Fikrət Hüseynli: Durum ağırdır – məni Azərbaycana aparmaq istəyirlər

“Durum ağırdır. Bütün vasitələrdən istifadə edib məni Azərbaycana aparmaq istəyirlər”, bu barədə Kiyevdə gizlənən jurnalist Fikrət Hüseynli “Amerikanın Səsi”nə bildirib.

“Vətəndaşı olduğunuz Niderlandın Ukraynadakı səfirliyi sizə kömək edirmi?” sualının cavabında jurnalist deyib ki, Niderland səfirliyi yardım edir, amma Ukrayna prokurorluğu inadından əl çəkmir.

“Ukrayna prokurorluğunun mənimlə bağlı hansı gizli oyun həyata keçirdiyi bəlli deyil. Artıq Ali Radanın deputatlarına təsir edib mənim cinayətkar obrazımı yaratmaq istəyirlər”, deyə o qeyd edib.

“İndi təhlükəsizliyiniz təmin edilirmi? Niderland vətəndaşı kimi səfirlik sizə sığınacaq veribmi? Niderland Xarici İşlər Nazirliyi nə iş görür?” suallarının cavabında Hüseynli bildirib ki, hazırda təhlükəsizliyinə Ukrayna tərəfi təminat verib.

“Amma mən artıq Ukrayna hüquq-mühafizə orqanlarına inanmıram. Özüm öz təhlükəsizliyimi təmin etməyə çalışıram. Mənə Ukrayna tərəfi qeyri-rəsmi mühafizə təklif etdi, amma mən imtina etdim. Çünki 6 aydır bunlar mənim başıma oyun açır. Ona görə bunlara inanmıram. Əsas günahkar Ukraynadır”, deyə o qeyd edib.

Xatırladaq ki, martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib. Qaçan zaman müəyyən bədən xəsarətləri alıb. Hazırda Hüseynli gizlənir.

Fikrət Hüseynli Azərbaycan iqtidarını kəskin tənqidləri ilə tanınır.

O, Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. Jurnalist təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb.

Hüseynli 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.

Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.

Bundan sonra daha 4 məhkəmə iclasında prokurorluğun şikayəti təmin edilməyib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

“Onun təhvil verilməsi haqqında qərar qəbul edilməsinin gecikdirilməsi bizdə narahatlıq hissi doğurur, belə ki, o və onun “müdafiəçiləri” ədalətli mühakimədən yayınmaq üçün hər cür tədbirə əl atırlar. Bundan başqa, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda onun aldatdığı, fırıldaqçı əməllərindən zərər çəkmiş insanların hüquqları pozulur”, deyə Qaralov məktubunda yazır.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button