FACEBOOKDA BİR GƏNCLƏ DARTIŞMA!

Əvəz Zeynallı

Sözüm Sənədir, cənab prezident!

Facebookda çox məşğul olmuram. Hələ bir az da zərərli olduğuna inanıram. Amma nə zaman ki işdə oldum, hər ehtimala açıq tuturam səhifəmi. Açığı, iş çox olanda sanki bir az da istirahət rolu oynayır facebook. Necəmi? Yorğun zamanlarında Oxucularla bəzi məsələlərdə dartışmaq adamı dincəldir. İstəmirsən, dərhal çıx…

Adətən, tanımadığım adamlarla heç bir polemikaya girmirəm. Ümumiyyətlə, burada polemikaya girmirəm. Çünki qarşındakı adamın kimliyini bilmirsənsə, onunla dartışmağa dəyməz. Amma tanıdığım adamla bəzən xırda, çox xırda fikir mübadiləsi aparmağa razılaşıram. O da qısa müddətə…

Bu günlərdə çoxdan tanıdığım bir gəncimizlə təsadüfən qəribə bir polemikaya girdim. Mənim milliyyətçi, vətənpərvər kimi tanıdığım və elə də bildiyim bu gənc sən demə, tamam başqa fikir yapısının içində imiş. Polemikanın gedişi mənə də maraqlı oldu və bəzi arqumentlərin qarşısında zorlansam da, axıra qədər dartışmağa qərar verdim. Maraqlı olduğunu düşünərək bu gənc xanımla apardığımız polemikanı Oxucuların diqqətinə çatdırıram…

 

– Salam, necəsən? Sənə bir yazı göndərirəm, oxu, amma gülmə…

– Niyə gülürəm ki… Oxudum… O zaman da düşüncəli idin sən… Hamımız eyni həyatı yaşamışıq… Bir az da öz uşaqlıq vaxtlarım yadıma düşdü…

– Mənsə oxuyub düşünürəm ki, bu cür problemlər uşaq psixologiyasına nə qədər mənfi təsir göstərə bilər?

– Bəlkə də elədir, amma bu tip düşüncələr həm də uşağı oxumağa və layiqli vətəndaş olmağa səsləyir… Kədər də sevinc qədər insana lazımdır və bu kədərli notlar… illər sonrasının yaxşı adamına çevirir həm də uşaqı…

– Mən layiqli vətəndaş ola bilərəm, bəs vətən layiqdirmi mənim layiqliliyimə?

– Vətən hər zaman ən yaxşısına layiqdir, çünki hər şeyə görə bu Vətənə borcumuz var…

– Yox, mən patriot deyiləm, üzrlü hesab et.

– Ola bilir…

– Zəlimxan Yaqub deyirdi ki, məhəbbətdən başımda bir damcı yer qalmayıb ki, başqa şey haqda düşünəm.

– )))Allah məhəbbətini bol eləsin…

– Yox, bir dayan, başqa şey deyirəm.

– De…

– İndi mənim ürəyimdə patriot hisslərin istirahət etdiyi sanatoriyanı yaşadığım problemlərin qaçqın əziyyətləri zəbt eləyib…

– Feylosofanə…

– Gördüklərimdən sitat gətirirəm… Sən hansı vətəndən danışırsan ki, o vətəndə bir qismət çörəyi iynəylə gor qazıb qazanırsan, ama onu da burnundan gətirirlər və nəticədə özünü o əziyyətlə qazdığın gorda tapırsan.

– Söhbət təkcə patriotluqdan getmir…

– Yəni sən yaşadıqca özünə gözəl həyat tərzi deyil, gor qazanırsan…

– Nə olursa olsun, biz vətəndaşıq axı…

– Elə ömrün boyu bu məsuliyyətlə yaşa və sonda gör ki, heç nə qazanmamısan. İnsan dünyaya bir dəfə gəlir.

– Bütün hallarda mübarizə aparmaq, döyüşmək, gələcəyin övladları üçün çarpışmaq lazımdır…

– Mənim üçün çarpışıblarmı ki, mən də gələcək üçün çarpışım? Onlar necə öz mənfəətlərini güdüblər, mən də elə…

– Bir dəfə gəldiyim üçün də döyüşmək mənim alın yazımdır…

– Axı nə uğrunda? Vətən sənə nə verib? Hava, su, torpaq? Sənə nə verirsə, Allah verir. Məni dəli hesab eləmə…

– Bax, gündəlik əziyyətlər səni aparacağın böyük mübarizələrdən çəkindirməməlidir… Kim deyir ki, biz yeni dünya quracağıq?

– Mən mübarizə aparmaq barədə heç vaxt düşünməmişəm. Amma yaxşı yaşamaq uğrunda mübarizə aparıram…

– Bəli, ədalətsizliklər var, həyat bəzən çəkilməz olur… Amma inan ki, insan boş dayansa, ölər…

– Əslində, elə sən də, mən də yaşamaq üçün savaşırıq. Mən belə düşünürəm, vətən üçün yox.

– Yaxşı yaşamaq uğrunda aparılan mübarizə, yaxşı yaşamaq şərtləri təmin olunduğu an bitir…

– O şərtlər hələ bizim yorğana görə deyil axı…

– Düşünsənə, indi sənin hesabınla Kəmaləddin Heydərov, Ziya Məmmədov və daha bir sürü talançı xoşbəxt olmalıdır?.. Amma elə deyil axı… Onlar xoşbəxt ola bilməzlər…

– Amma xoşbəxtdirlər.

– Biz təkbaşına xoşbəxt ola bilmərik!

– Mən onları qınamıram bəzən…

– Onlar xoşbəxt deyillər…

– Qanları belədir.

– Onların yaşamı yaşam deyil…

– Niyə?

– Çünki təkbaşına xoşbəxt olmaq istəyirlər. Amma insan yalnız milləti ilə bir yerdə xoşbəxt ola bilər…

– Mənim fikirlərim heç kimin fikri ilə üst-üstə düşmədiyi üçün söhbətim alınmır.

– Mən fərqli fikirlərə hörmətlə yanaşıram…

– Hə… bax vətən dediyin böyüdür bizi öz eniş-yoxuşuyla…

– Hə… Vətən hamımızı böyüdür… Ona görə də bizi böyüdənə həmişə minnətdar olmalıyıq… Deyilmi?

– Yox. Mən dünyaya gələndə vətənlə müqavilə bağlamamışdım ki, sən məni böyüt, mən də sənə böyüyəndə minnətdar olacam. Mənə sual verilsəydi, şərtlər təklif olunsaydı, ya razı olmazdım, ya da başqa şərtlərlə gələrdim dünyaya…

– Heç ata-ana ilə də müqavilə bağlamamışıq…

– Bəli, onlar öz məqsədləri üçün gətiriblər məni dünyaya. Buna görə mən niyə minnətdar olmalıyam?

– O məntiq doğru deyil axı… O zaman işin içindən çıxmaq olmaz…

– Niyə çıxmaq olmur? Mən azad insanam, vəssalam…

– Biz səninlə bir-birimizə niyə hörmət edirik, səninlə müqavilə bağlamamışıq ki…

– Münasibətlər var axı ortada?

– O zaman gərək insan sevməyə, evlənməyə. Sənin məntiqinlə düzgün deyil…

– Bunun dünyaya gəlməyə nə dəxli var? Hisslər, münasibətlər ayrı mövzudur.

– Həyat təkcə sərt müqavilə məntiqindən ibarət deyil axı…

– Mənim öz məntiqlərim var. Həyatın məntiqləri ilə yaşasam, qəbrimin üstündə bir qarış ot bitərdi…

– İnsanların bir-birinə bəslədiyi hisslər və münasibətlər də nəhayətində “Vətən” anlayışını gətirir… Nədir ki Vətən – Sən, mən, o, biz, siz, onlar…

– O necə olur? O yolu mənə təsvir elə, deyim hə. Sən, mən …xalqdır, vətən doğulduğun torpaqdır. O torpaq ki, üstündə yaşadığın hər dəqiqə sənə zülümdür. Niyə yaşayırsan? Get özünə yeni torpaq tap… Harada ki xoşbəxt və firavan olacaqsan…

– Bir-birimizin bir-birimizə bəslədiyimiz hisslər, bir-birimizlə yaratdığımız münasibətlər doğrudur, xalqı formalaşdırır… Amma o xalq da bir yerdə yaşayır axı!..

– Yazdım axı! O yaşadığın yer səni mutlu etmirsə?! Axsayan vücudun bir parçası olsa belə, kəsib atmağı bacarmalısan!

– Yaşadığın evi necə uçura bilərsən, o, sənin evindir axı… Xalqın da evi Vətəndir…

– Satıb yenisini ala bilərəm, əgər problem varsa. Vətəni satıb yenisini almaq olmur amma…

– Vətəni satmaq olmaz!…

– Əgər başqa evə köçüb yaşamaq azaddırsa, niyə köçməyim? Köçərəm. Məhkum deyiləm ki, o evin törətdiyi problemlərlə yaşamağa.

– Bu torpaq parçasında bir quldur dəstəsi hakimdirsə və bu quldur dəstəsi insanları canından bezdiribsə, sən niyə torpaq parçasını – evi – Vətəni suçlu bilirsən ki? Anlamaq olmur bu məntiqi…

– Onlar mənim məntiqimlə yaşasaydılar… Mən vətəni suçlu bilmirəm ki…

– Çətinliyi və zülmü yaradan insanlarla problemin yoxdur? Mübarizə aparıb bu insanları təpədən aşağı tullamaqdansa, “gedərəm” deyirsən…

– Sadəcə, burada insanlar mənim məntiqimlə yaşamadığı üçün mənə çətindir yaşamaq.

– O ayrı məsələdir… O zaman özünün dünyanı axtarmalı, tapmalısan… Digər insanların da düşüncələrinə hörmətlə yanaşmalısan…

– İnsanlar məntiqsizdirlər və mən niyə onlarla, bu fikirlərlə yaşamağa məhkumam! Bax sən də qəbul edə bilmədin məni…

 

Beləcə, bir Azərbaycan gənci ilə, müasir bir Azərbaycan gənci ilə Vətən və torpaq üzərinə apardığımız qısa polemika belə də nəticələndi. Mən mümkün olduğu qədər normal yanaşıram bu polemikaya, amma mənim tanıdığım, dəyər verdiyim bir gənc Vətən anlayışına bu qədər laqeyd münasibət göstərirsə, narahat olmaya bilmədim. İllərdir, canlı yayın və azad mətbuat deyə özümüzü buna görə öldürürük. Gör ölkə gəncliyi nə qədər praqmatik olub?! İnanın, tanımadığım gənc olsaydı, bəlkə də əsəbiləşərdim, amma bu mənim tanıdığım, ümid bəslədiyim gənclərdəndir axı. Deməli, bir şeyləri yanlış etmişik. Deməli, bu ölkədə bir şeylər yanlış istiqamətə yuvarlanır. Millətin efirləri açılmasa, qəzetlər həqiqətən müstəqil olmasa, gəncliyimiz doğru istiqamətə getmir və bundan narahat olacaq birinci insan cənab İlham Əliyevin özüdür!

Sənə belə gənclik lazımdırmı, onlar niyə bu Vətəndən bu qədər narazıdır, Cənab İlham Əliyev!?

Düşünməyə vaxtın və zamanın varmı, hörmətli dövlət başçısı?!

OLMALIDIR  AMMA!!!

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Vətənsevənlərin bir qisminin qolu və ayağı yox, çox qisminin normal yaşayışı yox. Qolu,ayağı və normal yaşayışı olan isə bu reallığı görüb necə VƏTƏNi sevsin, vətənsevərlərə qoşulsun,VƏTƏNPƏRVƏR olsun….. Kimdi buna günahkar?

  2. Hmmm. Urekacici deyil, amma realliqdir. Aci realliq. Men o gencde teqsir gormurem, milleti canindan bezdiribler, hec neye sevgi qalmayib, butun deyerler deyerden dushub, total umidsizlik, laqeyidlik, biganelik… Butun bunlarin da bir sebebi var, insanlara sechim azadligi, realize olunmaq imkani taninmir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button