Fazil Mustafa Əvəz Zeynallı ilə “Qaynar Qazan”da: “Elman Rüstəmov nə deyirsə, onu tərsinə eləyin”- III hissə-VİDEO

Fazil Mustafa: “Əli Kərimli həm də yaxşı hüquqşünasdır, universitetdə ən yaxşı oxuyan tələbə olub, bizdən də yaxşı oxuyub”

 

“Qaynar Qazan”da bu dəfə Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafadır.

Digərlərindən fərqli olaraq, zəng edib fikrimizi bildirən kimi, dərhal razılıq verdi. Bəli, indiki zamanda və məqamda bu, bizim üçün çox önəmlidir. Çünki “Qaynar Qazan”ın fəaliyyət göstərdiyi 1 ilə yaxın müddətdə aylardır müsahib kimi iştirak edəcəyini desələr də, bizi yola verənlər də az deyil. Və bunlar sıravi adamlar deyil – sözü olan, hər gün meydanda görünən və danışan insanlardır. Fazil Mustafa onların əksəriyyətindən fərqli olaraq, çəkinmədən “Qaynar Qazan”a gəldi. “Azərbaycan” nəşriyyatında, Strateq.az saytının otağında söhbətləşdik…

Ona suallar yağış kimi yağmışdı. Təxminən, 80-85 sual arasından 65-70-ni ünvanladıq.

İnsanlar çox həssasdırlar və heç kim heç nəyi unutmur. Fazil Mustafa da istisna olmadı və siyasi həyatının ən ziddiyyətli məqamlarından tutmuş günümüzə qədər ona vermədik sual qoymadılar. Fazil bəy də o sualların hamısını – mümkün olduğu həddə cavablandırdı. Bütün suallarımızı verə bilməsək də – buna vaxt da imkan vermirdi, 2 saat necə gəlib-getmişdi, xəbərimiz olmamışdı – vacib saydığımız sualların hamısı ünvanlandı.

Fazil Mustafa həm də ona görə belə hədəfdədir ki, insanlar zamanında ona inanıb. O özü indi bu adamlara nifrət etsə də, hər addımda onları ağır sözlərlə tənqid etsə də, Fazil bəy də yaxşı bilir ki, ondan gözləntilərin qayıtmamasının ağrısıdır bu suallar həm də. Zamanın enişli-yoxuşlu yolları AXC-nin şanlı-şöhrətli oğullarını hakimiyyətin qapısının astanasında boy sırası ilə düzdü. Onlar – Azərbaycana müqəddəs azadlıq duyğularını qazandıran, rus tankı ilə kəllə-kəlləyə gələn, düşmən generallarının qorxulu röyası olan bu cəngavər cavanlar bir-bir səngəri dəyişdilər. Onlar indi müxtəlif səngərlərdə bir-birinə hər növ silahdan atəş açırlar – hətta qadağan olunmuş silahlardan da. İnsanları ağrıdan budur, əslində. Onlar Sovet təbliğat maşınının qarşısında dimdik dayana bildilər. Ölümlər, qanlar onlara “vız” gəldi. Həbslərdən, sürgünlərdən keçdilər. Ölüm andı içdilər: “Qiyamətə qədər qardaşıq” deyə. İndi bu andlar “Qiyamətə qədər düşmənik” nidası ilə əvəzlənib və bu millətin bir Dədə Qorqudu da yoxdur ki, balalarını ümumi hədəflər istiqamətində kökləsin.

Mən müsahibə gedə-gedə bu fikirlərlə qovrulurdum. Nəyin naminə? Niyə? Hamının bildiyi və artıq cavabların da hamıya aydın olduğu belə məqamlarda başqa nələr söylənə bilər ki?

“Elçibəy öldü, hər şey bitdi” deyir Fazil Mustafa. O qədərmi? O qədər asanmı? Bəlkə insanların sual dolu baxışlarını üzərində hiss edən və əbədi olaraq bu sualların hədəfində olmasının tamam ayrı səbəbləri var, amma məlum olan budur ki, yollar bir daha qovuşmamaq üzrə ayrılıb. Əbədi də demək olar. Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri elə bil AXC-nin bir-birini boğazlamağa hazır olan nəhəng yol adamlarına deyilib:

– Yenə o bağ olaydı,

Yenə yığışaraq Siz

O bağa köçəydiniz…

Onlar bir-birini ittiham edə-edə səflərini müəyyənləşdirdilər. İndi Elçibəyin bütün müavinləri deputatdır. Olmayan da bir zamanlar olub. Yenə Elçibəyin adı gündəmin birinci sırasındadır. İnkar edən də, ətəyindən tutan da Ondan danışır.

Həyat isə öz axarı ilə axıb gedir. Hər kəs etdiklərinin müqabilində cavab verir. İnsanları kimin nə qədər ağıllı olduğu, pulunun nə qədər çox olduğu, hansı vəzifədə olduğu maraqlandırmır. İnsanlar necə yaşayırsan, necə yaşadın – onunla daha çox maraqlanırlar.

Beləliklə, bütün bu qayğılara Oxucuların münasibəti necə olacaq, Fazil Mustafanın cavabları və bu cavablardakı səmimiyyət ölçüsü nə qədərdir, ona artıq biz qərar verə bilmərik. Buyurun, qərar əziz Oxucu-tamaşaçınındır…

“Qaynar Qazan”ın budəfəki qonağı, Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafadır…

Əvəz Zeynallı

III hissə

I hissəni buradan oxuyun: https://www.xural.com/?p=33529 (Fazil Mustafa Əvəz Zeynallı ilə “Qaynar Qazan”da (I hissə): “Elçibəyin yolu bizim yolumuz deyil”-VİDEO)

II hissəni buradan oxuyun: https://www.xural.com/?p=33695 (Fazil Mustafa Əvəz Zeynallı ilə “Qaynar Qazan”da (II hissə): “İsa Qəmbərin ziyalılıq əmsalı Əli Kərimlidən çoxdur”)

 

Mən onlara güvəvnə bilmərəm

 fazil

– Məhz bu məsələ ilə bağlı bir neçə sual var. Nicat Ənsərov yazır ki, “Fazil bəy xalqamı, dövlətəmi, hakimiyyətəmi qulluq edir? Bu, mənim üçün çox maraqlıdır, əgər iqtidara müxalifətdirsə, niyə hakimiyyəti tənqid eləmir, əgər iqtidarı dəstəkləyirsə, niyə YAP-ın üzvü deyil?” Akif Məmmədov soruşur: “Parlament üzvü olan şəxslərdən müxalifətçi olmaz. Fakr İqbal Ağazadə kimə işləyirdi? Eldar Mahmudova. İndi seçilən deputatlar ancaq iqtidara işləyir”. Zakir Hüseynov soruşur: “Fazil bəy, sizin siyasi analizlərinizə və hərtərəfli savadınıza şübhəsiz yanaşanlardan biri də mənəm. Əlinizi ürəyinizin üstünə qoyub, səmimi cavab verəcəyinizə inanıram. Parlamentdə bir nəfər də olsun xalqın səsi ilə seçilən deputat varmı? Varsa, o kimdir?”

– Azərbaycanda seçki sistemi ilə bağlı mülahizələr fərqlidir. Seçkilər ideal qaydada keçirilmir, hakimiyyətin nəzarəti altında keçirilir, buna da heç bir şübhə yoxdur. YAP da bu seçkilərdə hər zaman üstünlük qazanır.  Biz bu mövcud qaydalar çərçivəsində seçkiyə qatılırıq. Kimisə seçkiyə buraxmırlar, kiməsə mane olurlar, bu, mənim problemim deyil axı. Seşkinin demokratikliyi uğrunda mübarizə aparan insanlar mübarizələrini davam etdirsinlər,  normal seçkilər keçirilsin, seçkidə yenə biz qatılacıq, yenə də müxalifətin özündən deyən adamları ilə rəqabətdə tam əminəm ki, öz sözümüzlə qalib gələcəyik. Niyə qalib gələcəyik? Bilirsinizmi, əsas tutulan ideoloji mövqe deyil, əsas odur ki, sən hansı fikrin daşıyıcısısan və cəmiyyətə hansı sözü deyirsən. İndi adam sual verir ki, parlamentdə hakimiyyəti tənqid eləmirsiniz. Yəni sualı verməzdən əvvəl, başlanğıcdan artıq əmindir, mülahizəsi var ki, nəyi tənqid eləmir. Heç olmasa, mənim son 1 il, 5 il ərzindəki çıxışlarıma baxsın, görsün bir dənə də olsun mənim tərif yönlü çıxışım varmı? Və yaxud da kimlərinsə həbsdən azad olunması ilə bağlı “Azadlıq” radiosuna bu günlərdə verdiyim müsahibəni dinləsinlər. Bu adamlara elə gəlir ki, əgər “istefa” qışqırmırsansa, daha kəskin çıxışlar etmirsənsə, deməli, tənqidi fikirlərin yoxdur. Axı mən sizə deyirəm. Mən bu cür tələbləri olan adamlara arxayın olaraq, mübarizə apara bilmərəm. Çünki onlara güvənim yoxdur. Mənim güvəndiyim insanlar gələcəklə bağlı özünün hazırlığı olan, özünü hazırlaşdıran yeni insan tipləridir. Yəni bu insanlar Azərbaycanda hakimiyyət savaşını ölüm-dirim kimi görməyən, hakimiyyətə gəlmək üçün həm də hakimiyyətin qəlbini fəth eləmək istəyən adamlardır. Mənim siyasi düşüncəm budur ki, qarşı tərəfə bir milyon adamı qoyub, barmaq silkələmək ki, “gəlib sizin ananızı ağladacam”, bu, sadəcə mazoxizmdir, elə qəbul edirəm.

 

Hakimiyyət istəsəydi məni seçkiyə buraxmazdı

 

– Yəni siz deyirsiniz ki, parlamentdə öz səsilə deputat seçilənlər var?

– Mən xalqdan səs almışam.

– Yəni siz seçilmisiniz?

– Mən parlamentə seçilmişəm. Hakimiyyət mane olmayıbsa, bu, mənim günahım deyil. Hakimiyyət istəsəydi məni seçkiyə buraxmazdı. Çünki niyə mən xalqın səsini alıram? Mən xalqın hər həftə qəbulunu keçirirəm. Hamı ilə görüşürəm. Hamı ilə sosial şəbəkədə ünsiyyətim var. Ən əl çatan deputatam. Mətbuatdan qaçmıram, televiziyalarda da çıxışlarım olur. Belə götürəndə Azərbaycanda əksər insanlar siyasiləşməmiş insanlardır. Yüzlərlə veriliş olur və onlar da görürlər ki, biz obyektiv, düşündüklərimizi çatdırırıq. Məni təkcə siyasətə görə söymürlər ki… Məni Babəkə görə – tarixə görə, dinə görə söyürlər.

 

Daha sərt çıxış edən adamların hakimiyyətə necə yaltaqlandıqlarının şahidi olmuşam

 

DSC09847

– Atatürkə…

– Atatürkə görə də söyürlər… Hər şeyə görə söyürlər. Deməli, hər kəs beynində tutub ki, Məlikməmmədin bağında olan alma mənim almam idi, div götürüb gedib. Halbuki bu, divin qisməti idi və div də götürüb aparıb. Hamı bizə o cür baxır. Bilirsinizmi, bu cür münasibət nə ilə əlaqədardır? İnsanlar hələ də siyasətin nə olduğunu anlamır, hələ də ideoloji qəlibdən çıxmırlar, onunla əlaqədardır. Mən baxıram, məsələn prezidentin kim olması haqqında fikir söyləyəndə, daha sərt çıxış edən bir adamı üstün tuturlar. Daha sərt çıxış edən adamların mən hakimiyyətə necə yaltaqlandıqlarının şahidi olmuşam. Bu gün sosial şəbəkədə ən sərt danışan adamların hakimiyyətə necə yaltaqlandığını görmüşəm. Mən məsələn, baxıram ki, bu adamın şəxsiyyəti ümumiyyətlə yoxdursa… Fazil Mustafaya parlamentdə hansısa bir adam həqarət edə bilərmi? Dərhal cavabını verib, yerində oturdar ki, sən kimsən mənə belə cavab verirsən? Kimliyindən asılı olmayaraq… Mən o adamların necə əzildiyinin, şəxsiyyətlərinin necə tapdandıqlarının şahidi olmuşam. Şəxsiyyəti olmayan adam hara gələcək və nə edəcək? Yəni yalandan bu cəmiyyətə “mən buyam” deməklə hara qədər gedəcəksən sən? Onun üçün də bu rəylərə görə siyasət formalaşmır. Siyasət bu ölkənin bəlli bir elitasına dayanaraq aparılır. O elita yoxdur deyə, biz onun yaradılması üçün çalışırıq. Bizim yazılar, fikirlər, çıxışlar bunun üçündür. Mən hətta sevinirəm ki, bəzən o ziddiyyətli mövzulara-zada girirəm. İnanın ki, nə qədər özünə qarşı qüvvə alırsansa, bir o qədər əks istiqamətdə dəyişir.

 

“Mən sizin fanatınızam” deyən adamı…

 

– Adam o qədər də iti olur…

– Həm özünü çevik formalaşdırırsan, həm də səni fikircə dəstəkləyən adamları seçirsən. Məsələn, mənə deyəndə ki, “Fazil bəy, mən sizin fanatınızam”, mən o adamları özümdən uzaqlaşdırıram. Deyirəm, məndən uzaq ol, uzaq ol. Mövlananın bir sözü var: “Ağıllının düşmənçiliyi, cahilin sədaqətliliyindən daha faydalıdır”. Mən cahil sədaqətindən imtina edirəm. Ağıllı adamla heç olmasa oturub, bir şeyləri qərara gələrsən. Bu yanaşmaları da ona görə normal qəbul edirəm.

 

– Heydər Əliyev mövzusunda son sualı verim. Ayaz Ağayev yazır: “Fazil bəy hörmət etdiyim siyasətçilərdən biridir. 19 ildir onun siyasi xəttini izləyirəm. Bilmək istəyirəm, Fazil bəyin fikrincə, Azərbaycanın ikinci dəfə müstəqilliyinin qazanılmasında lider kimi Azərbaycan tarixinə gələcək nəsillər üçün Əbülfəz Elçibəyin, yoxsa Heydər Əliyevin adı düşməlidir? Konkret cavab istəyirəm”.

– İkinci dəfə müstəqillik qazanılmasında heç tərəddüdsüz Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin adı düşməlidir.

– Bir yerdə?

– Bir yerdə düşməlidir. Çünki M.Ə.Rəsulzadənin qoyduğu baza olmasaydı, 1991-ci il xəritəsilə Azərbaycan müstəqil olmurdu. Azərbaycan Xalq Hərəkatı olmasaydı, müstəqilliyin ilk qərarları qəbul olunmazdı, Heydər Əliyev də olmasaydı, Azərbaycanın müstəqilliyinin ən kritik dövrdə möhkəmlənməsi baş verməyəcəkdi. Ona görə də bu üçünü pozmaq, xristianların təxrisi pozması kimi bir şeydir.

 

M.Ə.Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyev xristianların Müqəddəs ruh, Ata və Oğuluna bənzəyir

 

– Deyirsiniz ki, bunlar bir-birini tamamlayır…

– Hə… Müqəddəs ruh…

 

– Ata və oğul… Asif Cabbarov yazır: “Mən Türkiyə məzunu ilahiyyatçıyam. Dinim İslam, məzhəbim şiədir. Heç vaxt da dəyişməmişəm. Ondan soruşun, məzhəbi nədir? Konkret cavab versin. Xalq onu nurçu kimi tanıyır.”  Burada bununla bağlı başqa bir sual da var. Tural Qurbanlı deyir ki, “Fazil Mustafa nə üçün hər dəfə Türkiyədən olan dini təriqətləri müdafiə edir? Gülən camaatını bəyənməyənlərə niyə “şərəfsiz” demişdi?”

– Ümumiyyətlə, belə bir ifadə işlənməyib. Məktəblərlə bağlı ifadə işlənirdi. O məsələyə də mənim mövqeyim açıq idi.

 

– Ümumiyyətlə, uzun zamandır nurçu məsələsi ortada olub.

– Mən Bakıda o məktəbləri niyə müdafiə edirdim? Ümumiyyətlə, nurçu məsələsində yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Bunlar nadanların, cahillərin, dini bilməyənlərin mənim haqqımda uydurduğu fikirlərdir. Başqa söz tapma bilmirlər, ya adama vəhhabi deməlidirlər, ya da nurçu…

 

– Maraqlıdır ki, Elşad Miri də nurçu deyil, Güntay da nurçu deyil…

– Bəli, maraqlıdır. Demək istəyirəm ki, mənim bu məsələyə yanaşmam təhsillə bağlıdır.

 

Mən təriqətçiliyə, nurçuluğa meylli deyiləm – şiə deyiləm

 DSC09980

– Keyfiyyətli təhsillə…

– Tutaq ki, türk məktəbləri ləğv olunur. Onun yerini hansı məktəblər doldurur? İran, rus məktəbləri. Azərbaycana bu gün bu lazımdırmı? Əvvəlcə keyfiyyətli Azərbaycan məktəbini yaradın, sonra da türk məktəbini qovun. Mən bu prinsipi müdafiə elədiyimə görə, hamı başladı başqa cür yozmağa. Ümumiyyətlə,  mən təriqətçiliyə, nurçuluğa meylli deyiləm. Əgər bunlarla bağlı bir dənə də ədəbiyyat oxumuşamsa,  deməli, ən səmimiyyətsiz insanam. Ümumiyyətlə, belə şeyləri qəbul eləmirəm.

 

– Fazil bəy, siz şiəsiniz?

– Yox. Niyə şiə deyiləm?

 

Azərbaycanda iki cür şiə var

 

– Məzhəbi qəbul eləmirsiniz?

– Yox. Ümumiyyətlə, İslamda məzhəb anlayışını qəbul eləmirəm. 4 məzhəb imamı deyirlər, bu məzhəb deyil, hüquq məktəbidir. Hüquqa məzhəb sözünü salmaq axmaqlıqdan başqa bir şey deyil. İranda kimi dindirirsən, deyir biz islamıq, həm də şiə. Azərbaycanda şiəliyə bir ənənə, kültür məsələsi kimi baxırlar. İnanc və kültür məsələsi kimi. Azərbaycanda iki cür şiə var. Biri Əli şiələridir – Azərbaycanda İslamı bu yolla mənimsəmiş ata-babalarımızın ötürdüyü, bir də sonradan formalaşmış Xomeyni şiələri. Azərbaycanda  Əli şiələrinin heç bir təhlükəsi yoxdur. Onlar Azərbaycan dövlətinə bağlı, öz inancını yaşayan insanlardır. Bu da bizim kültürümüzdür. Xomeyni şiəliyi siyasi şiəlikdir və Azərbaycan üçün də böyük təhlükədir. Azərbaycan əhalisinin müəyyən bir qismini yönləndirə biliblər. Xomeyni şiəliyi niyə təhlükəlidir? Məsələn, mənim anam, atam, babam hamısı şiədir. Onların heç biri İranda müctəhid tapıb, onu təlqin eləməyiblər. Namazlarını qılıb, oruclarını tutublar, ibadətlərini eləyiblər…

 

– Bizdə də elə idi…

– Ənənəvi bu yolla gediblər. İndi Azərbaycanda bir qrup insanlar mövcud olub ki, oradan sırınan fikirlərə görə, təqlid olunmassa inancın şamil olunmaz deyiblər, indi də İranda hərə bir ayətullanı təlqid edir. Bu ayətullalar İran rejiminin həm də siyasiləşmiş fiqurları, simvollarıdır. Bunlar deyir ki, ermənilər sizin qardaşınızdır, gedin barışın, Qarabağı da onlara verin. Faktiki isə erməniyə dəstək verirlər. Azərbaycandakı bu inanclı adam nə etməlidir? Ya deyəcəklər ki, qardaşın kafirdir, get onu öldür.  Fətva verildi də… Demək istədiyim odur ki, bu, çox həssas bir məqamdır. Bunu bilərəkdən İrana bağlı olan qüvvələr qəsdən bu mövqeyi qabardaraq, deyirlər ki. filankəs şiəliyin əleyhinədir. Mənim şiəliklə nə işim var? Allah bilər, sən düz yoldasan, yoxsa yox. Bəlkə sünni cəmiyyətində böyük əksəriyyət elə Allahın təqdirini qazanmayacaq? Bəlkə elə təriqət yaratdıqları üçün hamısını suçlayacaqlar? Ağıllı adam da İslamda təriqət yaradar? Sənin şeyxindən mənə nə dəxli? Kitab var, peyğəmbər var, get ondan öyrən də…

 

– Bu ayrı bir mövzudur, yəqin ki, həm də siyasi partiya kimi dinlə bağlı proqramınız olmalıdır. Ümumiyyətlə, siz Azərbaycanda İslamı necə görürsünüz? İran var, Türkiyə var, tutaq ki, Səudiyyə Ərəbistanı var, Misir var və bunların hamısı da Azərbaycanda işləyirlər…

– Bəli…

 

– Şiəsindən söz düşəndə Allahşükür Paşazadə deyir ki, mən Ayətullaya bağlı olmalıyam.

– Ay sağ ol..

İslamı müasir geyimli, modern qafalı…

 

– Sünni də deyir ki, mütləq vəhhabiliyə bağlı olmalıyam. Digəri də deyir ki, İstanbula bağlı olmalıyam.

– Mənim düşündüyüm model odur ki, mən İslamı müasir geyimli, modern qafalı, ibadətini hansı formada eləməsindən asılı olmayaraq – istər şiə, istərsə də sünni qaydası ilə… öz dövlətinə bağlı. Başqa ölkələrdən idarə olunmayan bir modeldir.

– Əsas da odur ki, başqa ölkələrə bağlı olmasın.

– Əlbəttə. Mən vəhhabiliyə qarşı da sərt çıxışlar edirəm. O günü vəhhabi şeyxinin şahmatı qadağan eləməsinə qarşı sərt mövqe qoydum. Bir dənə də olsun, orada iranlı görmədim. Hətta dedim ki, Xomeyni kimi bir adam da şahmatı haram elan etmişdi, sonradan başa düşdü ki, bunun İslamla heç bir əlaqəsi yoxdur, ona görə də qadağanı götürdü. Allah Qurani-Kərimdə də deyir, halal və ya haram eləmək mənə aiddir, bəndəsi kimdir ki, halal və ya haram eləsin. Demək istədiyim odur ki, təriqətlər insana nə verir? Mən baxıram ki, bir nəfər dindardır, mədəni geyimi və davranışı ilə çox üstün keyfiyyətlərə malikdir. Onun necə ibadt eləməsinin mənə nə dəxli var? Dövlətimə qarşı çıxmırsa, Azərbaycana İrandan, Səudiyyə Ərəbistanından, Türkiyədən gələn nə qədər neqativ dini tendensiya varsa, onun qarşısını zorakılıqla və yaxud da hansısa inzibati yolla almaq yanlışdır. Bunun qarşısını mütləq Azərbaycanın pırıl-pırıl uşaqlarına həqiqi İslamı öyrədərək, heç bir məzhəbə qapdırmadan İslamı başa salmaq lazımdır ki, bu, Qurani-Kərimdir, bu, peyğəmbərdir, dinin də əsası bunlardır. Əvvəllər tərcümə ədəbiyyatı yox idi, yalandan deyirdilər ki, molla düz deyir. İndi tərcümə var. Maraqlananlar o ədəbiyyatı oxusunlar. İndi mən onlarla adam tanıyıram ki, Quran oxuyurlar, ibadət eləyirlər. Hamısı ya falçıdadır, ya da çıldaqda… Xəstədirlər də bunlar… bunlar həqiqi İslamı mənimsəməyənlərdir. Onları necə dəyişəsən?

 

– Sizin nurçularla bağlı bir məhkəmə prosesiniz də var idi, onun axırı necə oldu? Məsələ qaldı, yoxsa davam elədi?

– Yox, məhkəmə məsələsi olmadı. Aqil Ələsgər müəyyən məsələlərdə xoşagəlməyən ifadələr işlətmişdi. Sonradan onun özü də bu ifadələrin yanlış olduğunu söylədi. Ona görə də münasibətlər məhkəməyə qədər gedib çıxmadı. Niyyətim onu məhkəməyə vermək deyildi. Sadəcə bir az nədəsə razılaşmayanda, üslubu doğru tapmaq və başqalarını qırmamaq lazımdır.

 

Naxçıvanlı, yoxsa Qərbi azərbaycanlı?..

 DSC09984

– Emil Ramin soruşur ki, indiki hakimiyyətə yaxın olması naxçıvanlı olması ilə əlaqədardır, yoxsa başqa bir məsələ də var?

– Mən deyəsən, ümumiyyətlə, heç naxçıvanlı da olmadım (gülür…) Mən çalışıram bütün türkçülüklə bağlı, Azərbaycançılıqla bağlı müəyyən bir məsələləri gündəmə gətirəm. Mütləq də o zaman məni sürükləyib naxçıvançılığa yönəldirlər. Bioloji instinkt bizə yaddır. Mən təbii ki, Naxçıvanı sevirəm. Doğulduğum Vətən kimi sevirəm.

 

– Amma Qərbi azərbaycanlı olduğunuzu da deyirsiniz…

– Mənim bir tərəfim Qərbi Azərbaycandan – atam Sisiyandandır, o biri tərəfim isə Naxçıvandandır. Mən həmişə bu haqda danışanda deyirəm ki, bu plov məsələsidir. Məsələn, Naxçıvanın plovu Qəbələnin plovundan bir az artıq xoşuma gələ bilər. Ya da Lənkəranın ləvəngisindən. Burada kültür məsələsi var. Türkiyədə olduğu kimi Artvinin milli geyimi ilə İqdırın milli geyimi fərqlənir.

 

– Əslində, bölgələr Türkiyədə olduğu kimi yaxşı işlər görmək üçün yarışmalıdır. Bizdə bu ənənə yoxdur.  Sanki bütün bölgələr bir-birilə qəbahətmiş kimi rəqabət aparırlar.

– Bizdə bu, siyasi rəqabətə çevrilib, təhlükəli olan da budur. Əgər bizdə də kültür rəqabəti olsa, onda hamı bir-birini sevər. Problem də olmaz.

 

– Kamran Zamanlı maraqlı bir sual verib: “Cəmiyyət Fazil bəyi bir az milliyyətçi, bir az da dindar kimi tanıyır. Hazırkı hakimiyyət isə nə dindar deyil, nə də milliyyətçi. Maraqlıdır, necə dil tapırlar?”

– Hazırkı hakimiyyət həm dindarlığını, həm də milliyyətçiliyini mənim obrazımda yəqin tapır deyə, münasibətlər ona görə yaxşıdır (gülür…).

 

– Uzlaşır…

– Olmayan şeyi yəqin məndə görür ki, münasibəti normaldır.

Elçibəyin yolunda deyiləm, yolunu davam etmirəm

SAM_9976

– Fazil bəy, bu suala deyəsən cavab verdiniz. Milli Daşqın yazır ki, “Özünün hələ də Elçibəy yolunda olduğuna inanırmı?” Siz onun yolunda deyilsiniz…

– Yox, deyiləm. Yolunu davam eləmirəm.

 

– Əsəd Məmmədli yazır: “Hamı kimi mənim üçün də qaranlıq qalan bir məsələyə aydınlıq gətirin, lütvən. Mən tanıdığım Fazil bəy dürüst cavab verərdi. Niyə belə oldu? Haralardan haralara gəldi?..”

– Belə olmağına görə çox sevinirəm. Yəni bu gün qurduğum, yaratdığım çevrə, ünsiyyətdə olduğum insanlar, – təbii ki, köhnə münasibətdə olduğum çox dəyərli dostlarım da var – olduğum mühit mənim üçün daha aydın bir mühitdir və ölkənin gələcəyi ilə bağlı suallara öz daxilimdə kifayət qədər cavab tapa bilmişəm. Kaş ki, bu fikrə mən 15-20 il öncə gələrdim, onda daha çox fayda verərdim. Ona görə də mən açığı, bir şeyə arxayınam ki, bu cür tənbəl, neçə illər eyni mövqedə, eyni çarxın üzərində fırlanan anlayışdan uzağam. Bu gün də mənim ən azı həyat tərzim elədir ki, gündəlik yazısız və mütaliəsiz problemlərə öz baxışımı qoymaqdan ləngiyən hər hansı bir davranışım yoxdur. Ona görə də mən bu həyatımdan razıyam. Allah imkan versə, ən azı başqasına oxşamayacağam. Ən azı hər bir məsələyə baxışım mənim öz baxışımdır, ona görə də  buna sevinirəm. Ola bilsin, məndən başqa şeylər gözləsinlər, Bir dəfə imkanlı adamlardan biri mənə dedi ki, “Sən çox sərt yazılar yazırdın, bu yazıları niyə davam eləmədin? Biz də hər dəfə səni izləyirdik” və s. Dedim, “o yazıları yazmaq üçün mənə nə qədər ianə verdin, nə qədər dəstək verdin?” Deyir, “heç nə qədər.” Dedim, “O yazıları davam eləmək üçün sənin dəstəyini gözləyirdim. Cəmiyyətdə sənin kimilərin dəstəyini gözləyirdim. Sənin kimilərin mənim kimilərin fikirlərinə dəstəyi yoxdursa, yazıları o formada davam eləməyin mənası olmur. Cəmiyyətdən dəstək almaq istəyirsənsə, cəmiyyətin maraqlarını doğru taparaq, ona doğru, o istiqamətdə addım atmalısan”. İndi bu adamlar mənimlə bir cinahda olmayıblar. Xalq Cəbhəsi parçalananda, ayrılanda mənimlə bir yerdə getdini? Yox. Mənimlə bir yerdə kim gedibsə, sonradan partiya yaradanda, mən çağıranda kim gəlibsə mən onların əhval-ruhiyyəsinə, fikirlərinə uyğun hərəkət edirəm. Mənim yanımda gəlmədiniz ki, sizin fikirləriniz mənimkindən daha ağırlıqlı olsun və mən də o yolu davam eləyim? Mən həmişə demişəm, yenə də deyirəm ki, mənim Böyük Quruluş Partiyasının üzvləri qarşısında öhdəliyim var, başqalarının yox…

Böyük Quruluşun 7.000 üzvü var

– Yeri gəlmişkən, Şəhla Cabbarlı, Vahid Qasımov soruşur: “Fazil bəyin partiyasının neçə üzvü var?”

– Partiyanın 7 min üzvü var.

 

– Böyük qüvvədir.

– Və 65 rayon təşkilatı var.

 

– Əli Kərimli məsələsi sizdə heç bir zaman arxa plana keçmir. Ceyhun Mirzəli soruşur: “Əli Kərimli ilə üz-üzə gələndə heç salam verirmi?” Ümumiyyətlə, heç üz-üzə gəlirsinizmi?

 

Yox. Üz-üzə gələndə də salam vermirik. Əslində, Əli Kərimli mənim üçün tam arxa plandadır. Hərəkat dövründə hansısa işıqlı adamlarla münasibətlərin kəsilməsinin təəssüfünü yaşayıram. Hansısa işıqlı adamlarla münasibəti saxlamağa çalışıram.

Əli Kərimli qaranlıq adamdır

– Fazil bəy, insafınız olsun, Əli Kərimli heçmi işıqlı adam deyil? Onda heçmi işıq yoxdur?

– Tam səmimiyyətimlə deyirəm, heç işıq yoxdur.

 

– Qaranlıqdırmı, yəni?

– Tam qaranlıq bir insandır. Sırf siyasi dəyərləri götürmürəm, siyasətdə qabiliyyət olar, bacarıq olar. Əli Kərimli həm də yaxşı hüquqşünasdır, universitetdə ən yaxşı oxuyan tələbə olub, bizdən də yaxşı oxuyub. O keyfiyyətlərini bir tərəfə qoyuram. İnsanlıq keyfiyyətləri baxımından, mənim üçün həqiqətən arxa planda olan bir adamdır.

– Sizin məşhur – aforizmə çevrilmiş bir ifadəniz var idi ki, “Əli Kərimli ilə qiyamətə qədər qardaşıq”. İndi məni bu sual maraqlandırır, siz Əli Kərimli ilə qiyamətə qədər düşmənmisiniz?

– Allahın qiyaməti ilə, insanın qiyaməti fərqlənir. Mənim dediyim…

– Öz qiyamətinizdir?

– Hə… (Gülür) İlahi qiyamət hələ baş verməyib, ona görə də mən Allahın əvəzindən qiyamət gününün vaxtını müəyyənləşdirə bilməzdim ki? Bu, mənim qiyamətim idi və qiyamət də baş verdi, ayrıldıq.

 

Azərbaycan naminə Əli Kərimli ilə bir araya gələrəm, ona əl açaram

DSC09978

– İndi deyirsiniz ki, qiyamətə qədər də probleminiz var, yəni heç bir halda siz bir araya gələ bilməzsiniz?

– Qiyamət günündə biz qərar verməyəcəyik. Hələ o günə qədər bir araya gəlmə perspektivi yoxdur. Amma Azərbaycan naminə mən Əli Kərimli ilə bir araya gələrəm. Nə mənada? Azərbaycanın hansısa kritik, ölüm-dirim anında heç bir tərəddüd eləmədən əl açaram və konsensusa, uzlaşmaya gələrəm.

 

– Yenə o varsa, şükür.

– Yox, o addımı kiminlə olsa, ataram. Çünki Azərbaycanın xilası üçün lazımdırsa, etmək olar. Siyasi mədəniyyət məsələsi var da… Mənim sadəcə insan kimi münasibətim mənfidir. Siyasi mövcudluq baxımından ona qarşı heç bir iradım yoxdur. Hər kəsin öz mübarizəsi, öz yolu var, o da davam edir. Amma insan kimi mənim yanaşmam – məsələn, mümkündür ki, məni qəbul etməyən çox sayda insanlar var, çox. Onlar da deyə bilərlər ki, mənim baxışlarımı qəbul eləmirlər, amma kimsə desə ki, Fazil Mustafa fırıldqçıdır, buna heç kim inanmaz.

 

– Elə şeylər var ki, yapışmaz.

– Yox, yapışmaz. Elə şeylər var ki, haqqımda heç kəs onu deyə bilməz. Ola bilsin, səhvim olar. Amma bu adamlarda o ampluada mənfiliklər çoxdur. Mənim bu hakimiyyətlə sövdələşməməyimin də təsiri var. Bəlkə mənə qarşı münasibətlərin kökündə də bu durur. Bəlkə də Əli Kərimlinin o aldadıb-atmaq davranışının qabağında öz sözü olan, dediyini eləyən, demədiyini eləməyən obrazda olan adam kimi bəlkə də həqiqəti bağırmalıyam, amma susuram. Elə şeylər var ki, həqiqəti deyəcəyim həddə öz gücümü ölçüb-biçib deyirəm. Amma mən fırıldaq gəlmirəm.

Parlament danışmaq yeridir, amma orada düz danışmaq tələbi qoyulmayıb

– Elə an olurmu ki, həqiqəti deməlisiniz, amma susursunuz?

– Bir dəfə parlamentdə çıxış eləmişdim və hansısa məsələ ilə bağlı düz demədiyim üçün tənqid olundum, o zaman dedim ki, “hər yan düz demək yeri deyil. Parlament danışmaq yeridir. Amma parlamentdə də düz danışmaq tələbi qoyulmayıb”. İndi elə şeylər var ki, hakimiyyətə dəxli olmayan həqiqətləri xalqa söyləməyi böyük əksəriyyət risk eləmir. Tarixlə bağlı, dinlə bağlı və s. Üzdə mənə deyirlər ki, biabırçılıqdır, filan-filan, amma üzdə biri qorxusundan heç nə danışmır. Bu da bir həqiqətdir də… Təkcə həqiqət siyasi həqiqət deyil ki… Mənim fikrimcə, siyasət xalqa xeyir verməyin bir vasitəsidir. Ərdoğan Obama ilə danışdı. Obama ona dedi ki, YPQ-yə dəstək verməlisən. İndi Ərdoğan çıxıb xalqa deyə bilmir ki, mənə deyiblər YPQ-yə dəstək verməlisən. Deyir ki, Obama ilə danışdıq, dedi ki, biz Türkiyənin yanındayıq. İndi burada lider xalqa həqiqətləri söyləsə, ABŞ-la münasibətləri korlanacaq. Ona görə də siyasi həqiqətlərin güzəştləri daha çoxdur. Amma digər həqiqətlərin güzəşti yoxdur. Ona görə mən digər həqiqətlərdə həqiqətləri söyləməkdən çəkinmirəm, siyasi həqiqətlərdə müəyyən manevrlər eləyirəm.

Mən AXCP ilə bağlı heç bir oyunda yoxam

– Razi Nurullayevin AXCP siyasətinə necə baxırsınız?

– Ümumiyyətlə, AXCP-də baş verən hadisələrə qarışmıram. Hətta sizə tam səmimi deyirəm, mənə xeyli müraciətlər də olur ki, bizə dəstək ver. Mən də deyirəm ki, istər gizli olsun, istər qapalı, mən AXCP ilə bağlı heç bir oyunda yoxam. Heç bir oyuna girmirəm, heç kimə də dəstək vermirəm. Mənim öz mövqeyim var, münasibətlərim var və ona uyğun olaraq da açıq mövqe və münasibət nümayiş etdirirəm. Ola bilsin ki, dediyim meyarlarla kimsə partiyadan ayrılıb gedirlər. Amma müəyyən şeylər var, əgər kimə nəyi vəd edirsənsə, müəyyən məsələləri yerinə yetirməlisən. Görünür, o vədləri yerinə yetirməyəndə insanlar narazı qalır və gedirlər. Ola bilsin hakimiyyət birinə, ikisinə təsir eləsin. O qədər adama təsir edə, nəsə vəd edə bilməz, bunlara elə ad qoymaq da olmaz axı. Elə mənəvi kriteriyalar var ki, onu unutmaq olmaz. Onu pozanda nəticəsi də belə olur.

 

– Bahadur Şükürov yazır: “Şəhid ailələri və qazilərə veriləcək sığorta pulunun verilməsi ilə bağlı Milli Məclis niyə qərar qəbul etmir?”

– Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırdım, amma sığorta şirkətləri Konstitusiya Məhkəməsinə təsir göstərdilər, onlar da bunu Milli Məclisin üzərinə yıxdılar. Milli Məclisdə mücərrəd bir vəziyytə yaratdılar və pul olan vaxtı sığortaları vermədilər. Mən çıxışlarımdan birində də dedim ki, “Bardürlərə verilən pulu, yalandan binaların üstünə çəkdiyiniz xərcin yerinə, yetimin qanpulunu verməli idiniz.” Bunu vermədilər, indi də dövlət büdcəsində pul yoxdur, ona görə də onun verilməsi perspektivi ortadan qalxıb. Gücümüz çatan səviyyədə onları qəbul da elədim, onların sənədlərini də Konstitusiya Məhkəməsinə göndərdim. Milli Məclisdə ən azı 4 dəfə çıxış edərək, demişəm ki, insafınız olsun, sabah Qarabağ savaşına heç kim getməyəcək. Bu haqda düşünün ki, bu insan bilməlidir, əmin olmalıdır ki, onun evində qazinin pulu özünə verilir. Onlar bunu eləmədilər. Yəni bizim bu məsələyə gücümüz çatan deyil.

– Rövşən Quliyev soruşur: “Hər dəfə parlamentdə deputatlar maaşlarının az olmasından şikayət edirlər. Heç o zaman bu qara camaatın bu kiçik vəsaitlə necə dolandığını düşünürlərmi?”

– Əslində, Azərbaycanda deputatların maaşları Gürcüstan, Rusiya və Ermənistanla müqayisədə azdır. Amma Azərbaycan miqyasında orta əmək haqqına görə, normal əmək haqqıdır. Nəzərə alınmalıdır ki, deputatın məsrəfləri daha çoxdur. Komissiya sədrləri üçün bu problemlər yoxdur, amma digər deputatlara maşın, benzin verilmir, hansısa bir şəkildə rayonlara, seçicilərlə görüşə getmək üçün ezamiyyət xərcləri ödənmir. Deputatlar bu məsrəfləri öz ciblərindən edirlər.

– Belə deyək, deputatın da sıxıntısı var…

– Əlbəttə… Ən çox da rayondan olan deputatların sıxıntıları var. Həftədə bir dəfə gedib-gəlsə nə qədər məsrəfdir.

– Hələ çağırılan toylara getmək məsələsi də var.

– Hələ o da var. Özü də deputatlar üçün standartlar daha fərqlidir. 100 manat salanda söyürlər ki, bu nədir gətirib salıb. 200 manat salanda da deyirlər ki, qudurub  (gülür…)

Elman Rüstəmov nə deyirsə, onu tərsinə eləyin

– Namiq Salam soruşur: “Fazil müəllim nə vaxt nazirləri tənqid edəcək?” Siz bəyəm nazirləri tənqid eləmirsiniz ki?

– Mənim Facebook səhifəmə girsəniz, görərsiniz ki, istər təhsil olsun, istər səhiyyə, iqtisadi inkişaf nazirlərini, Mədəniyyət və Turizm Nazirliyini adbaad gücüm çatan səviyyədə tənqid edirəm.

– Elvin Məhərrəmli soruşur ki, Elman Rüstəmovun III devalvasiya olmayacaq” – deməsinə inanırmı?

– Elman Rüstəmov nə deyirsə, onu tərsinə eləyin.

– Deməli, olacaq deyirsiniz?

– Olacaq.

– Amal Abışov yazır: “5 mart 2013-cü ildə Fazil Mustafa Topazla bağlı demişdi ki, bir növ qumar vasitə olaraq ailələrin dağılmasına, müflisləşməsinə gətirib çıxarır. 22 dekabr 2015-ci ildə isə deyir ki, idman oyunları dünyanın hər bir yerində gəlir gətirən biznesə çevrilib”.

– Yox, o, bunu kontekstdən çıxarıb. Əslində, Topazın nəzarət altında olması müsbət bir şeydir. Çünki əslində, bu onsuz da oynanılır. Amma indi faciə burasındadır ki, rəsmidən çox qeyri-rəsmi oynanılır. Görüntü olaraq ortadadır. Biz də onu bildiyimiz üçün, deyirik ki, qumar yaxşı şey deyil. Onu Türkiyədə ləğv elədilər. Əgər bunu eləyirsinizsə, heç olmasa dövlət büdcəsinə gəlirlər gəlsin.

– Yəni deyirsiniz ki. fikirləriniz ziddiyytəli deyil?

– Yox. Ziddiyyətli deyil. Əslində bu qara bazarda olmaqdansa, dövlətin nəzarətində olması daha faydalıdır.  Bununla yanaşı, ona da diqqəti çəkmişəm ki, qumar faciə yaradır. Ona görə də dövlətin nəzarəti altında olanda 15-16 yaşında uşaqları ora buraxmayacaqlar.

– Müəyyən qaydalar tətbiq olunacaq.

– İndi lotonu qüvvəyə salırlar. Özü də böyük məbləğdə pul verib, açırlar. Böyük himayə ilə. Onun da faciəsi başlayır. İndi hər yanda mikrofonla, 90-cı ilin əvvəllərində Bakıda necə qışqırırdılarsa, o cür qışqırırlar. Bunun özü də ciddi problem yaradır. İndi bunun özü ilə də bağlı məsələni gündəmə gətirəcik.

 

– Bu yolla büdcəni doldurmaq istəyirlər?

– Büdcəıni doldurmaqdan daha çox, mənim anladığım odur ki, insanların məşğulluq problemini həll eləmək nəzərdə tutulur. Loto deyən kimi, ideal kimi baxdığımız gənclərin bir çoxu təhsildən çox ora meyllənəcək.

– Toğrul Allahverdiyev soruşur: “Fazil bəy niyə ABŞ-da bayraq qalmaqalında var idi və o niyə bayrağımızı tərs tutmuşdu?” Mənim bu hadisədən məlumatım yoxdur.

– Biz ABŞ-a gedəndə bizim dostlardan biri dedi ki, şəkil çəkdirək. Mən də arxadan gəlirdim. O, bayrağın bir küncündən tutmuşdu, mən də digər küncündən tutdum və irəli baxmadım. Avtobus da tələsdirirdi. Şəkili çəkdilər, bayraq da tərs düşmüşdü. Sonradan o şəkildən istifadə edərək facebook-da mənə qarşı kampaniya başladılar. Bu şəkili də həmin adam təsadüfən öz səhifəsində yerləşdirmişdi, sonra da çıxardım. O da tanınmış adamlardan və bayrağa sayğı göstərən adamlardan biri idi. Bunu mənim əleyhimə Vətənə xəyanət kimi kampaniyaya başlatdılar.

– Deyir ki, siz bayrağı təhqir etmisiniz.

– Mən təhqir etməmişəm. Onda da dedim ki, siz bayrağın dəyərini bilmək üçün bayraq uğrunda hansı mübarizə aparmağınızı ortaya qoyun ki, mexaniki olan bir səhvi bu qədər şişirdə biləsiniz.

– MHP-nin sabiq İqdır il başqanı Cahid Erol yazır: “Uca Allah Quranda belə buyurur ki, gözəl əxlaq tamamlansın deyə biz Quranı göydən endirdik. Yəni Quranın özü və əməli gözəl əxlaqa bağlıdır. Fazil bəydə elə əxlaq, kültür, mədəniyyət vardır ki, cənabi Allah çox az adamlara bəxş etmişdir. Fazilə inanıram və güvənirəm. Allah Qəzənfər ağabəyə rəhmət eləsin”.

– Allah razı olsun.

Heç Obamanın da əli-ayağı açıq deyil

– Tural Bəxtiyarzadə yazır: “Əvəz bəy, öncəliklə bu fikrimi bildirmək istərdim ki, verilişinizi FB dostlarınızın sualları ətrafında hazırladığınız üçün və qonaqlarınızın əsasən siyasi profilli insanlardan ibarət olduğunu nəzərə alaraq dostluğunuzda olan şəxslərin bütün siyasi cinahdan olmasını təmin etməyinizdə fayda var. Əksi halda birtərəfli suallar və yanaşmalarla ortaya qoyduğunuz mövzular tam dəyərini almır. Fazil bəyə sualım yoxdur. Təbiidir ki, nəticələri gözardı edib, öz yenilgisini, bacarıqsızlığını gizlətmək üçün səbəblərə takılan insanlardan çox suallar olacaq. Uzun zamandır tanıdığım, təqib etdiyim şəxs olaraq deyə bilərəm ki, əli ayağı bağlı olsa belə, Fazil Mustafa beyni ilə xalqına xidmət edən dəyərli bir ziyalıdır.”

– O Parisdə yaşayır, məncə.

– Ola bilər. Deyir ki, əli-ayağı bağlı olsa da belə yazır. Əl-ayağınız doğrudanmı bağlıdır?

– Yox, bağlı deyil, amma təsbiti var. Dünyada əli-ayağı açıq olan heç kim yoxdur. Heç Obamanın da əli-ayağı açıq deyil.

– İradə Mustafayeva yazır: “Ən çox hörmət etdiyim şəxsiyyət” . Sizin lehinizə də yazanlar var yəni… Ənvər Əhməd yazır ki, belələrinə sual vermək vaxt itkisidir. Özünə çatdırsanız, minnətdar olaram. Elman Həsənli deyir ki, Əvəz bəy, dəyərli vaxtınızı bu cür adamlara sərf etməyin. Əlisoy Əliyev deyəsən, AXC hakimiyyəti dönəmində hansısa rayonun icra başçısı olub.

– Müdafiə qurumunda olub.

– “Mənim ona heç bir sualım ola bilməz. Ona görə ki, verilən suallar, alınan cavablar mənim üçün 1993-cü ilin iyununda öldü” yazır. Burada özəl bir mesajmı var?

– Yox. Cəbhəçidir, yəqin o dövrə öz fikirlərini belə bildirir.

– Fərrux Məmmədov soruşur: “Özü namaz qılan, haqq dalınca gedən adamdır, İslam qaydalarına da əməl edir. Maraqlıdır, ölkədə bu qədər zülüm var, bəs niyə etiraz etmir. Sabah hesab günü bununla bağlı sual olarsa, hansı cavabı verəcək? Əvəz bəy, mən bu sualı verməyəcəkdim, amma hər cümə namaz qıldığını, halal-haram haqqında danışdığını bilirəm. Mənə cavabı maraqlı gəlir. İmkan olsa sualımı verərdiniz.”

 

III hissənin sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button