Fəxri ad alanda bir dostum mənə “karandaşyonan” hədiyyə etdi

Zabit Nəbizadə: “Şirvan-Qarabağ qruplaşması olsaydı, Mirələmi qalib seçərdilərmi?”

 Sevilən xanəndələrimizdən biri Zabit Nəbizadə ötən ay Prezidentin sərəncamı ilə “Xalq Artisti” fəxri adına layiq görülüb. Xalq Artisti kimi ilk müsahibəsini “Xural” qəzetinə verməyə razılaşan xanəndə redaksiyamıza gəlib, əməkdaşlarımızın suallarını cavablandırdı.

Beləliklə, həmsöhbətimiz Zabit Nəbizadədir.

 – Sizcə, fəxri adlar sənət adamları arasında bir az ayrıseçkilik salmırmı?

 – Mənə elə gəlir, bu işin bir forması olmalıdır, bəzi kənarda qalmış, dövlət işində çalışmayan və çox istedadlı ifaçıların təqdimatını prezidentə çatdırsın. Axı, prezident bizim hamımızı tanımır.

 – Fəxri titullara gedən yol haradan keçir? Mütləq sənətçilər hansısa bir dövlət işində və ya dövlət tədbirlərində iştirak etməlidir?

 – Sənətkarlar bir növ dövlət işinə yaramalıdırlar və o təqdimat hansısa dövlət qurumu tərəfindən prezidentə təqdim olunmalıdır.

Mənim belə işlərdə səriştəm yoxdur

 – Prezidentin sənətkarların hamısını tanımamağını başa düşmək olar. Bəs, bizim Mədəniyyət və Turizm Nazirliyimiz mədəniyyət sahəsində fəaliyyət göstərənləri tanıyır axı… Ola bilər ki, Zabit Nəbizadə heç Konservatoriyada işləmir, amma o, doğrudan da yaxşı oxuyur və bunu da onlar mətbuatdan və tele-radiodan görməlidirlər. Bəs onda?

 – Mənim bir az belə şeylərdə səriştəm yoxdu və heç vaxt belə şeylərə baş qoşmamışam. Bu titulu qazanmaqdan ötrü də heç vaxt əl-ayağa düşməmişəm. Hər zaman sənətimlə məşğul olmuşam, tələbələr yetişdirmişəm. Hər il də muğam müsabiqələrində heç olmasa mənim bir tələbəm ön yerlərdən birini tutur. Dəfələrlə ölkəmizi xaricdə təmsil eləmişəm. Bunlar hamısı şərtdir. Əgər mən gedib öz kefimə hansısa bir toyda oxuyuramsa, bu o demək deyil ki, mən Azərbaycanın işinə yarayıram.

 – Ötən ay çox qəribə bir hadisənin şahidi olduq. Bir neçə gün fərqi ilə iki müğənniyə “Xalq artisti” adı verildi. Bunlardan biri Səməd Səmədov, biri isə Zabit Nəbizadədir. Səməd Səmədov bu adı aldıqda hamı əleyhinə, Zabit Nəbizadə aldıqda leyhinə çıxdı. Yeri gəlmişkən, Səməd Səmədovun Azərbaycanı xaricdə layiqincə təmsil etdiyini də düşünmək olmaz. Siz necə düşünürsünüz?

 – Bu, dövlətin işidi. Dövlət bu qərarı verib. Maraqlıdır ki, biz elə “Əməkdar artist” adını da Səmədlə birgə almışdıq. Elə Səməd də dövlətin işinə yarayır. Bütün dövlət konsertlərində onu görmək olar. Təqdimat mərasimində Səməd özü qeyd etdi ki, Müstəqillik Günü ilə bağlı Gəncədə keçirilən dövət konsertindən gəlir. Mənim şəxsi fikrimdir ki, sənətkarlara dövlət adlarının verilməsi lazımdır.

 – Əməkdar artist Zabit Nəbizadə ilə Xalq artisti Zabit Nəbizadə arasında nə fərq var?

 – Daha artıq məsuliyyətdən başqa heç bir fərq yoxdur. “Əməkdar artist” də kiçik ad deyil. Amma mən elə balacalıqdan xalq artistlərinin üzünü görmək üçün illərlə həsrət çəkirdim. Hətta o zamanlar xalq artistləri el şənliklərinə belə getmirdilər ki, “mən xalq artistiyəm”. Bu həm xalq, həm də sənətçi üçün böyük məsuliyyətli bir addır. Fürsətdən istifadə edib, özümdən yaşca kiçik sənətçi həmkarlarıma bir məsləhət də vermək istəyirəm ki, heç vaxt çoxlu alqışa arxayın olub xalqdan ayrı düşməsinlər və müəyyən ad aldıqdan sonra öz sənətlərinə dırnaqarası baxmasınlar ki, “mən artıq xalq artisti adı almışam, nə etsəm, olar”. Bu, belə deyil. Adlara layiq görülən insanlar hər zaman daha məsuliyyətli və daha sadəlövh olmalıdırlar. Elə mən də “Xalq artisti” adı aldıqdan sonra bir dostum mənə simvolik olaraq “karandaş yonan” hədiyyə etdi ki, bu addan arxayın olub öz sənətimi dondurmayım. Yəni karandaşını hər zaman yonasan ki, yazsın…

 Mənə 7 il “Bala Alim” deyiblər

 – Xalq Artisti adı alandan sonra Zabit Nəbizadə təzə nə öyrənib?

 – Adı alandan sonra bir-iki təzə qəzəl öyrənmişəm ki, dəyişiklik olsun. Həm bu aralar bir az səsimdən narazı idim. Bunu da bir neçə yerdə qeyd etmişəm. Amma bu adı alandan sonra məndə daha yaxşı çalışçmağa bir stimul yarandı. Əgər bu gün bu adı almışamsa, əlimdən gələni etməliyəm ki, sabah tamaşaçı deməsin ki, “Xalq artisti adı alan budur?” Fəxri adı aldıqdan sonra başlamışam səsimin nazını çəkməyə, həvəsim tələbələri öyrətməyə qarşı daha da artıb. Elə bu ad da sənətçiləri həvəsləndirmək üçün tətbiq edilən bir şeydir.

 – Ümumiyyətlə xanəndə nə vaxt püxtələşib əsl xanəndə olur?

 – Xan əminin bir sözü var ki, “Xanəndə 40 yaşına kimi öyrənir”. Xanəndə ola bilsin ki, 40 yaşna qədər oxuyur, amma müsiqini özününküləşdirə bilmir. Elə həyatda da belədir ki, insan 40 yaşına qədər həyatı yaxşı dərk edə bilmir. Mən özüm də 40 yaşından sonra başa düşdüm ki, bu vaxta qədər ustadları yamsılamışam. Təsəvvür edin, mənə hətta 7 il “Bala Alim” də deyiblər. Ona görə mən öz cavan yaşımdakı ifaların heç birini lentə almamışam ki, mənim ifam Alim Qasımovun ifasından seçilsin. Demirəm ki, Alim qədər ifaçı olmuşam, amma onun repertuarına çox müraciət eləmişəm və onu çox dinləyib ifasından hər bir incəlikləri götürmüşəm. Heç yadımdan çıxmaz, bu yaxınlarda məmurlardan birinin xahişi ilə Ağsuda stadion açılışında çıxış edirdim və Şirvan aşıqlarının hamısı oradaydı. Orada bir təsnif oxudum, amma bu oxumaq yox, “yola vermək” demək idi. Bunun səbəbi bir az səsimin nasaz olmağı idi. Səhnədən enəndən sonra çoxlu təşəkkür etdilər. Təşəkkürə ehtiyacın olmadığını və sadəcə mənim bu ifanı “yola verdiyimi” deyəndə, ustad aşıqlardan biri qayıtdı ki, “Bacıoğlu, yaman tez “yola ver”məyə başlamısan ha!”. Mən bir az nasaz olduğumu deyəndə, bir də “yola vermək” sözünü işlətməməyimi və çox gözəl oxuduğumu dedi. Hər zaman istərəm ki, ölənə qədər rəhmətlik Hacıbaba müəllim kimi “yola vermədən” oxuyam. Allah hər zaman mənim və sənət yoldaşlarımın səsinə dəyməsin. Heç zaman öz sənət yoldaşlarımın dırnağına daş dəyməsinə razı olmaram. Bu səs bizim balamız kimidi. İnsan öz balasını çox əzizləyəndə də pis olur, əzizləməyəndə də. Mən səsimi bu günə qədər əzizləməmişəm. Amma indi əzizləməyə başlamışam ki, sonra pis olar.

 – Zabit müəllim, sizcə indiki yaşlı xanəndələr necə, “yola verməyə” çalışırlar?

 – Vallah, mən indiki yaşlı müğənniləri “yola verən” görməmişəm. Həm də ki, onların elə ağızlarını açıb bir ağız oxumaqları belə insanı valeh edir.

 – Bu oxumağın nə vaxtsa bir təqaüdü olmalıdır, ya yox? Olmalıdırsa, bəs niyə yaşlı ifaçılar təqaüdə çıxmırlar?

 – Sənət insanın öz razılığı ilə olur… Bu sənət elə bir sənətdir ki, ona “dayan!” demək olmaz. Həm belə bir söz də var ki, “nə qədər bilikli olsa cavanlar, ağsaqqal məsləhətinə ehtiyacı var”. Əgər hansısa bir xanəndə Konservatoriyada kafedra müdiridirsə, tələbələrə dərs deyirsə və bizə də nəzarət edirsə, bu bizim xeyrimizədir.

 Mən özümə qiymət qoymamışam

 – Xanəndələrin bir pik nöqtələri olur ki, onlar elə o cür yadda qalmaq istəyirlər və həmin pik nöqtədə yadda qalmaq üçün səhnədən çəkilirlər…

 – Mən Hacıbaba məllimdən bir il dərs aldım, sonra o məkdəbdən çıxdı ki, mən daha dərsə gələ bilmirəm. Dedim ki, Hacıbaba müəllim, məni yetim qoymayın. Dedi, “Oğlum, tələbələrimin hamısı sənin kimi olsa, mənim elə bura ayda bir dəfə gəlməyim də bəsdi. Mənim səhhətim qalıb işləməyə imkan vermir”. Eləcə də mən, əgər səhhətim imkan verərsə, işləyəcəyəm, imkan verməzsə, təqaüdə çıxacağam. Gəlin etiraf edək ki, yaşlı ifaçının bildiyini cavan ifaçılar bilmir.

 – Biz ötən illərdə gördük ki, xalq artisti adı alan ifaçılara, Aygün Kazımovaya, Brilliant Dadaşovaya və başqa müğənnilərə şəhərdə 3 otaqlı evlər verildi. Bəs, sizin şəhərdə evinizin olmadığını Mədəniyyət və Turizm Nazirliyi bilir?

 – Siz adlarını qeyd etdiyiniz müğənnilər artıq illərdir ki, “Xalq artisti” adı alıb. Mənə elə gəlir ki, bunun üçün də bir təqdimat yazılmalıdır. Əslində, mən “Xalq artistliyi”ndən daha çox evi gözləyirdim. Amma “Xalq artisti” adını hələ yeni almışam və mənim də üzüm ətdəndir, necə xahiş edim, axı?!  İnşallah, bir zaman gələr və mənə də mənzil verilər.

 – Biz bilirik ki, əməkdar artistlər və xalq artistlərinin toy qiyməti fərqli olur. Xalq artisti olandan sonra toy qiymətləriniz dəyişdi?

 – Hamı deyə bilər və hamı mənim sözümə şahid dura bilər ki, mən hər zaman xalqı “yola vermişəm” (Gülür). Mən özümə qiymət qoymamışam.

 – İndi sizə biri telefonla zəng etsə və ayın filan günündə bizim toydu desə, o toyda oxumaq üçün nə qədər pul tələb edərsiniz?

 – Deyərəm ki, nə olar, olar… Kimin nəyə imkanı çatırsa.

 – Bu günə qədər olan toylarda ən kiçik və ən böyük məbləği deyə bilərsinizmi?

 – Bu bəzilərinə gülünc gələ bilər, amma bəzən elə olub ki, mən öz pulumu yox, təkcə tar və kamançanın pulunu almışam.

– Zabit müəllim, Zeynəb Xanlarova ilə münasibətiniz necədir?

 – Mən uşaq vaxtı həsrətlə Zeynəb xanımın ifasını hər bayram konsertlərinin sonunda gözləyirdim. Zeynəb xanım mənim üçün əlçatmaz bir zirvədir. Mənim ağlım söz kəsəndən Zeynəb xanıma zirvə kimi baxmışam. Fəxr edirəm ki, Zeynəb xanmla 2 dəfə bir səhnədə oxumuşam.

 – Sizdən soruşsalar ki, Arif Babayev kafedradan getdikdən sonra onun yerinə kim müdir olsun, kimi təklif edərsiniz?

 – (Düşünür) Mən Arif Babayevin getməyini heç istəmərəm. Amma mənə elə gəlir ki, kimsə öz xoşu ilə harasa gedərsə, yəqin, öz yerinə bir xələf də təyin edər.

 – Bu xələflər arasında siz varsınız?

 – Mənə bir-iki dəfə sual veriblər ki, niyə siz Muğam Müsabiqəsində jürilər arasında deyilsiniz? “Ora mənim yerim deyil” cavabını vermişəm. Həm də mənim hələ 46 yaşım var və daha çox yaradıcılıqla məşğul olan vaxtımdır. Mənim aləmimdə bu vəzifəyə daha yaşlı adamların layiq görülməsi məqsədəuyğundur.

 – Muğam ifaçıları, musiqiçilərin çoxu deyir ki, “Mənsum İbrahimovun səsi monotondur”. Bəs siz necə düşünürsünüz?

 – Mənim fikrimcə, səs monoton yox, oxumaq monoton ola bilər. Buna baxmayaraq, Mənsumun çox yaxşı tələbələri var və Mənsum çox istədiyim sənətkarlardandır. Hərənin də bir oxumaq tərzi var. O da belə oxuyur.

 İncəsənəət adamında cəsarət olmasa, səhnəyə çıxmaz

 – Çoxları deyir ki, Azərbaycan muğam səhnəsində iki qruplaşma var – Qarabağ və Şirvan xanəndələri. Qarabağ qruplaşmasına – Arif Babayev, Şirvan qruplaşmasına – Alim Qasımov rəhbərlik edir. Səmimi deyin, daxil olduğunuz qruplaşmada qarşıya yönəli hansı addımlar atılır?

 – Mən bu sözlərlə razılaşmıram. Alim Qasımov heç bir qrupun üzvü deyil. Bunu hamı görür də, eşidir də… Qaldı ki bu Qarabağ və Şirvan məsələsinə, bircə bunu deyirəm: builki Muğam Müsabiqəsində mənim tələbəm Mirələm Mirələmov oxuyanda Arif Babayev özü bu məsələyə aydınlıq gətirdi ki, “Azərbaycanın bir muğamı var”. Mirələmi də qalib etdilər. Qruplaşma olsaydı, Mirələm qalib olardımı? Mənə elə gəlir ki, bu söz-söhbətlərə elə burdaca son qoyulmalıdır. Ola bilsin, bu sözü ortaya atıblar ki, musiqiçilərin arasında konflikt yaransın. Bu söhbətlə razılaşmıram, çünki biz hər zaman bir yerdəyik və Azərbaycan muğamını təbliğ və tədris edirik.

 – Sizcə, incəsənət adamlarında niyə cəsarət yoxdur?

 – İncəsənət adamında cəsarət olmasa, səhnəyə çıxa bilməz. Mənim aləmimdə ən cəsarətli adamlar sənət adamlarıdır.

 – Xanəndələrin muğamı fonoqramla oxumasına necə baxırsınız?

 – Televiziyada bəzi verilişlər olur ki, avadanlıq çatışmamazlığından biz orada fonoqram ilə oxumaq məcburiyyətində qalırıq. Elə dövlət tədbirləri də olur ki, orada səsucaldıcılar olmur. Amma səsim işləyirsə, mən heç vaxt fonoqram oxumuram.

 – Siz buna etiraz edirsinizmi?

 – Mən etirazımı yalnız özümə edə bilərəm və belə vaxtlarda hər zaman özümdən narazı çıxıb oxumuşam. Mən nəyinsə xatirinə belə oxumağa razı olmuşam və bu heç də ürəyimcə deyil.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button