Fazil Məmmədovdan radikal qərarlar: bütün rəhbərliyi işdən çıxardı, qardaşı qızına vəzifə verdi

Dəfələrlə qeyd etdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı bankda aparılan araşdırmalar situasiyanın ağır olduğunu təsdiqləyib və təcili dəyişikliklərin zəruri olduğunu üzə çıxarıb.
Lakin sabiq nazirin bankda vəziyyəti düzəldəcəyini vəd etsə də, buna heç cür nail ola bilmədiyi xəbər verilirdi. Xural.com xəbər verir ki, “AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan yeni məlumata görə, Fazil Məmmədov, nəhayət, səhhətindəki ciddi problemlərə baxmayaraq, dünən şəxsən özü “AtaBank”ın baş ofisinə gedib, yerindəcə bankın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub.
Lakin Fazil Məmmədovun yeni təyinatları da hamını təəccübləndirib. Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına sədri, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən Samir adlı şəxsi isə İdarə heyətinin sədr əvəzi təyin edib. Eyni zamanda, filiallardan birinin müdiri də sədr müavini təyin olunub. Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev hələ ki vəzifələrində qalsalar da, onların da işdən azad olunacaqları gözlənilir. Hazırda bankda qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir.
Qeyd edək ki, eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü, İdarə Heyətinin sədri Dəyanət Quliyevlə müavini Etibar Babaşlı arasında kəskin konfiliktin olduğu, bu səbəbdən bankda ciddi dəyişikliklərin olacağı barədə məlumatlar vermişdik. Son dəyişikliklər həmin məlumatları təsdiqləmiş oldu.
Ancaq mənbə hesab edir ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Hazırda bankın rəhbərliyindəyüksək peşəkarlığı ilə seçilən, bankı inkişafa doğru aparacaq kadrların olmadığı bildirilir.
Fazil Məmmədovun şəxsən banka gələrək, kadr dəyişikliyi etməsi də bir mənalı qarşılanmır. Məlum idi ki, bank barədə kompleks araşdırmalar həyata keçirilib. Bunun nəticəsi olaraq, bankın vəziyyətinin düzəldilməsi eks nazirdən tələb olunub. Bu isə ağır xəstəliyinin olmasına baxmayaraq, Fazil Məmmədovu müəyyən qərarlar qəbul etmyə vadar edib.
Lakin hesab olunur ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və bankı ağır vəziyyətdən çıxarmağa kömək etməyəcək. Fazil Məmmədovun isə bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.
“AtaBank”ın özündən isə toplantının və rəhbərlikdə dəyişiliklərin olduğunu FED.az-a təsdiqləyiblər. Lakin məsələ ilə bağlı geniş məlumat verilməyib. Bildirilib ki, bank tərəfindən ictimaiyyətə rəsmi açıqlama veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button