FHN və mömin ilanlar

Fəxrəddin Hacıbəyli

Verilən son məlumata görə, Ağcabədi rayonunda bir evi ilanlar basıb, ev əhli bilməyib nə etsin, yerli kənd mollasına müraciət ediblər – Quran tilavət edib, əfsun oxumaqla evi ilanlardan azad etməsi üçün. Mənbə bildirir ki, fövqəladə hallar üzrə də mütəxəssisləşmiş kənd mollası dərhal hadisə yerinə gəlib, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində ev sürünənlərdən azad edilib, ilanlar evi basmaqdan əl çəkiblər.

Molla vəziyyətə sadəcə Quranla müdaxilə edib və müqəddəs kitabdan bir necə surə oxuyub, o cumlədən Əl-Əzhab surəsinin 53-cü ayəsini tilavət edəndə sürünən varlıqlar utanc hissi keçirərək, elliklə evi tərk ediblər.

Bu, Agcabədi ilanlarının çox mömin və müqəddəsata sayğılı olmalarını təsdiqləyir. Aran Qarabağ sürünənlərinin timsalında əminliklə demək olar ki, bütün ölkə ilanları mömindirlər, müqəddəs kəlamlara sonsuz dərəcədə itaətkardırlar və qətiyyən harama əl sürməzlər.

Ortaya haqlı olaraq bəzi suallar çıxır. Ölkəmizdə dağ boyda Fövqəladə Hallar Hazirliyi var ki, bu sayaq olanüstü hallar baş verdiyində müdaxilə edib vətəndaşlara yardım göstərirlər. Əcəba, sözügedən nazirliyin ənənəvi alternativi olduğu halda, onu yenidən yaradıb və büdcədən xeyli vəsait sərf etməyə nə hacət vardi? Necə deyərlər, “bundan əvvəl xoruz yox idi, bəyəm sabah açılmırdı?”. Yəni FHN yox idi, camaat fövqəladə hal baş verəndə bəs nə edirdi?

Ölkəmiz başdan-başa möcüzə ilə dolu, ağır molla-seyidlərimiz baş-başa verib, maşallah hər kəndin payına 10-15-i birdən düşür, əlimizdə daşdan keçən müqəddəs kəlamlarımız… Bu qədər allahvermiş mənəvi sərvətdən yararlanmayıb gavurun elədiyini təkrarlamaq nəyə gərəkdir? Nə olsun ki, xaricdə, gavur məmləkətində bu adda nazirlik var, onlarin ki mollası yoxdur! Biz axı niyə mollası, seyidi olmayanlarla özümüzü müqayisə etməliyik?

Məncə nazirlik-filan yaratmaqdansa, elə hər kəndə bir molla təhkim edib, dövlət büdcəsindən bir az maaş ayırmaqla ehtimal olunan bu kimi hallardan sıgortalanmaq olardı. Bu, təbii ki, müəllifin qənaətidir, maxlux isə başqa təklifdə bulunmuşdur.

Bildirildiyinə görə, hadisədən sonra mömin Agcabədi zəhmətkeşləri birlikdə qərara gəliblər ki, ölkə başçısına müraciət ünvanlayıb, FHN tərkibində olan ənənəvi-mili-ruhani kadrlarla eynifunksiyalı bölmələrin təxirə salınması, əvəzində isə əfsunçu, gözqaytaran (ölkəmizin durmadan sürətlə inkişaf etməsindən paxıllığımızı çəkən region ölkələrinin nəzərindən qorunmaq üçün), qurdağzıbağlayan, yağışyağdıran, doludağıdan və təsərrüfatın digər sahələrində yararlı ola bilən molla-seyid ştatlarının açılmasını təklif ediblər. (Yadımdadır ki, hətta və hətta Qarabağın xoşbəxt günlərində nankor qonşularımız Ağdamın ən ağır seyidlərindən birini əkin vaxtı  agdamlılardan bir neçə saatlığa kirayələyib zəmi-tarlalarını, bağ-bostan yerlərini dolandırmaqla quraqlıq, dolu və sair gözlənən təhlükələrdən özlərini qabaqcadan sığortalayardılar. Babalı deyənlərin boynuna, mən eşitdiyimi yazıram, görməmişəm, imanımı yandıra bilmərəm).

Ehtimal edilir ki, hətta məsələ təkidlə tələb də olunub, amma mənbə bu haqda kəsin bilgi vermir, çünki təklifi səsləndirənlər əllərində ölkə başçısının portretlərini və “imanımız prezident amanatı” yazılmış plakatlar tutduqlarından, onların tələb edəcək durumda ola bilmələri istisnadır…

Belə yerdə deyiblər ki, əl hər yerdən üzüləndə, nəzərlər göyə millənər.

Bir də deyirlər ki, yıxılan saman çöpündən yapışar…

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button