aymış hərbi hissədə hamını döyürmüş, bəs niyə bu vaxta qədər tədbir görməmisən, niyə bu qədər hadisələrin heç birində Ramil İslamova adicə xəbərdarlıq belə olunmayıb? Axı adətən belə hallarda giziri heç olmasa 15 sutka “qaupvaxt” deyilən həbsə göndərirlər. Necə oldu ki, 4 ay Anar Orucov susdu, amma oktyabrın 30-da birdən-birə onun “vicdanı oyandı”? Guya hərbi hissə komandiri 4 ay gizirin başıpozuq əməllərinə göz yumub, susub, sonra isə “zəhmətkeşlərin xahişi ilə” cuşa gəlib, giziri həbs etdirmək qərarına gəlib!

 “Döyülənlər” hamısı Anar Orucov tərəfindən qorxudularaq Ramilin üzünə durğuzulub, çünki o, həmin hərbi hissənin komandiridir. Hərbidə olanlar bu situasiyanı yaxşı bilirlər. Məsələn, Vəliyev Firad Tariyel oğlu heç hadisələrdən xəbəri olmaya-olmaya hospitaldan gətirilib, zorla bu kağızlara qol çəkdirilib. Bizimlə söhbətində o bildirdi ki, “mənim bu işlərdən xəbərim yoxdur, amma qol çəkməsəm öldürərlər.”

Anar Orucov kimi komandirlər Azərbaycan ordusu üçün əsl təhlükədir. Xahiş edirəm ki, bu adamın hərəkətlərini araşdırın və hüquqi müstəvidə qiymət verin. O, hərbi hissədə “salyarka” alveri edirdi, oğlum ona mane olurdu və odur ki necə olursa olsun, oğlumu aradan götürmək lazım idi. Oğlum onun əməllərinə qarşı dəfələrlə etiraz edib və hərbi hissədən etdiyi oğurluğun qarşısını almağa çalışıb. Anar Orucov yaxşı bilir ki, əgər oğlum tutulmasaydı, onun özü tutulacaqdı!

Cinayət işi açılmazdan 3 ay yarım qabaq, 15 iyulda guya oğlum əsgər Nurlan Əmirovun başına, o tankın içindən çıxarkən üç təpik zərbəsi vurub. Təsəvvür edin, 47 razmer botinka ilə 95 kilo çəkisi olan bir adam, cılız zəif bir əsgərə, özü də baş hissəsinə üstdən aşağı üç zərbə vurur! Necə olur ki, heç bir tibbi insident yaranmır? Necə olur ki, mərkəzi sinir sistemində heç bir dəyişiklik qeyd olunmur və uşaq baş-beyin sistemindən heç bir travma almır? Axı adi qaydayla desək, ən aşağısı, əsgər hospitala düşməliydi. Heç bir müraciət də olmayıb, əksinə, Nurlan həmin gün əsgərlərlə yeməyə gedib. Bu cür müəmmalı, sual doğuran məqamlar cinayət işində başdan-başa doludur və Füzuli hərbi məhkəməsi müəmmalı səbəblərdən bu məsələləri nəzərə almayıb.

Açılan cinayət işində ekspertiza rəyləri və şikayət ərizələrinin olmaması barəsində Apellyasiya şikayəti versək də, baxılmadı. Xunta bizim şikayəti vecinə almadı. O cümlədən Məhkəmə hökm çıxararkən nə oğlumun ağır ailə vəziyyəti, himayəsində olan 2 azyaşlı uşağı, heç bir yerdə işləməyən həyat yoldaşı, anasının 85 manat təqaüdün ümidinə qalması, atasının 2-ci qrup əlil olması heç biri nəzərə alınmayıb. Hökmdə qeyd olunsa da, məhkəmə bütün bunları qulaqardına vurub. Nədir Azərbaycan hərbçisinə olan bu cür düşmən münasibətin səbəbi?

Necə olub ki, Ramil Süleyman Rüstəmovun sifətinə zərblə 4 şillə çəkib? Bir maraqlansınlar görək, 95 kiloqram çəkisində olan bir adam cılız bir insana 4 şillə çəkəndə üz sinirinə təsir etmirmi? Həmin adam xəstəxanalıq olmazmı? Niyə o və digərləri vaxtında yazılı, hətta şifahi şikayət etməyiblər? Daha yuxarı çinli zabitlər harada olublar və niyə tədbir görməyiblər? Niyə 4 ay ərzində bu dava-dalaşların (əgər olubsa!) baş verməsinə göz yumublar və məsələnin bu həddə gəlib çıxmasına şərait yaradıblar? Və ən əsası, 13 əsgərin döyüldüyü, ağır təcavüzlərə məruz qaldığı hərbi hissənin komandiri barəsində niyə heç bir ölçü götürülməyib? Ona görə ki, bunlar hamısı ağ yalandır, elə hərbi hissə komandiri mayor Anar Orucovun öz quramasıdır. O, buna məcbur idi, çünki Ramili tutdurmasaydı, Ramil onun cinayətkar əməllərini – Müdafiə Nazirliyini saxta sənədlərlə aldatmasını və hərbi hissədən “salyarka” oğurlayıb satmasını açacaqdı, bu da elə Anar Orucovun özünün həbsi ilə nəticələnəcəkdi. Azərbaycan Ordusu batıb gedir, dövlət əmlakı tar-mar edilir, buna bir baxan yoxdur.

Maraqlı oyunlardan biri də budur ki, oğlumu Şirvan Apellyasiya Məhkəməsinə gətirdilər, amma salona buraxmadılar. Ramilin məhkəməsi onsuz keçirildi, bu da Azərbaycan məhkəmə tarixində analoqu olmayan hadisələrdəndir. Apellyasiya Məhkəməsi müttəhimin özünün iştirakı olmadan qərarı qüvvədə saxladı. Bu necə dövlətçilikdir? Dövlət qanunları cinayətkar çete tərəfindən ayaq altına atıb tapdalamaqdır. Belə bir hal dövlət yox, hərbi xunta tərəfindən idarə olunan ölkələrdə, ya da 37-ci il kimi repressiya illərində ola bilər. Xahiş edirəm, işə qanuni şəkildə baxılmasına kömək edin. Oğlum İslamov Ramil Cavanşir oğlunun müttəhim kimi niyə Şirvan Apellyasiya Məhkəməsində iştirak etmək üçün salona buraxılmadığını, onun özü olmadan necə qərar qəbul edildiyini müvafiq orqanlar araşdırmalıdır. Şirvan Apellyasiya Məhkəməsi niyə qanunu kobud şəkildə pozur? Məqsəd nədir? İttiham olunan necə olur ki, məhkəmə zalında iştirak etməmiş ona hökm oxunur? Əgər lazım deyildisə, niyə Ramil İslamov Bakıdakı təcridxanadan Şirvan şəhərinə gətirilmişdi? Xahiş edirəm, Şirvan Apellyasiya Məhkəməsindəki bu oyunların da səbəbini işıqlandırın. Əvvəl-axır burada söhbət insan taleyindən gedir.

 İslamov Cavanşir Əşrəf oğlu

Cəlilabad rayonu, Qarazəncir kəndi

 Yazını çapa vermədən əvvəl Anar Orucovla əlaqə saxladıq. Anar Orucov yazılanlarla heç bir əlaqəsinin olmadığını bildirdi və artıq ona zəng edən 5-ci qəzet olduğumuzu dedi: “Başdan-başa yalan danışırlar. Mən kiməm ki, “salyarka” satam, ya da adam həbs etdirəm. Bütün bunları edə bilmişəmsə, bəs niyə azadlıqdayam, elə gəlib məni tutarlar da. Siz yazını çap etməmişdən əvvəl Ramil İslamovun xarakteristikası ilə tanış olun. Onun valideynləri demoqoqdur, onları tanıyın. Şəxsi işinə baxın. Ordu alver mənbəyi deyil ki, mən burada alver edə bilim. Araşdırmanı məhkəmələr, istintaq orqanları aparır. Mən onların hamısına necə nəzarət edə bilərəm?”

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Azərbaycanda Ali Məhkəmə daxil olmaqla, bütün aşağı instansiyalı məhkəmələr ədalətsiz qərarları ilə rekord vurublar. İşin ədalətli tərəfi sap kimi nazik ola bilər, lakin qırılmaz Siz, Anar Orucov, işin ədalətsiz tərəfində, yazılmamış qanunla ilk qələbəni çaldınız. Ramil İsmayılov isə ədalətli tərəfdə yazilmış qanunla Sizi lazım olan yerdə otuzduracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button