Famil Xəlilovun ayaqlarının da tutulduğu bildirilir
Yayımlandı: 29 Oktyabr 2024 14:52
İctimai fəal aclığı dayandırmaq istəmədiyini deyib
Həbsdə olan ictimai fəallardan I qrup əlil, hər iki qolu iflic olan Famil Xəlilovun artıq ayaqlarının da tutulduğu bildirilir. Bu barədə onun həyat yoldaşı Kiçikxanım Xəlilova məlumat verib.
Kiçikxanım Xəlilova oktyabrın 29-da Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında həyat yoldaşı ilə görüşüb. Onun sözlərinə görə, Famil Xəlilov avqustun 15-dən başladığı aclığı davam etdirir.
Famil Xəlilovun qolları iflic olduğuna görə həyat yoldaşına həftədə iki dəfə təcridxanaya gedib, onu yuyundurmağa icazə verilib. Kiçikxanım Xəlilova deyir ki, iki ayyarımdır davam edən aclıq nəticəsində həyat yoldaşı 36 kiloqram çəki itirib.
O vurğulayıb ki, Famil Xəlilov artıq yeriyə də bilmir. Üstəlik, kəskin ağrılardan əziyyət çəkir.
Kiçikxanım Xəlilova əlavə edib ki, səhhətindəki problemlərə baxmayaraq, həyat yoldaşı aclığı davam etdirməkdə israrlıdır: “Heç bir cinayət törətmədiyi halda, bu vəziyyətdə adamı aylardır həbsdə saxlayırlar”.
34 yaşlı ictimai fəal Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılır.
Hazırda mühakiməsi davam edən bir çox ictimai-siyasi fəal kimi, Famil Xəlilovun da məhkəməsi Bakıda keçiləcək COP29 beynəlxalq iqlim konfransından sonraya təxirə salınıb. Onun işi üzrə oktyabra təyin edilmiş məhkəmə iclası noyabrın 28-nə keçirilib.
Mayın 2-dən narkotik ittihamı ilə həbsdə olan Famil Xəlilov məhkəmədə bildirib ki, hər iki qolu işləmədiyinə görə təcridxanadakı vəziyyətdə zəruri ehtiyaclarını ödəyə bilmir. Vəkilləri məhkəmə iclaslarında iki dəfə ev dustaqlığına buraxılması barədə vəsatət qaldırsalar da, hakimlər təmin etmir.
İttihama əsasən, 1990-cı il təvəllüdlü Famil Xəlilov mayın 2-də Abdullayev küçəsində gedəndə Binəqədi polisinin əməkdaşları onu şübhəli şəxs kimi saxlayıb. Onu bölməyə gətirib, üstünə baxış keçirəndə şortikinin cibindən 13, 736 qram metamfetamin çıxıb.
Famil Xəlilov isə bildirib ki, ittihamda yazılanların hamısı başdan-ayağa yalandır: “Mən təqsirləndirilən şəxs deyiləm, şərlənən şəxsəm”.
İctimai fəal əlavə edib ki, həbsinin səbəbi ölkədəki ədalətsizliklər, hakimiyyətin özbaşınalıqları barədə sosial şəbəkələrdəki çıxışları, yazılarıdır. Buna görə onu narkotiklə şərləyiblər.
“Həmin yazıları kompüterdə ayaq barmaqlarımla yazırdım. Yəni məni ayaq barmaqlarımla yazdığım yazılara görə şərləyib bura salıblar”, – Famil Xəlilov bildirib.
İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, 2023-cü ilin yayında Azərbaycana deportasiya edilən və bu il mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.