Fazil Mustafaya qarşı sui-qəsd işi: “Amerikada məhkəmə Prezidenti gətirir, burada məhkəmə bir deputatı gətirə bilmir”

Təqsirləndirilən şəxslər zərərçəkmiş deputatın məhkəmədə dindirilməsini tələb edir

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdlə əlaqədar həbs olunan 5 nəfərin – Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Emin Əliyarov və Elşad Əsgərovun məhkəməsi 6 aya yaxındır ki, davam edir. Zərərçəkmiş qismində tanınan deputat bu müddətdə məhkəməyə gəlməyib. Təqsirləndirilən şəxslər isə demək olar ki, hər məhkəmə iclasında onun gəlməsini tələb edirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında yenə də təqsirləndirilən şəxslər və onların vəkilləri Fazil Mustafanın məhkəmədə iştirakının təmin olunmasını istəyiblər.

Təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov deputat haqqında məcburi gətirilmə qərarı çıxarılması məsələsini qaldırıb.

Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə ediblər. Onlar bildiriblər ki, zərərçəkmiş məhkəməyə gəlməli, ona ünvanlanan sualları cavablandırmalıdır.

“Amerikada məhkəmə Prezidenti gətirib dindirir, amma burada məhkəmə bir deputatı gətirə bilmir”, – təqsirləndirilən şəxslər Fazil Mustafanın məhkəməyə gəlməməsinə etiraz edib.

Deputatın nümayəndəsi Əjdər Əhmədov bildirib ki, zərərçəkmişi məhkəmədə təmsil edir və onun gəlməsinə ehtiyac yoxdur.

Təqsirləndirilən şəxslər isə bununla razılaşmayıb:

Bizi ittiham edirlər ki, guya siyasi fəaliyyətinə görə ona qəsd eləmişik. Gəlsin görək, bunun siyasi fəaliyyəti nədən ibarət olub? Bu adam dinimizi təhqir etdiyinə, hisslərimizə toxunduğuna görə biz onu cəzalandırmışıq. Gəlsin, suallarımıza cavab versin ki, dinlə bağlı təhqirlərini bilərəkdən səsləndirib, yoxsa bilməyərəkdən?

Hakimlər zərərçəkmişin məcburi gətirilməsi barədə vəsatəti təmin etməyib. Əvvəlki məhkəmə iclaslarında da eyni vəsatət bir neçə dəfə qaldırılmış və təmin olunmamışdı.

Vəkil Elçin Sadıqovun daha bir vəsatəti videoların işə əlavə edilməsi barədə olub. Vəkil həmin videolara sənədlərin tədqiqi mərhələsində baxılmasını xahiş edib.

Lakin Fazil Mustafanın nümayəndəsi bu vəsatətə də etiraz edib. Etirazını əsaslandırarkən deyib ki, təqdim olunan videoların bəziləri hadisədən sonra lentə alınmış görüntülərdir, bu cinayət işi üçün əhəmiyyətli deyil. Bəzilərinin isə mənbəyi məlum olub.

Daha sonra Fazil Mustafanın nümayəndəsi bildirib ki, zərərçəkmiş məhkəməyə ərizə göndərib. Deputat ərizəsində yazıb ki, uzun illərdir siyasətlə məşğuldur, ölkənin müstəqilliyində rolu olub, 2003-cü ildən Böyük Quruluş Partiyasının sədridir, 2005-ci ildən Milli Məclisin üzvüdür. O, baş verənlərin siyasi fəaliyyətilə bağlı olduğunu düşünür. Ona qarşı cinayət törətməkdə təqsirləndirilən şəxslərin heç birini tanımadığını da qeyd edib.

O, ərizəsində özünün də dini inancı olduğunu, kimsə ilə şəxsi ədavəti olmadığını vurğulayıb:

Bu cinayətin arxasında İran və Ermənistanın terrorçu qrupları dayanır”.

Fazil Mustafa əlavə edib ki, ona qarşı törədilən cinayətin məqsədi ölkədə din pərdəsi altında sabitliyi pozmaq, xof yaratmaq olub.

Daha sonra təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov və Səbuhi Şirinovun istintaqdakı ifadələri elan olunub.

Rəşad Əhmədovun ifadəsində göstərilib ki, dini inancı var, 20 ilə yaxındır şiə təriqətinə uyğun ibadət edir. Onun ifadəsinə görə, təqsirləndirilən şəxslərdən Azər Səricanovu hadisədən təxminən bir il əvvəl tanıyıb. Söhbətlərində Fazil Mustafadan danışıblar, onun dinlə bağlı söylədiklərini müzakirə ediblər.

Rəşad Əhmədov ifadəsində yazır ki, günlərin birində yağ almaq üçün Azər Səricanovgilə gedib. Həmin vaxt Azər Səricanov ona yağ ilə yanaşı, həm də idman çantasında silah verib, saxlamasını istəyib:

Azər Səricanov deyirdi ki, Fazil Mustafa dini təhqir edir, ona görə onu öldürəcək”.

İttihama əsasən, Fazil Mustafanın vurulması üçün İrandan 30 min dollar pul göndərilib. Rəşad Əhmədovun istintaqdakı ifadəsində bu haqda da yazılıb.

Onun ifadəsinə əsasən, İranda Valeh adlı uşaqlıq dostu yaşayır. Həmin şəxs Suriya döyüşlərində iştirak edib, lakin sonra Azərbaycana yox, İrana qayıdıb. İrana gedəndə dostu ilə görüşdüyünü qeyd edən Rəşad Əhmədovun ifadəsində göstərilib ki, görüşlərin birində onlar Azər Səricanov barədə danışıblar:

Dinlə bağlı fikirlərinə görə onun Fazil Mustafanı öldürmək istədiyini də dedim. Bu, Valehin xoşuna gəldi. Hətta onun üçün pul da təklif elədi. Bunun üçün mənə 30 min dollar verdi ki, aparıb çatdırım. Öz xərclərimə görə də 2 min dollar verdi. Bakıya gəlib, Valeh barədə də Azər Səricanova danışdım. O dedi ki, onsuz da Fazil Mustafanı öldürəcəm”.

İfadədə o da var ki, dostu Rəşad Əhmədovdan Qaradağ rayonu ərazisində olan hərbi obyektlərin görüntülərini çəkməsini istəyib.

İfadənin elanı başa çatandan sonra Rəşad Əhmədov orada yazılanları təsdiqləməyib. O bildirib ki, təzyiq altında bu ifadəyə imza atmağa məcbur olub. Rəşad Əhmədovun sözlərinə görə, onu həyat yoldaşı ilə hədələyiblər:

Dedilər ki, yoxsa həyat yoldaşını da bu dəstəyə qatacağıq. Mən də məcbur oldum”.

Daha sonra Səbuhi Şirinovun istintaqdakı ifadəsi elan olunub. İfadəsində göstərilib ki, Azər Səricanovla aralarında söhbət zamanı Fazil Mustafanın dini mövzuda fikirləri barədə danışıblar. Deputatı vurmağı da ona Azər Səricanov təklif edib, bunun üçün silah verib, mükafat vəd edib.

İfadəyə görə, əvvəldən razılaşmaları belə olub ki, cinayət törədiləndən sonra silah və əynindəki paltarları Azər Səricanova qaytarmalı idi. Səbuhi Şirinovun sözlərinə görə, o cür də addım atıb.

Səbuhi Şirinov da istintaqdakı ifadəsini təsdiqləməyib. O bildirib ki, ifadəyə təzyiq altında qol çəkib.

Daha sonra hakim məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsinin başlandığını elan edib.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini fikirlərinə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button