Fazil Mustafaya qarşı sui-qəsddə ittiham olunanların məhkəmə istintaqı yekunlaşdı

Yayımlandı: 8 İyun 2024 16:25

Təqsirləndirilən şəxslər və vəkilləri etiraz edir: “Hərtərəfli araşdırma aparılmadı”

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdlə əlaqədar həbs olunan 5 nəfərin işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə prosesində artıq çıxışlar mərhələsi başlayıb və növbəti məhkəmə iclasında prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyəcək. Hərçənd, təqsirləndirilən şəxslər də, onların vəkilləri də məhkəmə istintaqının yekunlaşmasına etiraz edir. Onlar hesab edir ki, bu cinayət işi üzrə obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılmayıb.

Deputata qarşı sui-qəsdlə əlaqədar həbs olunan Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Emin Əliyarov və Elşad Əsgərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Elnur Nuriyevin sədrlik etdiyi, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyasının icraatındadır.

Budəfəki məhkəmə iclasında cinayət işinin materiallarındakı sənədlərin elanı davam etdirilib. Cinayət işinə əlavə olunmuş disklərdəki videogörüntülərə baxılıb.

Daha sonra hakim Elnur Nuriyev bildirib ki, artıq dindirmələr də, sənədlərin-sübutların tədqiqi də başa çatıb. O, məhkəmə istintaqının başa çatması və çıxışlar mərhələsinə keçidlə bağlı məsələni müzakirəyə çıxarıb.

Prokuror Orxan Kəngərli məhkəmə istintaqının yekunlaşmasına etiraz etməyib. Fazil Mustafanın nümayəndəsi də razılıq verib.

Lakin təqsirləndirilən şəxslər və müdafiəçiləri bildirib ki, hərtərəfli, obyektiv məhkəmə araşdırması aparılmasıb, bu səbəbdən istintaqı hələ yekunlaşdırmaq olmaz. Vəkillər xüsusilə zərərçəkmiş qismində tanınan deputat Fazil Mustafanın məhkəməyə gəlib ifadə verməməsi, onların suallarını cavablandırmamasına diqqət çəkiblər.

Zərərçəkmiş məhkəməyə gəlmədi. Bizim ona suallarımızı verib, cavab almaq hüququmuz məhdudlaşdırıldı. Siz də məhkəmə olaraq, onun iştirakını təmin eləmək üçün lazım olan addımları atmadınız”, – vəkillər narazılığını dilə gətirib.

Hakim bildirib ki, deputatın məhkəməyə gəlməsi üçün ona məktub, SMS göndəriblər, zəng eləyiblər, lakin gəlməyib.

Vəkillər deyir ki, belə olan halda, məhkəmə zərərçəkmişin məcburi gətirilməsi barədə qərar çıxarmalı idi. Məhkəmə prosesində bu barədə dəfələrlə vəsatət qaldırsalar da, məhkəmə onu təmin etməyib.

Vəkillərin etirazlarına baxmayaraq, hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib.

İyunun 13-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.

İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.

Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini fikirlərinə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button