Fikrət Fərəməzoğlunun səhhətində problem yaranıb

Faiqə İbişbəyli: ”İşgəncələrdən sonra dişləri və böyrəklərində kəskin ağrılar yaranıb”

Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Fikrət Fərəməzoğlunun səhhətində problem yaranıb. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Faiqə İbişbəyli məlumat verib.

O bildirib ki, “Bandotdel”də saxlandığı zaman həyat yoldaşını çox pis döyüblər. Nəticədə bu gün aldığı xəsarətlərdən əziyyət çəkir:

“Üzünə o qədər sillə vurublar ki, dişlərində şiddətli ağrılar var. Ona işgəncə verəndə yerə yıxıb, böyrəklərini təpikləmişdilər. İndi böyrəklərində də kəskin ağrılar başlayıb. Dəfələrlə müalicə, müayinə üçün təcridxanaya müraciət etmişik. Heç bir nəticəsi yoxdur, bildiklərini edirlər”.

““Sizi məhkəmələrdə süründürəcəyik, az müraciət edin”, – deyirlər”

Faiqə İbişbəyli deyir ki, maraqlanmaqları bir yana, apardığı dərmanları da çatdırmırlar, vermirlər. Odur ki, məsələni ictimailəşdirməkdən başqa çarəsinin qalmadığını söyləyir:

“Ancaq onda da təhdid edirlər ki, “sizi məhkəmələrdə süründürəcəyik, az müraciət edin”, – deyirlər. Məhkəməni ayda bir dəfəyə salıblar. Və ya bir tarix müəyyən edirlər, sonra vəkillərə zəng edib vaxtın uzadıldığını bildirirlər. Belə oyun açırlar başımıza. Bu, bizə qarşı “Bandotdel”in növbəti repressiyasıdır. Müstəntiq də xəbərdarlıq etmişdi ki, “siz məsələni ictimailəşdirsəniz, məhkəmələrdə qalacaqsınız, özünüz bilin”. Bizim başqa çarəmiz varmı?”.

“Heç nəyi sübut edə bilmirlər”

Faiqə İbişbəyli deyir ki, sonuncu məhkəmə yanvarın 13-də olmuşdu. Növbəti proses ayın 27-nə təyin edilmişdi. Zəng edib vəkilə “bu, məhkəmənin iş qrafikinə uyğun deyil, təxirə saldıq”, – deyiblər.

Jurnalistin xanımı deyir ki, məhkəməni qanunsuz, əsassız təxirə salıb, həyat yoldaşını uzun müddət həbsdə saxlamaq istəyirlər:

“Çünki heç nəyi sübut edə bilmirlər. Ona görə də bizi bu yolla cəzalandırırlar”.

“Bu məsələnin Penitensiar Xidmətə aidiyyatı yoxdur”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildiriblər ki, Penitensiar Xidmət həbs olunmamış məhkumların müalicəsi və müraciəti ilə məşğul olmur:

“Həmin təcridxanalarda həkimlər çalışır və onlar bizə tabe deyil. Həmin şəxs özü həkimə müraciət etməlidir. Həkim onu müayinədən keçirəndən, müalicə tətbiq edəndən sonra dərmanlardan istifadə edə bilər. Ümumilikdə isə bu məsələnin Penitensiar Xidmətə aidiyyatı yoxdur”.

Bakı İstintaq Təcridxanası ilə əlaqə saxlamaq mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button