Fazil Məmmədovun mandatını daşıyan 2 əməkdaş bir-birini inkar edə bilməz… – VIDEO

 30.01.2013

Əvəz Zeynallı: “Siz necə ekspertsiniz ki, Gülərin kabluk səsindən başqa bir şey düşməyən 17 dəqiqəlik səsyazısına cəmi 2 saata ekspert arayışı vermisiniz, amma Gülər Əhmədovanın açıq-aydın heç bir əziyyət çəkmədən, ağı qaradan seçən məşhur videoçarxlarını 4 aydır ki, ekspertizadan keçirib qurtara bilmirsiniz?”

Prokuror Ramazan Hadıyev: “Ekspert bu suala cavab verməməlidir…”

Hakim Ramella Allahverdiyeva: “O özünün xidməti borcunu yerinə yetirir…”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Proses zamanı Ə.Zeynallının şahidi qismində “Ümid” partiyasının sədr müavini Aynur İmranova ifadə verib. O bildirib ki, baş redaktor həbs olunan gün, yəni 2011-ci il oktyabrın 28-də onu “Kanal 13” İnternet televiziyasına qonaq qismində dəvət edib. Saat 17.00 radələrində canlı yayında verilişin başlanmasına baxmayaraq Əvəz Zeynallı  saat 16.50-də Aynur İmranovaya zəng vuraraq redaksiyanın ünvanını soruşub. Bundan cəmi 2 dəqiqə sonra isə A.İmranova Ə.Zeynallıya zəng vurarkən, o “məni mülki geyimli adamlar aparırlar, hara apardıqlarını da bilmirəm…” deyib. A.İmranova bunun bir zarafat olduğunu düşünsə də sonradan Ə.Zeynallının səsinin getdikcə uzaqlaşmasından başa düşüb ki, onun əlindən mobil telefonunu kimlərsə alıb: “Mən canlı yayında verilişin aparıcısı olduğum üçün, verilişdən sonra araşdırma apardıq və Ə.Zeynallının həbs olunduğunu öyrəndik”. Bundan sonra Ə.Zeynallı A.İmranovaya suallar verib. Verilən suallardan məlum olub ki, Əvəz Zeynallı həbs olunan zaman ona məxsus mobil telelefonlar yanınd olub. Halbuki artıq bir neçə məhkəmə prosesidir ki, baş redaktorun mobil telefonlarının həbs olunarkən əlindən alınması ilə bağlı qaldırdığı vəsatətlər açıq qalır. Beləki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məsul şəxslərinin məhkəməyə təqdim etdikləri arayışda göstərilir ki, Ə.Zeynallı həbs olunarkən onun üzərində mobil telefon olmayıb. Baş redaktor isə ona məxsus Nokio və Blackberry markalı telefonların “oğurlanarkən əlindən alındığını və bir daha geri qaytarılmadığını” dəfələrə məhkəmədə bildirib və bununla bağlı vəsatət qaldırıb: “Həyasızlığın bu həddini də gördük. Necə olur ki, məni həbs edəndən sonra, həbsimlə bağlı ilk informasiyanı mobil telefonumla özüm vermişəm? Əlimdən telefonlarımı alan Rəsulov Fuad Mirmehdi oğlu haqqında da KQMİ-nin rəhbərliyinə, Baş Prokurorluğa şikayət etmişəm. Hətta bu adamı həmin an müstəntiqə göstərib demişəm ki, mənim telefonlarımı bunun əlindən alın. Müstəntiq Qabil Qasımov da deyib ki, onun buna səlahiyyəti çatmır – Səlahiyyəti çatmadığı üçündür ki, adamın vəzifəsini qaldırdılar. Bu qədər də ağ yalan olar?  Utanmadan deyirlər ki, telefonlarımı bunlar götürməyiblər. Onlar istintaqa saldıqları saxta SMS-lərə görə telefonları qaytarmaq istəmirlər. Saxtalıqlarının üstünün açılmasını istəmirlər.” Şahid Aynur İmranova baş redaktor həbs olunarkən mobil telefonların onun özündə olduğunu bir daha təsdiqlədi.

Ə.Zeynallının vəsatətləri əsasında məhkəmə prosesinə çağırılmış Ədliyyə Nazirliyinin  Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlhamə Quliyeva ifadə verdi. Ə.Zeynallı şahidə 3 sualla müraciət etdi: 1. Gülər Əhmədovanın istintaqa təqdim etdiyi səsyazısına rəy verərkən, ekspertin “onlar arasında razılaşma hiss olundu” ifadəsi nəyə əsaslanaraq sənədə daxil edilib. 2. Ekspert rəyində göstərilir ki, “q diktor, yəni Gülər Əhmədova haqqında qəzetdə dərc oluncaq şantaj yazıların dayandırılması üçün baş redaktorla anlaşır” cümləsini yazarkən “şantaj” deyəndə nəyi nəzərdə tutub? 3. Ekspert İ.Quliyeva səsyazısında Ə.Zeynallının səsi ilə deyil, G.Əhmədova tərəfindən deyilən “10 min manat” kəlməsini nəyə əsaslanaraq onun adından təqdim edib?“

İxtisasca rus dili və ədəbiyyatı müəllimi olan ekspert İ.Quliyeva suallara dolayı yollarla cavab verməyə və özünə haqq qazandırmağa çalışdı. O səsyazısında Ə.Zeynallı ilə G.Əhmədova arasında gedən söhbətin müaliyim olduğunu təsdiqlədi, lakin ekspert rəyində hansı dəlilə əsasən baş redaktorun deputatı şantaj etdiyini əsaslandıra bilmədi. “Şantaj yazıları” məsələsinə gəlincə isə, İ.Quliyeva hər iki şəxs arasında gedən danışıqlarda hansısa anonsdan söhbət getdiyini anladığını və buna əsaslanaraq ortada şantaj olması qənaətinə gəldiyini bildirdi. Ə.Zeynallı, “siz mətbuatda çalışmısınızmı?”, “Yox”, “O zaman söhbətin hansısa anonsdan yox – özü də anons məsələsinə burada artıq aydınlıq gətirilib. Mən G.Əhmədovanı narahat edəcək heç bir anons dərc etməmişəm, etmişəmsə, 9 ayda ittihamçı tərəf bunu təqdim edərdi – G.Əhmədovanın xahişindən getdiyini bilərdiniz. G.Əhmədova həmin səsyazısında mənə yalvarırki, qardaş sənə məndən nə gətirsələr dərc etmə, hətta müsbət nə olsa da dərc etmə. Mən o zaman bunun nə demək olduğunu bilmirdim. Amma E.Abdullayevin açıqlamalarından məlum olur ki, o məşhur “mandat alveri” videoçarxlarını mçəhz həmin ərəfədə müvafiq orqanlara göndərib. Gülər də qorxub ki, həmin videolar mənə də müstəqil mətbu orqan kimi göndərilə bilər və mən onu dərhal dərc edərəm. Hörmətli xanım, indi bildinizmi, söhbət nədən gedib? Siz bilmədiyiniz şeylər haqda nə cür cəsarət edib, quru ehtimallara əsaslanıb rəy yaza bilirsiniz? Mən bilirəm ki, sizə əmr veriblər ki, ekspert rəyi məhz bu cür hazırlanmalıdır. O zaman siz niyə etiraz etmədiniz ki, məni cinayətə sövq etməyin? İnsanların taleyilə oynamaq bu qədər asandır sizə?”  İ.Quliyeva Ə.Zeynallının üçüncü sualına da konkret cavab verə bilmədi. O səsyazısınən sintaksis və linqvistik təhlilini verdiyini söyləsə də, rəyə daxil etdiyini ümumi nəticələrin nəyə əsaslanaraq qeyd olunduğunu izah edə bilmədi.

 Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti Lətif Əliyev Ə.Zeynallının “Sizə 2 səsyazısı təqdim olunub. Onarın hansı birinci, hansı ikinci olub?” sualını cavablandıra bilmədi. O qeyd etdi ki, bunu bilmək üçün mütləq səsyazısının original variantı olmalıdır ki, onlara təqdim olunan səsyazısı da original olmadığı üçün bunu müəyyənləşdirə bilməyiblər: “Bizə təqdim olunan səsyazısı rəqəmsal avadanlıqda yazılıb, onlardan biri mp3 formatında olub, diğəri isə sonradan mp3 formatına konvertə olunub”. Ə.Zeynallı, “bunu müəyyənləşdirmək üçün mənim özümə də müraciət etmək olardı” dedikdən sonra da baş ekspert bunu etməyə lüzum olmadığını söylədi. “Siz buna lüzum olmadığı üçün bir altı-üstü bilinməyən ekspertt rəyi hazırlamısınız və orada da ağlınıza gələnləri yazmısınız. Bu cür rəy hazırlamaq olar? Bilmirsiniz ki, adam qalxar və bunun hesabını qanun çərçivəsində sizdən soruşar? Siz necə ekspertsiniz ki, Gülərin kabluk səsindən başqa bir şey düşməyən 17 dəqiqəlik səsyazısına cəmi 2 saata ekspert arayışı vermisiniz, amma Gülər Əhmədovanın açıq-aydın heç bir əziyyət çəkmədən, ağı qaradan seçən məşhur videoçarxlarını 4 aydır ki, ekspertizadan keçirib qurtara bilmirsiniz?”

Prokuror Ramazan Hadıyev: “Ekspert bu suala cavab verməməlidir…”

Hakim Ramella Allahverdiyeva: “O özünün xidməti borcunu yerinə yetirir…”

Daha sonra məlum oldu ki, eyni gündə, yəni 2011-ci il oktyabrın 20-də G.Əhmədovanın KQMİ-nə təqdim etdiyi səsyazısı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunub, elə həmin gün bu mərkəzin ekspertləri ekspertiza arayışını hazırlayıblar və elə həmin gün Respublika Prokurorluğuna təqdim ediblər. Elə həmin gün də Respublika Prokurorluğu həmin arayış əsasında istintaq işinə başlayıb. “Azərbaycanda bu sürətlə ancaq siyasi sifariş olan işlər gedə bilər. Yoxsa cəmi bir günün içində bu məmləkətdə bir neçə qurumun ildırım sürətilə işləməsi insanda istehza doğurur. Belə fantastik sürət ona görə lazım idi ki, mənə qarşı aparılan əməliyyat həbsimlə nəticələnsin.”

Məhkəmənin Ə.Zeynallıya qarşı qaldırılmış AR CM-nin 213.1 maddə üzrə prosesə dəvət etdiyi ekspert də Ə.Zeynallının vəsatəti əsasında dinlənilmədi. Məhkəmə Vergilər Nazirliyinin xüsusi qərarlara əsaslanan Audit şöbəsinin əməkdaşı Elçin Əliyevi dinləməkdən imtina etdi. Ə.Zeynallı: “Mən başa düşə bilmirəm. Necə ola bilər ki, Vergilər Nazirliyi bizə qarşı əsasız iddia qaldırsın, onun bir əməkdaşı heç bir əsas olmadan bizə qarşı ağlasığmaz məbləğdə cərimə iddiası qaldırsın, digər əməkdaş isə gəlib, burada onun dediklərini inkar etsin? Belə şey olarmı? Vergilər Nazirliyinin, Fazil Məmmədovun mandatını daşıyan 2 vergi mütəxəssisi bir-birlərini inkar edə bilərlərmi? Ona görə xahiş edirəm ki, bura müstəqil, heç bir qurumla bağlılığı olmayan, beynəlxalq təşkilatların əsasnamələrilə çalışan müstəqil ekspertlər dəvət olunsun…”

Ə.Zeynalının bu vəsatəti qəbul olundu.

Məhkəmə prosesi 2013-cü il fevralın 6-da saat 14.00-a təyin edildi.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button