Fikrət Hüseynlini Kiyevdə saxlamaq istəyiblər

Dünən axşam özlərini Ukraynanın polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər azərbaycanlı jurnalist Fikrət Hüseynlini Kiyevdə kirayə qaldığı mənzildə saxlamağa çalışıblar.

Amma o, pəncərədən tullanaraq qaçıb gizlənməyə müvəffəq olub. Bu zaman jurnalist əlini yaralayıb.

Hazırda o, nisbətən təhlükəsiz yerdədir. Amma onu hər yerdə axtarırlar. Bu barədə Turan-a diaspordakı mənbə bildirib. O hesab edir ki, Hüseynlini saxlamaq və Azərbaycana ekstradisiya etmək istəyirdilər. Mülki geyimlilər arasında Azərbaycan dilində danışanlar da var idi.

Hadisə barədə Niderland səfirliyinə məlumat verilib.

Hüseynli müxalif “Azadlıq” qəzetinin əməkdaşıdır və bir neçə il əvvəl Niderlanddan siyasi sığınacaq və vətəndaşlıq alıb.

Hüseynli 14 oktyabr 2017-ci il tarixində Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın İnterpol xətti ilə verdiyi sorğu əsasında saxlanılıb. Azərbaycanda onu fırıldaqçılıqda və sərhədi qanunsuz keçməkdə ittiham edirlər.

18 oktyabr 2017-ci il tarixində Ukraynanın Borispol şəhər məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxılması üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Hüseynlini Ukrayna Ali Radasının deputatı Mikola Knyajitski və ictimai xadim Boris Zaxarovun xahişi ilə zaminə buraxılıb. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya etirazı verərək, onun həbsini tələb edib.

Etirazla bağlı məhkəmə təhqiqatı yanvarın 17-də başlayıb, amma 4 dəfə təxirə salınıb.

Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button