Fazil Mustafa bizi də, Elçibəyi də satıb!

Elnur Astanbəyli

Elnur Astanbəyli: “İlham Əliyevin Azərbaycanı orta əsr ölkəsinə çevirmək cəhdləri dönməzdir”

 Arif Hacılının məhkum edilməsindən sonra yazıcılar Elnur Astanbəylinin, Əli Əkbərin, Seymur Baycanın və tanınmış bəstəkar Elmir Mirzəyevin Müsavat Partiyasına üzv olması cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Məsələ ciddi müzakirələrə səbəb olub. Müzakirələr zamanı ortaya ictimaiyyəti maraqlandıran bir sıra suallar çıxıb. Eyni zamanda E.Astanbəylinin və S.Baycanın ünvanına ittihamlar səslənib. Yaranmış suallara aydınlıq gətirmək üçün E.Astanbəyliyə müraciət etdik.

 – Müsavata üzvlük qərarından sonrakı açıqlamalarınızda hər kəsi vətəndaş mövqeyini müəyyənləşdirməyə, real müxalifət partiyalarına axın etməyə çağırmısınız. Bu çağırışınızı bir az da dəqiqləşdirə bilərsinizmi? 
– Hakimiyyətin son həbs qərarları göstərdi ki, ölkədə vəziyyət düşündüyümüzdən də dözülməzdi, ağırdı. Təsəvvür edin, İlham Əliyev Polşada – “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı yeni öhdəliklər götürür, Bakıya dönür və ayağının tozu ilə 4 müxalifətçi haqqında həbs cəzası çıxartdırır. Bu, hakimiyyətin gerçək mahiyyətini göstərir. Sübut edir ki, rejim dünyanı aldatmaqla məşğuldur, İlham Əliyevin Azərbaycanı orta əsr ölkəsinə çevirmək cəhdləri dönməzdir. Belə bir vəziyyətdə Azərbaycanı sevən, onun bu günündən və gələcəyindən narahat olan hər kəsin vəzifəsi, vicdani borcu mövqeyini, durduğu yeri müəyyənləşdirməsidir. Bir qrup yazar olaraq, Müsavata keçməklə bağlı qərarımız da əslində cəmiyyətə mesaj verməkdir ki, heç kimin bu çətin situasiyada yaxasını kənara çəkmək, özünü vətəndaş məsuliyyətindən azad etmək haqqı yoxdur. Biz son həbsləri hakimiyyətin özünə qarşı bir aksiyaya çevirməliyik. Hakimiyyəti sifarişli hökmlərinə peşman etməliyik. Göstərməliyik ki, bu cür repressiyalar toplumun gözünü qorxutmur, onda ruh düşkünlüyü yaratmır, tam əksinə, cəmiyyətin düşünən, ləyaqətli, məsuliyyətli kəsimini daha da səfərbər edir, toparlayır. Mən və dostlarım faktiki olaraq bu gün “etirazlı üzvlük aksiyası” başladıb, bu aksiyaya cəmiyyətin bütün təbəqələrindən dəstək gözləyirik. Rejimə göstərməliyik ki, sizin həbs etdiyiniz hər müsavatçının, cəbhəçinin yerini onlarla insan dolduracaq, bu repressiyalarla cəmiyyətdə təslimçilik yaratmaq mümkün olmayacaq.

 -Sosial şəbəkələrdə sizin Müsavatı seçməyiniz müzakirələrə yol açdı, belə suallar ortaya çıxdı ki, həbs olunanlar arasında AXCP üzvləri də varkən, niyə məhz Müsavata keçdiniz?
– Mən bu cür müzakirələri yersiz, mənasız sayıram. Biz bütün ləyaqətli, vicdanlı vətəndaşlarımıza çağırış etmişik ki, son repressiyalara etiraz olaraq real müxalifət partiyalarına – Müsavata, AXCP-yə axın etsinlər. Sadəcə, mənim, Seymurun, Əli Əkbərin, Elmirin seçimi üst-üstə düşdü, çünki bizi Müsavata uzun illərin simpatiyası bağlayır. Azərbaycana ilk dəfə istiqlalı dadızdırmış, keçmişində Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Xoyski kimi bu millətin və vətənin parlaq şəxsiyyətlərinin adları dayanan bir partiyada təmsil olunmağın bizə qürur və şərəf gətirdiyini düşünmüşük, Müsavatın bu çirkin sistemlə mübarizədə ardıcıl, qətiyyətli mübarizəsinə inanmışıq. Başa düşmürəm, bu niyə kimlərdəsə həyəcan yaradır ki? Axı bizim seçimimiz o demək deyil ki, biz hamını məhz Müsavata dəvət edirik, yox, deyirik ki, hansına ruhunuzla, qəlbinizlə daha çox bağlısınızsa, onu seçin, amma yetər ki, seçin, real müxalifətin mübarizəsindən kənarda qalmayın. Digər tərəfdən, bizim bu etirazlı üzvlüyümüz xüsusilə Arif Hacılıya dəstək aksiyasıdır. Arif bəyi İlham Əliyev artıq ikinci dəfədir həbs etdirir. Müstəqilliyin əleyhinə səs vermiş Arif Rəhimzadəyə, Yaşar Əliyevə “Şöhrət” ordeni verib, amma müstəqilliyin lehinə səs verən Arif Hacılının qazamata göndərilməsinə təpkimizi, qəzəbimizi ifadə etmək istəmişik, Müsavatın 100 illiyində onun ikinci adamının qondarma ittihamlarla həbsə atılmasına nifrətimizi, ikrahımızı ifadə etmək istəmişik və Müsavatı seçmişik. Bunu polemika mövzusuna çevirmək tərbiyəsizlikdir.
– Çağırışınıza cəmiyyətdən dəstək gözləyirsinizmi?
– Şəxsən mənimki gözlənti deyil, tələbdir. Bu ağır günlərdə, azadlıq və demokratiya adına bu çətin, həlledici anlarda xalqla bir yerdə olmayanlar bir də heç vaxt xalqla bir yerdə ola bilməzlər. Hər kəs mövqeyini açıq ortaya qoymalıdır. Ortada iki cəbhə var: Xeyir və Şər. Üçüncü cəbhə yoxdur. Gələcək nəsillərin lənəti bu gün baş verən əclaflıqlara vətəndaş mövqeyi sərgiləyə bilməyənlərin üzərində olacaq. Onlar bugünki mövqesizliklərinin, susqunluqlarının bəraətini heç zaman və heç nə ilə verə bilməzlər. Türklər demiş, hər kəs ağzındakı paxlavanı çıxarmalı, kimin yanında olduğunu açıq-açıq ortaya qoymalıdır: xalqınmı, rejiminmi? Güclününmü, gücsüzünmü? Əzəninmi, əziləninmi? Xeyirinmi, Şərinmi? Məsələ bu qədər bəsitdir. 
– Bəzi KİV-lər sənin və Seymurun addımını bir az da iynəli üslubda “Fazil Qəzənfəroğlunun müşavirlərinin Müsavata keçməsi” kimi qələmə veriblər…
– Seymur da, mən də Böyük Quruluş Partiyasının formalaşmasında iştirak etmişik. Amma bunun bizim qəbahətimiz kimi qələmə verilməsi yumşaq desəm, alçaqlıqdı. Axı bu gün biz Fazil Qəzənfəroğlu ilə bir yerdə olanda hardaydıqsa, yenə də ordayıq. Sadəcə, Fazil orada yoxdursa, bu bizim günahımızdırmı? Fazil Qəzənfəroğlu “qabıq dəyişibsə” buna biz neyləyək? Biz onu satmamışıq ki, o, bizi satıb. Biz cəhənnəm, Elçibəyi satıb e, Elçibəyi, daha nədən danışırıq.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button