Fikrət Məmmədov sifarişli qərarlara don geydirməyə də acizdir

anar mahmudoğluAnar Mahmudoğlu
Maraqlı presedentdir: Ədliyyə Nazirliyinin mətbuat xidməti oktyabrın 19-da “Xural” qəzetinin əmlakının müsadirə olunmasına reaksiya verib; bir xeyli qəzetlə bağlı subyektiv cəfəngiyyatdan sonra axır ki, mətləb üstünə gəlib və redaksiyanı ittiham edib ki, “…Sensasiya xatirinə icra məmurlarının qanuni hərəkətlərini uydurma əsaslarla vəzifəli şəxslərin göstərişi kimi qələmə verməyə çalışırlar”.

Demirəm sırf yalan, böhtan, şər və öz mahiyyətlərinə uyğun bir açıqlamadır. Faktla danışırıqsa, faktı da təqdim edək.
Əvvəlcə ordan başlayaq ki, Ədliyyə Nazirliyi “Xural” qəzetinə qarşı çıxarılmış 3 – Vüqar Səfərli, Ağabəy Əsgərov və Nüşabə Ələsgərlinin – iddiası ilə bağlı qərarların icraya yönəldiyini bildirir. Bəs, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını niyə yazmır Ədliyyə Nazirliyi?
Baxın: Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva 19 oktyabr 2011-ci ildə məhkəmə qərarlarının icra olunması üçün qərardad çıxarıb. Icra olunması tələb olunan qərardadın elə əvvəlindəcə yazılır: “Nərimanov Rayon Məhkəməsinin 2(005)-2541-2010 saylı, 02.07.2010-cu il tarixli icra vərəqəsi üzrə 10.000 (on min) AZN-nin (?) təmini məqsədilə…”.
Nərimanov Rayon Məhkəməsinin 02.07.2010 tarixli icra qərarı  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası əsasında “Xural” qəzetinin cərimələndiyi həmən o məşhur 10 min manatdır. Ədliyyə Nazirliyi hansı əsasla bir nüsxəsi qəzetə təqdim edilən icra hökmündə “vəzifəli şəxsin” olmadığını iddia edir? Axı, bu sənədin surətləri digər redaksiyalara da verilib. Bunu hansı üz və hansı məntiqlə təkzib etmək olar?
Ikincisi, Ədliyyə Nazirliyi “icra məmurlarının qanuni hərəkəti” deyir və bunu qanunvericiliklə əsaslandırmağa uğursuz cəhd edir.
Fikrət Məmmədovun nəzərinə: “Xural” qəzetinin əmlakının müsadirə edilməsi barədə qərar 19 oktyabr 2011-ci ildə çıxarılıb və qərarın sonunda göstərilib: “Qərardaddan on gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər”.
Yəni məhkəmə qarşı tərəfə iddia üçün vaxt tanıyır və burda yazılmır ki, qərar dərhal icraya yönəldilməlidir. Qərar yalnız 10 gündən sonra, oktyabrın 29-da hüquqi qüvvəyə minə bilərdi – əgər “Xural” qəzeti şikayət ərizəsini verməsəydi. Şikayət ərizəsi veriləcəyi təqdirdə hətta oktyabrın 29-da da icraçıların əmlakı müsadirə etmək hüququ olmayacaqdı.
Üçüncüsü, Nərimanov Rayon Məhkəməsi oktyabrın 19-da qərarın həyata keçirilməsi ilə bağlı ICRA VƏRƏQƏSIni icraçılara VERMƏYIB. Icra vərəqəsi olmadan icraçılar hansı “hüquqla” “Xural”ın əmlakını müsadirə edirdilər?
Dördüncüsü, “Xural” qəzeti Ramiz Mehdiyevlə bağlı məhkəmə icrasının dayandırılması ilə bağlı iddia vermişdi və oktyabrın 18-də ilkin iclas da keçirilmiş, növbəti baxış oktyabrın 25-nə saxlanılmışdı. Məhkəmə çəkişməsi getdiyi bir məqamda icraçılar qəzetin əmlakını müsadirə edirlərsə, bu, Ramiz Mehdiyevin siyasi sifarişi deyil, bəs, nədir?
Bəs, “Ekspress” mətbəəsinin “Xural”ın çapından imtina etməsi, digər mətbəələrin qəzeti tirajlamaqdan yayınmasının adı nədir?
Mən hələ onu demirəm ki, icraçılara tez-tez zəng edərək – redaksiyanın yağmalanması prosesini müşahidə etmək üçün gələn hüquq müdafiəçilərinin, ictimai xadimlərin, jurnalistlərin eşidəcəyi səviyyədə – söyüş, təhqirlərlə dolu əmrləri kim verirdi? Eşitdiyi söyüşlərdən büzüşüb yumağa dönən zavallı məhkəmə icraçılarına redaksiya əməkdaşları 2 kilo valerian verdilər – ürəkləri ağrıyırdı, bu biabırçılığa özləri də dözmürdü icraçıların. Bunlara nə deyirsiz?
Bir ölkənin Ədliyyə Nazirliyi bu qədər saxtakar və yalan bəyanat yaymağa borclu deyil, axı! Siyasi sifarişdir, bilirik; Ədliyyə Nazirliyi sifariş yerinə yetirib, bəllidir… Ancaq kim Ədliyyə Nazirliyinə tapşırıb ki, qanunsuzluğu ört-basdır etmək üçün belə biabırçı bir bəyanat yaysın? Fikrət Məmmədov kimi nazir qanunsuzluğa bu qədər primitiv don geydirməyi öz paqonlarına, general adına və cəmiyyətdəki nisbətən normal imicinə sığışdırmamalıdır, axı! Heç olmasa, Ədliyyə Nazirliyi rəsmi mövqe bildirəndə bir hüquqşünasla məsləhətləşəydi.
Yəni Ramiz Mehdiyevin ölkəsində düz-əməlli bir hüquqşünas da qalmayıb ki, normal bəyanat yaza bilsin?
Inanmıram qalmasın. Sadəcə, ölkə bir adamın kefiylə idarə olunduğundan, onun hikkəli qərarlarına artıq hüquqi don geydirmək də mümkünsüzdür.
Ara yerdə Ədliyyə Nazirliyi özünü biabır etməklə məşğuldur…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button