Fazil Qəzənfəroğlu deputatxanadan kənarda

Kənan Hacı
kenan731@rambler.ru

Ziyalılığın devalvasiyaya uğramasında danılmaz payı olan iqtidarın təyin etdiyi deputatlar arasında elələri var ki, qəzet səhifələrində, saytlarda müsahibə verərkən od püskürürlər, qılınclarını sağa da, sola də sıyırırlar. Əkrəm Əylislinin səsi deputatlıq müddəti bitəndən sonra çıxdı. Mən də “abzas.net”-də yazdım ki, qağa, bu dediklərini parlament kürsüsündən deməliydin ki, lazımi təsir oyadaydı, daldan atılan daş topuğa dəyər və indi dediklərinin qara qəpik qədər dəyəri yoxdur.
Qüdrət Həsənquliyev son müsahibələrində nazirləri asıb-kəsir ki, deputatların telefon zənglərinə cavab vermirlər. Qardaş, bunu bəs parlamentdə niyə bəyan eləmirsən?

İndi də Fazil Qəzənfəroğlu. Adam “Reytinq” qəzetinin sonuncu sayına müsahibə verib. Müsahibəni oxuduqca Fazil Qəzənfəroğlunun vaxtilə “Yeni Müsavat”a yazdığı köşələri, “Azadlıq” meydanının tribunasında Əbülfəz Elçibəyin böyrünü kəsdirib durduğu çağları xatırladım. Eh, gidi dünya! Mərdlərin namərdə çevrildiyini də bizlərə göstərdin. O kürsüdə Fəzail Ağamalının da alovlu çıxışlarını xatırlayıram. Sonra onların çoxusu Elçibəy ideallarına xəyanət etdi, arxa çevirdi. Nəyin naminə? Beşillik deputat kürsüsünün!

Fazil Qəzənfəroğlunun vaxtilə yazdığı bir yazını xatırlayıram. “Çox yaxşı” adlı bu yazı onun 2004-cü ildə Türkiyədə nəşr etdirdiyi “Bu xalqdan o xalqa doğru” kitabında yer alır. Həmin yazı belə başlayır:

“Seçkilərin ikinci mərhələsi də belə başa çatdı. Çox güman ki, Heydər Əliyevlə Ramiz Mehdiyev oturub siyahıları bir də gözdən keçirdilər. Sonra da “hamısı özümüzünkülərdir” deyibən rahatlandılar və yenə də bu millətə kimsəni halal səslə seçmək imkanı vermədiklərindən ləzzətlə danışdılar.”

Bu fikirlər Fazil Qəzənfəroğluna məxsusdur (həmin kitabdan, səh.214). Sonuncu parlament seçkilərində Heydər Əliyevi İlham Əliyev əvəzlədi və “hamısı özümüzünkülərdir” deyib siyahını təsdiqlədi və o siyahıda Fazil Qəzənfəroğlunun da adı vardı.

Artıq şərhə ehtiyac yoxdur.

AXCP şinelindən çıxmış Fazil Qəzənfəroğlu keçmiş silahdaşlarına qarşı çox aqressiv görünür. “Reytinq”ə verdiyi müsahibədə millət vəkili deyir:

“AXCP içində elementar haqları tanımayan, demokratik qaydaları qəbul etməyən adamların Azərbaycanda necə demokrat olacağını təsəvvür eləmək mənim üçün çətin deyil. Bu qüvvələrin hakimiyyətdə təmsil olunması ilə mövcud hakimiyyətdən daha azğın münasibət sərgiləyəcəyini indidən təsəvvür edirəm.”

Amma burası dəqiqdir ki, Fazil bəy deputat seçilməyəcəyi təqdirdə bu cür danışmayacaqdı. Parlament binasının içində nə sirr varsa, onun qapısından içəri adlayan ən qatı müxalifətçi bir andaca loyal, ən yaxşı halda neytral bir siyasətçiyə çevrilir.

Son vaxtlar deputatlar arasında nazirlərdən gileylənənlərin sayı artır. Hətta hakimiyyət düşərgəsinin favoritlərindən olan Eldar İbrahimov da nazir biganəliyindən əziyyət çəkir. Problem ondan ibarətdir ki, nazirlər deputatların telefonlarına cavab vermir, deputatlar nazirlərin qəbuluna düşə bilmir. İş o yerə çatıb ki, Eldar İbrahimovun da telefonuna cavab vermirlər. Bəs bizim nazirlərimiz kimin zənginə dəstəyi qaldırırlar?..

Əlbəttə, belə də olmalıydı. Təyin olunmuş və hansısa məsələnin müzakirəsində səsi çıxmayan, ancaq düymə basmaqla və ara-sıra mətbuata palaz-palaz müsahibələr verməklə (bəziləri heç onu da etmir – Red.) işini bitmiş hesab edən deputatları nazir niyə qəbul etməlidir ki?

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button