Fəzail Ağamalını Türkiyədə soydular: həbs edildi…

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə insidentlə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb. Bildirilir ki, millət vəkili qızı və nəvəsi ilə Türkiyədə olarkən taksi sürücüsü tərəfindən soyulub.

Belə ki, F.Ağamalı İstanbulda otelə getmək üçün taksidən istifadə edib. Taksi sürücüsü isə pulu əvvəlcədən istəyib. F.Ağamalı da pulqabını çıxarıb və pulu ödəyib.

Bir az keçdikdən sonra pulqabını yoxlayan F.Ağamalı orda pulun az olduğunu görüb və sürücüdən şübhələndiyi üçün taksidən düşüb. Daha sonra polis idarəsinə gedərək, şikayət verib.

Polisdəki ifadəsində F.Ağamalı qeyd edib ki, qızı və nəvəsi ilə birlikdə Çağlayan Ədliyyəsi önündən Beşiktaşa getmək üçün taksiyə minmək istəyib. Taksi sürücüsü 25 lirə istəyib. Maşına mindikdə isə sürücü dərhal pulun ödənməsini tələb edib. Millət vəkili pulqabından pulları çıxararkən, sürücü pulların hamısını onun əlindən alıb. F.Ağamalı “niyə hamısını alırsan” soruşanda isə sürücü “25 lirəni çıxacam” deyib.

F.Ağamalı pullarını dərhal geri aldığını bildirib. Ancaq bir az getdikdən sonra pulunun tam olmamasından şübhələnib və taksidən düşüb. Sonra məlum olub ki, taksi sürücüsü millət vəkilinin əlindən pulu alarkən, 2 min lirəni hiss edilmədən oğurlayıbmış.

Dərhal yaxalanan Səlami T. adlı sürücü bildirib ki, F.Ağamalının pulunu oğurlamayıb, sadəcə, millət vəkili 2 min lirəni taksidə “unudub”.

Sürücünün sözləri şübhə ilə qarşılanıb və polis cinayət işi açıb, məhkəmə isə barəsində həbs qərarı verib.

Sürücünün 10 ilə qədər cəza ala biləcəyi qeyd edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button