Faiq Əmirlinin ittiham olunduğu iki maddəyə xitam verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkillərinin Baş Prokurorluğa verdiyi vəsatət qismən təmin edilib.

Bu barədə Trend-ə açıqlamasında F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev bildirib.

Vəkil qeyd edib ki, vəsatət əsasında F.Əmirlinin cinayət işində olan 2 maddəyə xitam verilib: “Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirdi. İstintaq başa çatan ərəfədə biz Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə vəsatət qaldırıb cinayət işinə xitam verilməsini istəmişdik. İdarə vəsatətlərimizi təmin etməmişdi. Biz bununla bağlı Baş Prokurorluğa şikayət etdik. Baş Prokurorluq şikayəti qismən təmin etdi və Faiq Əmirlinin ittiham olunduğu iki maddə – Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə xitam verildi. Hazırda Faiq Əmirli Cinayət Məcəlləsinin 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. İş artıq həmin iki maddə ilə Səbail rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. F.Əmirlinin barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button