Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası kəsildi

Deputat Fazil Mustafaya sui-qəsddə suçlanan şəxslərdən birinə – Azər Səricanova ömürlük həbs cəzası verilib. Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarılıb.

Eyni hökmlə bu olayda təqsirləndirilən daha dörd nəfərdən Səbuhi Şirinova 20 il, Rəşad Əhmədova 19 il, Elşad Əsgərova 18 il, Emin Əliyarova isə 4 il həbs cəzası kəsilib.

Təqsirləndirilən şəxslər və onların ailələri narazı qaldıqlarından hökmdən apellyasiya şikayəti verəcəklər.

Ötən il martın 28-də axşam saatlarında paytaxtın Sabunçu rayonundakı Zabrat qəsəbəsində yaşadığı evin önündə Fazil Mustafa atəşə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Olay üzündən beş nəfər – Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Emin Əliyarov Rəşad Əhmədov cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində iddia olunur ki, F.Mustafaya sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası barədə tapşırıq verilib və Bakıya bundan ötrü 30 min dollar pul göndərilib.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar verilib.

Onlar özlərini qismən təqsirli bilirlər. Deputatı vurduqlarını təsdiqləsələr də, bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər vurğulayıblar ki, deputatı öldürmək niyyətləri olmayıb, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq istəyiblər. Elə bu üzdən, F.Mustafanın həyati önəmli orqanlarına deyil, çiyin və ayağına atəş açdıqlarını vurğulayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button