Famil Xəlilov: “Siz mənim yerimdə olmasanız, məni başa düşməzsiniz”
Yayımlandı: 12 Sentyabr 2024 19:15
“Heç bir günahınız olmadan bir gün əli-qolu bağlı həbsdə qalıb, bu vəziyyətdə tualetə getsəniz, o zaman məni başa düşərsiniz”
Sosial şəbəkələrdə hökumətlə bağlı tənqidi paylaşımlar edən I qrup əlil Famil Xəlilov 28 gündür ki, həbsdə aclıq aksiyasını davam etdirdiyini bildirib. O, sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində deyib ki, aclığı davam etdirir.
Onun işinə bu məhkəmədə Azər Tağıyevin sədrliyilə, Elnur Nuriyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.
Budəfəki məhkəmə prosesində Famil Xəlilov bildirib ki, 28 gündür aclığı davam etdirir və dayandırmaq niyyətində deyil.
Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev də deyib ki, onun səhhətinin nəzarətdə saxlanması üçün istintaq təcridxanasına tapşırıq verib:
“Hakim olaraq, mənim üçün şəxsin sağlamlığı çox vacibdir”.
Famil Xəlilov bildirib ki, ona xüsusi həkim həzarəti və ya ayrıca kömək yoxdur.
İctimai fəalın vəkili Bəhruz Bayramov onun hər iki qolunun iflic olması, aclıq nəticəsində vəziyyətinin daha da ağırlaşması və s. halları nəzərə alaraq, həbs qətimkan tədbirinin dəyişməsini və ev dustaqlığına buraxılmasını istəyib.
Prokuror vəsatətin əleyhinə çıxıb.
“Prokuror vəsatətin təmin olunmamasını istəyir, lakin bu fikrini əsaslandırmır. Xahiş edirəm, əsaslandırsın ki, niyə mən həbsdən buraxılmayım”, – Famil Xəlilov bildirib.
Hakimlər də vəsatəti təmin etməyib.
Famil Xəlilov üzünü hakimlərə tutaraq deyib:
“Deyirsiniz ki, təcridxanaya mənimlə bağlı tapşırıq verilib. Mənə yoldaşım onsuz da yaxşı baxırdı. Mən niyə kiməsə möhtac olmalıydım? Siz hakimlər heç bir günahınız olmadan bir gün əli-qolu bağlı həbsdə qalsanız, bu vəziyyətdə tualetə getsəniz, o zaman məni başa düşərsiniz. Siz mənim yerimdə olmasanız, məni başa düşməzsiniz. Mən 28 gündür acam, bir gün ac qala bilərsiniz?”.
Famil Xəlilovun işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı sentyabrın 26-na təyin olunub.
1990-cı il təvəllüdlü Famil Xəlilov Bakı İstintaq Təcridxanasında saxlanılır.
İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, Azərbaycana deportasiya ediləndən bir müddət sonra – mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Həyat yoldaşı Kiçikxanım Xəlilova da narkotik ittihamının saxta olduğunu deyir. O bildirir ki, həyat yoldaşı sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, hokumətdən insanların hüquq və azadlıqlarına hörmət tələb etdiyinə görə şərlənərək həbs edilib.
O bildirir ki, həyat yoldaşı saxlandığı gün Sulutəpə qəsəbəsində kirayə yaşadıqları evə 10 nəfərdən çox polis əməkdaşı gələrək, Famil Xəlilovu zorla sürüyüb aparıblar:
“Famil birinci qrup əlildir, qollarının hər ikisi iflicdir. Onu yedirmək, geyindirmək, bir sözlə, bütün ehtiyaclarını mənim köməyimlə qarşılayır. Elə polislər evimizə basqın eləyəndə də onu hamamda yuyundururdum, qapı döyüləndə qızım açıb. Qırmızı-qırmızı yalan danışırlar ki, guya evdən narkotik tapıblar. Əgər narkotikə görə gəlmişdilərsə, o zaman kompüteri aparmazdılar”.