Fazil Mustafanı məhkəməyə gətirmədiyinə görə hakimlərə etiraz

Yayımlandı: 1 İyun 2024 15:31

Təqsirləndirilən şəxslərin vəkilləri hakimləri ədalətsiz mövqe tutmaqda günahlandırırlar

Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunanlar və vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakimlər kollegiyasına etiraz edir.

Onlar hesab edir ki, işə baxan hakimlər qərəzlidir, təqsirləndirilən şəxsə qarşı ədalətsiz mövqe tutublar.

Deputatın güllələnməsinə görə həbs olunan Azər Səricanov, Emin Əliyarov, Elşad Əsgərov, Rəşad Əhmədov və Səbuhi Şirinovun budəfəki məhkəməsində vəkillərdən bir neçəsi Elnur Nuriyevin sədrlik etdiyi hakimlər kollegiyasına yazılı şəkildə etiraz verib.

Vəkillərin əsas arqumenti budur ki, bu hakimlər zərərçəkmiş qismində tanınan deputat Fazil Mustafanın məhkəmədə iştirakını təmin etmədi.

Deputat özü məhkəməyə gəlməyib, onun məcburi gətirilməsi barədə müdafiə tərəfinin vəsatətlərini də məhkəmə rədd edib. Belə olan halda, təqsirləndirilən şəxslərin zərərçəkmişə sual verib cavab almaq, bir çox məsələlərə aydınlıq gətirmək hüququ da əllərindən alınıb.

Etiraza bir həftə ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri baxıb qərar verəcək ki, deputatın güllələnməsi ilə bağlı cinayət işi bu hakimlərdən alınsın, yoxsa yox.

Budəfəki məhkəmə iclasında bir neçə videoya da baxılıb.

Əvvəl təqsirləndirilən Elşad Əsgərovun istintaqdakı ifadəsinin videosu nümayiş etdirilib.

O, ifadəsində bildirir ki, Fazil Mustafanı dinlə bağlı səsləndirdiyi fikirlərə, xüsusən də şiələri təhqir etdiyinə görə cəzalandırıblar.

Elşad Əsgərov həmin ifadəsini təsdiq edib.

Daha sonra təqsirləndirilən Rəşad Əhmədovun videosu nümayiş etdirilib.

Rəşad Əhmədov məhkəmədə dindiriləndə bildirmişdi ki, onu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb idarəyə gətiriblər. Əvvəl idarədə onu narkotik ittihamıyla rəsmiləşdiriblər, sonradan DTX-ya aparıb, Fazil Mustafa ilə bağlı da ittiham veriblər.

Məhkəmədə də Rəşad Əhmədovun cibindən narkotik çıxarılması ilə bağlı video nümayiş etdirilib.

Videoda görünür ki, o, cibindən narkotik çıxarıb stolun üstünə qoyur.

Rəşad Əhmədov videonun nümayişindən sonra bildirib ki, çəkilişdən əvvəl onu möhkəm döymüşdülər, ailəsi ilə hədələmişdilər.

Ona görə də məcbur olub, onların tələblərilə razılaşıb. Onun sözlərinə görə, narkotiki cibinə polislər qoymuşdu, o da öyrədildiyi kimi, kamera qarşısında çıxarıb.

Məhkəmədə videolardan sonra iş materiallarında olan ekspert rəyləri elan edilib.

Ardınca vəkillər hakimlərə etiraz veriblər.

Vəkillər bildirib ki, məhkəmə istintaqı başa çatır, lakin zərərçəkmiş məhkəməyə gəlməyib. Məhkəmə də onun gətirilməsi üçün lazım olan addımları atmayıb.

Bu iş üzrə növbəti məhkəmə prosesi iyunun 7-nə təyin olunub.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub.

Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib.

Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib.

Hadisədən sonra bu puldan da deputata atəş açmaqda ittiham olunan Səbuhi Şirinova verilib.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini fikirlərinə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button