Famil Mehdi sayağı…

Cabir Albantürk – 50

Şair-publisist Cabir Albantürk 6 may 1961–ci ildə Quba bölgəsinin Alpan kəndində anadan olub. Şeirləri, məqalələri 1983–cü ildən dövri mətbuatda və ədəbi toplularda çap olunur. Əvəllər C.Ağayev, C.Zaman, C.Alpoğlu imzaları ilə çıxış edib. 1997–2000–ci illərdə Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri olub. O, yaradıcı əlillərin 2-ci, 4-cü və 5-ci Ümumrespublika yaradıcılıq  baxış-müsabiqələrinin də qaliblərindəndir.

O, istedadlı qələm adamı olmaqla yanaşı, təşəbbüskar ictimaiyyətçi kimi də tanınır. Belə ki, C.Albantürk Dünya Azərbaycanlıları Kongresinin, Qarabağ Azadlıq Təşkilatının və “Gözdən Əlillər Cəmiyyəti”nin fəal üzvlərindəndir.

Cabir Albantürk

“Mənim Qarabağım mənim deyilsə”,

Qeyrət damarımda qanım deyilsə…

Bu düşük dövranın məngənəsində

Ocaq əldən gedər köz həvəsində…

Allahsız, imansız azar ağıllar,

Haçandı Kərbəla çölüdü yurdum;

Qırılıb millətin beli oğlullar,

Viran torpağımın əvəzi – yardım…

Sonu olacağmı bu “son” zillətin?!

Özgə qoltuğundan çıxan millətin.

Özgə tapdağına dözməsi asan,

Bunu düşünübmüş o plan cızan.

İçimin düşməni çölümdən betər,

Soyuyur sabahım yurd sevgisindən.

Gedir sevənlərin zəhməti hədər,

Vətən yeyənlərin qurd sevgisindən.

Vətəni yeyənlər vətən qorumur,

Torpaq al-veriylə tapdanıb hər şey…

Vətəni qorumaq ana haqqıdı,

Sığınıb mənliyə, söylənib ərşə.

Üyünür bu millət bu nəs hoqqada,

Çəkir kölə səbrin suyunu boşluq…

Başını saxlayır başı olanlar,

Leşini saxlayır naşı olanlar,

Quranı satırlar, dini satırlar,

Torpağı satırlar, qanı satırlar,

Allahın verdiyi canı satırlar,

Bircə hava qalıb havalanmağa…

Qaziləri sındırılan məmləkət,

Dustaqları söndürülən məmləkət…

Çıxmasa millətdən padşah qorxusu,

Qazamat qorxusu, şallaq qorxusu,

Tutmasa yerini Allah qorxusu,

Bu gündən də betər sabah qorxusu…

Yenə nicatımız qalar sabaha,

Sabahsa bu gündə yetişir qağa…

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button