Fərman Ceyranlı barəsində ağır qərar: cəzası artırıldı; sifariş Bakıdan verilib?

Son bir neçə ildə Azərbaycan hökumətinin də hədəfində olan məşhur həkim, Gürcüstanın paytaxtı Tbilisidəki “Lanset” klinikasının rəhbəri Fərman Ceyranlının həbsdən buraxılmasına cəmi 20 gün qalmış onun cəzası ağırlaşdırılıb. Avqustun 2-də Gürcüstan Ali Məhkəməsi F.Ceyranlının işinə baxaraq, onun 2 il 3 aylıq cəzasını 6 ilə qaldırıb.

Maraqlıdır ki, Ali Məhkəməyə F.Ceyranlı özü müraciət etmişdi, həm də bəraət almaq üçün. Qanuna görə, əgər təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması üçün ya zərərçəkən tərəfin şikayəti, yaxud prokurorun protesti yoxdursa, məhkəmə öz təşəbbüsü ilə onun vəziyyətini ağırlaşdıra bilməz.

F.Ceyranlı 2017-ci il mayın 22-dən həbsdədir. O, “Lanset” klinikasında qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında həbs edilərək, dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmə kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Gürcüstan Apellyasiya Məhkəməsi sonradan onun cəzasını 2 il 3 aya endirib. F.Ceyranlı bu qərarla da razılaşmayaraq, bəraət almaq üçün Ali Məhkəməyə müraciət etmişdi.

F.Ceyranlı bildirir ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. Həbsinin səbəbini Azərbaycan müxalifətinə yaxınlığıyla izah edən həkimin yaxınları hesab edir ki, onun azadlığa buraxılmasına imkan verməyən qüvvələr bu dəfə Gürcüstan Ali Məhkəməsinə təsir göstərməklə istəklərinə çatıblar: “Yoxsa Ali Məhkəmə kimi bir qurum belə qanun pozuntusuna necə imza ata bilərdi? Əgər protest və ya zərərçəkənin şikayəti yoxdursa, yuxarı instansiya məhkəməsi şəxsə verilən cəzanı ağırlaşdıra bilməz. Amma qanunu ayaq altına atdılar”.
F.Ceyranlı Azərbaycanda da Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verib. O, böyrək alverində ittiham olunur. İddia edilir ki, böyrək köçürmələri ilə bağlı əməliyyatlar onun rəhbərlik etdiyi “Lanset” klinikasında həyata keçirilib.

F.Ceyranlı həm Gürcüstanda həbsinə rəsmi əsas kimi göstərilən ittihamları, həm də Azərbaycanda axtarışa verilməsinin səbəbilə bağlı yaylan iddiaları rədd edir. Bir müddət əvvəl yaydığı açıqlamada bildirib ki, “Lancet” tibb mərkəzinin orqan köçürmə şöbəsi Ümumdünya Səhiyyə təşkilatının təlimatına , Gürcustan qanunlarında nəzərdə tutulan qaydalara uyğun fəaliyyət göstərib. Onun sözlərinə görə, orqan köçürmə əməliyyatı zamanı şəxslərdən lazım olan bütün hüquqi sənədlər alınıb və qanuni şəkildə əməliyyat icra olunub.

“Mən Azərbaycan hakimiyyətinin sifarişi ilə həbs olunmuşam, həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər. Acıq qapını açırlar. Artıq hədlərini aşırlar…”, – deyə F.Ceyranlı bildirib.

F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burada təhsil alıb və işləyib.1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. O, bir neçə il əvvəl Gürcüstana gedib.

Azərbaycandakı ictimai-siyasi fəalların bir neçəsi Gürcüstanda onun rəhbərlik etdiyi “Lanset” klinikasında müayinə və müalicə edilib. Azərbaycan hökumətinə yaxın media orqanlarında dəfələrlə onun haqqında qarayaxma xarakterli yazılar dərc olunub.

 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button