Fazil Qasımov məcburu qidalandırılacağı təqdirdə özünü öldürəcəyini deyib
Yayımlandı: 10 Sentyabr 2024 23:26
“Bu barədə qərar verilsə, canıma qəsd edib, həyatla birdəfəlik vidalaşacağam”
İstanbul Universitetinin doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirlən alim Fazil Qasımovun həbsdə 89-cü gündür ki, aclıq etdiyi bildirilir.
Bu barədə Meydan TV-yə hüquq müdafiəçisi – “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
O deyir ki, 34 yaşlı alim ölümlə üz-üzədir, əgər tədbir görülməsə, yaxın günlərdə həyatını itirə bilər.
“Məndə olan məlumata görə, çəkisi artıq 35 kiloqrama düşüb. Bunun nə demək olduğunu anlamaq çətin deyil. Hökumət, dövlət bir alimi, bi zəkanı məhv edir”.
Hüquq müdafiəçisi əlavə edib ki, həyatının təhlükə altında olmasına baxmayaraq, Fazil Qasımov aclığı dayandırmaq niyyətində deyil.
Əksinə, onun ölmək ehtimalı nəzərə alınaraq, məcburi qidalandırmağa cəhd göstərərlərsə, özünə qəsd edəcəyini bildirib:
“Deyib ki, əgər məcburi qidalandırmağım barədə qərar verilsə, canıma qəsd edib, həyatla birdəfəlik vidalaşacağam, ölümümü tezləşdirəcəyəm. Ciddiyəm və ümid edirəm ki, bunu rəsmi dairələr nəzərə alar”.
“Mən də inanmaq istəyirəm ki, bir dövlət öz vətəndaşının, aliminin həyatını bu qədər heç saymaz”, – deyə Rüfət Səfərov qeyd edib.
Vəkili Rövşanə Rəhimli də Fazil Qasımovun durumunun çox ağır olduğunu deyir.
Onun sözlərinə görə, hələ aclığın 87-ci günündə Penitensiar Xidmətin Müalicə Müəssisəsində müvəkkili ilə görüşüb və onun vəziyyətinin çox ağır olduğunu görüb:
“Durumunu təsvir etmək belə mənim üçün çox ağırdır…”.
Fazil Qasımov sərbəst yeriyə bilmədiyinə görə əlil arabasından istifadə etmək məcburiyyətindədir.
Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Qubad İbadoğlu ilə əlbirlikdə olunur.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Həmin gün onun ofisində keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia edilib.
Təqsirləndirilən iqtisadçı bildirib ki, o pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.
Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.
İddia edilib ki, saxta pulları Fazil Qasımov Türkiyədə əldə edərək Qubad İbadoğluya verib, o da Azərbaycana gətirib.
Onlar həmçinin FETÖ (Fetullah Gülen Terror Örgütü) ilə əlaqədə ittiham olunur. Lakin hər ikisi ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
O, aprelin 22-də həbsdən buraxılıb. Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.
Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri “polis nəzarətinə vermə” ilə əvəz olunub.
Fazil Qasımovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
O, məhkəmədə bildirib ki, istintaq zamanı özünün və Qubad İbadoğlunun əleyhinə yalan ifadələr verməsi üçün döyülmə, başının unitaza salınması, cinsi azlıq olan dustaqların təcavüzü ilə hədələnməsi kimi müxtəlif təzyiqlərə məruz qalıb.