Formadayam və yazmaq istəyirəm – tribunam yoxdur!

Seymur Baycan

Seymur Baycan: « Artıq Azərbaycanda sözün əsl mənasında 10-15 jurnalist var, amma onlarla jurnalist təşkilatları var ki, onlar yüz minlərlə manat vəsaiti ortada bölür, qohum-əqrəbalarını xaricə gəzməyə aparırlar»

Aqşin Yenisey: «Azərbaycan müxalifətini Azərbaycanın gələcəyi üçün daha təhlükəli hesab edirəm, nəinki Azərbaycan iqtidarını…»

Seymur Baycan və Aqşin uzun müddətdir ki, mətbuat səhifələrində o qədər də sıx görünmürlər. Elxan Kərimovun yas mərasimi bir fürsət oldu ki, onların görünməmələrinin səbəblərini öyrənmək cəhdində bulunaq. Məlum oldu ki, sən demə, ölkənin ən oxunan yazarlarının qəzet və çap olunmaq problemi var. Seymur Baycanla vədələşdik və redaksiyamızda görüşdük. Aqşinlə gəlmişdi və fürsəti fövtə verməyib hər ikisini müsahibəyə çəkdik. Çözüldükcə çözüldü və gün işığına bir çox problemlərin olduğu çıxdı. Azad Yazarlar Ocağından «Ən yeni ədəbiyyat»a qədər çox məsələlərdən danışdıq və yaxşı bir müsahibə alındı. Buyurun, siz də oxuyun, Əziz «Xural» Oxucuları…
Qonaqlarımız Seymur Baycan və Azad Yazarlar Ocağının sədri Aqşindir…

– Səbəb nədir ki, ölkənin ən oxunan yazarları bu gün ölkənin ən tirajlı qəzetlərində görünmürlər? Porodoksal bir şeydir…

Seymur Baycan:
– Təsbitləriniz düzdür…
– Deyəsən, sonuncu dəfə «Azadlıq» qəzetində yazırdınız?
– Azər Əhmədov «Azadlıq» qəzetinin baş redaktoru olanda mənə təklif etdi ki, orada yazılarımı dərc etdirim. Sözün doğrusu, mətbuatda nə qədər tanınsan da, başqa qəzetlərdə işləsən də, nə qədər yazı təcrübən olsa da, bütün hallarda tirajından və yönündən asılı olmayaraq, qəzetə ilk yazı yazmaq mənim üçün çətin olur. Azər bəy də çox təkid etdi ki, «Azadlıq» qəzetində sərbəstlik var, qonorar vaxtlı-vaxtında verilir. Mən də başladım yazmağa. Onu da deyim ki, mənim üçün gündəlik qəzetə yazı yazmaq həftəlik qəzetə yazı yazmaqdan daha asandır. İstər-istəməz həftəlik qəzetlərin Oxucuları gündəlik qəzetlərin Oxucularından fərqlənir. Həftəlik qəzetlərin Oxucuları həftənin sonu daha keyfiyyətli yazı gözləyirlər. Ola bilsin ki, gündəmdə olmayan bir yazını yazasan. Amma bununla belə daha fərqli baxış gözləyirlər. Yazının həcmi də gündəlik qəzetlərinkindən fərqli olmalıdır. Ona görə razılaşdıq. Başladım «Azadlıq» qəzeti üçün yazılar yazmağa… Elə olurdu ki, həftədə 2-3 dəfə yazı təqdim edirdim. Hərdən də olurdu ki, həftədə bir yazım dərc olunurdu. Yəni Qənimət Zahid həbsdən azad olunana qədər mənim «Azadlıq» qəzeti ilə əməkdaşlığım davam etdi.
– O çıxandan sonra kəsildi?
– Bəli. Mən sonuncu yazımı «Azadlığ»a təqdim etdim və bundan sonra Azər Əhmədova zəng vurub, özü ilə danışdım. Dedi ki, hər şey qaydasındadır, heç bir problem yoxdur. Səhəri gün bir neçə dəfə ona zəng vurdum, cavab vermədi. Bir gün sonra bir daha cəhd etdim və mənə yenidən heç bir problemin olmadığını, qəzetdə dərc olunacaq materialların çox olması səbəbindən mənim yazımın müvəqqəti saxlanıldığını dedi. Sonra üz-üzə gələndə dedi ki, artıq Qənimət qəzetin yazı məsələlərinə özü baxır. Başqa bir tədbirdə də Qənimət bəylə üz-üzə gəldik, dedi, səninlə görüşəcəyik, amma məsələ o cür də qaldı. Yəni faktiki olaraq mənim vəziyyətim bu gün bir az təzadlıdır. Guya ölkənin «ən oxunan yazarı» adlandırıldığım halda, faktiki olaraq həftəlik «Reytinq» qəzetindən başqa tribunam yoxdur. Belə başa düşürəm ki, mənim ola bilsin dini baxışlarım bir çoxlarını qane etmir. Çünki bizdə iki gündəlik və tirajlı qəzet var – «Yeni Müsavat» və «Azadlıq». Ki, mən onlarda yaza bilərdim əslində… Onun ikisinin də baş redaktoru hacıdır və dindar adamlardırlar…
– Bu günlər haradasa bir yazına rast gəldik. Orada «Molla Qənimət Zahid» və «Molla Rauf Arifoğlu» yazmışdın həmkarlarımıza…
– Bəli. Elə o yazıda da yazdığım kimi bu gün «Azadlıq» qəzeti faktiki olaraq «Dəyərlər» qəzetinin əlavəsinə çevrilib. Qənimət bəy haqqında ümumiyyətlə, danışmaq istəmirəm. Onsuz da bütün respublika onu yaxşı tanıyır. O, həbsdə olanda da mən mövqeyimi bildirmişdim ki, Qənimət Zahid həbs olunandan sonra «Azadlıq» qəzetinin qonorar sistemi qaydasına düşüb…
– Bəlkə həbsdə onu tənqid etdiyinə görə, gələn kimi səni uzaqlaşdırıb?
– Ola bilsin. Əsl səbəbini bilmirəm. Sözün açığı, bu gün özümü çox formada hiss edirəm. Yəni həqiqətən də yazmaq istəyirəm. Bu gün mənim özümü funksional, işlək gördüyüm sahə nədir? Bir gənc Oxucu təbəqəsi var ki, – sayları çox olmasa da hər halda var – onlar mən hansısa kitab, obraz, hansısa kitabın qəhrəmanı haqqında yazanda hiss edirəm ki, bunları tapıb oxuyurlar və mənə də öz fikirlərini bildirirlər. Ya deyirlər ki, çox zövq aldım, ya deyirlər ki, çox sağ olun, filan əsəri tapıb oxumağa yol göstərdiniz. Və yaxud da «sizin çox məsləhət gördüyünüz filan əsəri tapıb oxudum, amma sizin təriflədiyiniz qədər də zövq alınacaq kitab olmadı.» O baxımdan, özüm də yazmaq istəyirəm. Amma təəssüf ki, bu gün gündəlik yazmaq imkanım olacaq və bunun əvəzində normal qonorar ala biləcəyim bir qəzet yoxdur. Amma mən bu mətbu orqanlarda işləyən uşaqlarla oturub-dururam, onların fikirləri mənə maraqlıdır. Murad Köhnəqalanın «canlı klassik»liyinə dəlalət edən çox gözəl bir sözü var. Deyir, «Qənimət bizi samanlıqda otarırdı, Rauf bizə yonca yoldurur…»
– (Gülüşmə…) Hər iki halda eynidir…
– Bəli, sözün əsl mənasında bu iki şəxsin şəxsi keyfiyyətlərini müqayisə edəndə – hər iki qəzetdə işləyən insanların söhbətlərindən belə bir nəticə çıxarmaq olar ki, Rauf Arifoğlu Qənimət Zahiddən daha konkret, daha işini bilən və pozitiv insandır. Yəni Rauf Arifoğlu mövqeyindən asılı olmayaraq öz işçisinin arxasında duran, işçisinin xeyrinə-şərinə yarayan, maliyyə məsələlərində korrekt olan, verdiyi sözə dəqiq olan, iş şəraitinin yaradılmasına diqqət edən, işçiyə hər bir şərait yaradan adamdır. Yəni bu sadaladığım şeylər baxımından «Azadlıq» qəzetində vəziyyət çox faciəlidir…
– İndi də? Vəziyyət hələ qaydasına düşməyib?
– Yox. İnsanların düşdüyü vəziyyət hərdən elə olur ki, bəzən o şeylər haqqında nəsə deməyə çəkinirsən. Əslində isə o söz deyilməlidir. Çünki artıq o var. Bir məsələ var ki, onların yolu başqa olsaydı, mən onlar haqqında daha gurultulu danışardım. Sadəcə, bu məsələni bir adamın və ya qəzerin üzərinə gətirmək istəmirəm. Ola bilsin, bu bizim ümumi vəziyyətimizdir ki, gəlib bu vəziyyətə çıxmışıq. Artıq Azərbaycanda yazan sözün əsl mənasında 10-15 jurnalist var, amma onlarla jurnalist təşkilatları var ki, onlar yüz minlərlə manat vəsaiti ortada bölürlər. Əvəzində də öz qohum-əqrəbalarını yanlarına salıb xaricə gedir, konfrans və seminarlarda iştirak edir, onlara böyük qonorarlar yazdırırlar. Mən son 2-3 yazımda onlara müraciət etmişdim ki, «qardaş, əgər gedirsinizsə, yaxşı eləyirsiniz, heç olmasa, həmin o 10-15 nəfər həqiqi yazarı da birtəhər yaşadın ki, onlar acından ölməsinlər ki, siz də acından ölməyəsiniz…» Yaxşı, tutalım, Azərbaycan jurnalistikasında o 10-15 adam artıq yoxdur. Onda bunlar kimin hesabına jurnalistikanı yaşadıb o pulları bölə biləcəklər? Onsuz da onların arasında öz sözünü deyə bilən, fikrini sərbəst ifadə edən adamlar yoxdur. Gəlin razılaşaq ki, bunlar 10-15 nəfərin hesabına o həyatı yaşayırlar da… Məsələn, biz Müsavatın qərargahında aclıq edən vaxt təsəvvür edin ki, gələn-gedən çoxdur, otaq rütubətlidir, otağın nəfəsi də getdikcə ağırlaşır. Aclığın üçüncü günüdür, bir nəfər də olsun Jurnalist Təşkilatlarından və yaxud da mətbu orqanlardan gəlib soruşmurlar ki, ey jurnalistlər və yazarlar, siz bura niyə yıxılmısınız? Nə istəyirsiniz? Etirazınız nəyədir? Əflatun Amaşovla Müşfiq Ələsgərli Türkiyədə idi, hansısa tədbirdə iştirak edirdilər.
– Onlar indi də Türkiyədədirlər. Vüqar Səfərli başda olmaqla nümayəndə heyətinin tərkibində gediblər…
– Arif Əliyev də İsveçrədə keçirilən hansısa tədbirə qatılmışdı. Mənə çox maraqlıdır ki, bu adamlar xaricdə keçirilən tədbirlərə qatılıb orada hansı funksiyanı yerinə yetirirlər? Nə danışırlar? Niyə onların fəaliyyətləri burada ictimaiyyətə açıqlamırlar? Bilirsiniz niyə? Öz qohum-əqrəbalarını bizim alacağımız o qrantlar hesabına aparıb gəzdirib, yedirdib-içirdib geri qayıdırlar. Bunların fəaliyyətləri jurnalistlərin həbsi ilə, müstəqil mətbuatın ağır vəziyyəti ilə bağlı deyil. Aşağı-yuxarı mətbuatın düşdüyü durum eynidir. Elə mənim özüm də bu durumun qurbanlarındanam. Siyasi müxalifətçiliyin işi bir az yüngüldür. Hansısa qəzetdə özünə sığınacaq tapa bilirsən. Ola bilsin, sənin barrikadan zəifdir, amma bu barrikada var. Bir də var ki, mədəni müxalifətçi olasan, artıq bu məsələdə vəziyyət ağırlaşır. Haradasa özünə yer tapmaq, özünü dolandırmaq, yazı yazmaq çətin məsələyə çevrilir.
– Biz məhz bu dünyagörüşünə görə Vüqar Səfərliyə «mətbu qəssab» yazmışdıq, məhkəmə «Xural» qəzetini 500 manat cərimələtdi. Yəni istənilən an səlahiyyətlərini keçirlər. Aqşin bəy, sizin vəziyyətiniz necədir?

Aqşin Yenisey:

– Seymurun fikirləri ilə yüzdə yüz razıyam. Bizdə siyasi müxalifət ilə yazıçı müxalifətçiliyi düzgün anlaşılmır, düzgün qəbul olunmur. Yazıçı müxalifətçiliyi adətən elə standarta sıxışdırılıb ki, bu həm də siyasi müxalifətçilik olmalıdır. Məsələn, bizim siyasi müxalifət qəzetlərinə yolumuzu bağlayan həm də o oldu ki, biz Azərbaycanda ilk dəfə olaraq müxalifətin özünü tənqid etməyə başladıq. Tutaq ki, Azərbaycanın bu günkü siyasi müxalifəti elektoratla dialoq qura, ideyalarını kütləviləşdirə bilmədi. Bunlar özlərini həddindən artıq elə göstərdilər ki, kütlə tamamilə siyasi məsələlərdən bixəbər kütlədir və qabaqlarına nə atsalar yeyəcək. Ancaq məlum oldu ki, kütlə siyasəti daha yaxşı dərk edir, kütlə daha siyasətçidir, nəinki bizim müxalifət liderlərimiz. Və biz bu şeyləri yazdıq. İndi vəziyyət Azərbaycanın o vaxtkı vəziyyətinə bənzəyir. Yadıma gəlir ki, Rafiq Tağı İslam peyğəmbəri ilə xristian peyğəmbərini müqayisə edəndə cəmiyyətə çox fərəhlə belə bir şey sırıdılar ki, Azərbaycanda dindar emosiyaların hesabına hakimiyyət dəyişikliyi baş versin. Nardaranlılar hakimiyyəti Heydər Əliyevdən və yaxud da İlham Əliyevdən alsınlar versinlər İsa Qəmbərə və yaxud da Əli Kərimliyə. Sonradan isə onlar məsələni yoluna qoyacaqdılar. Özlərinin cəmiyyətdə həyata keçirə bilmədikləri missiyanı qoydular nardaranlı dindarların boynuna ki, biz bunu edə bilmirik, biz hakimiyyəti Heydər Əliyevin və yaxud İlham Əliyevin əlindən ala bilmirik – siz alın, biz də idarə edək. Mən əminəm ki, hakimiyyət dəyişsəydi belə, nardaranlılar yenə də həmin problemi yaşayacaqdılar. Bu gün də həmin mənzərə var ki, müxalifət qəzetləri Azərbaycanın intellektual kəsiminə yox, daha çox hissə bağlı, emosional münasibəti olan bir kəsimlə işləməyə meyllidir, nəinki Azərbaycanda yazı yaza bilən, azad söz, azad fikir söyləyə bilən insanlarla… Mən məsələn, Azərbaycan müxalifətini Azərbaycanın gələcəyi üçün daha təhlükəli hesab edirəm, nəinki Azərbaycan iqtidarını… Məsələn, mən hesab edirəm, indi Seymurun adını çəkdiyi adamlar razıdırlar ki, hakimiyyətə gəlməkdən ötrü Azərbaycanda İran İslam Respublikasına bənzəyən bir qurum yaransın, təki bunlar hakimiyyətdə olsunlar. Cəmiyyəti yalnız hakimiyyətdən ötrü bu qədər geri aparmağa belə razıdırlar…
Sözünüzə qüvvət kimi çıxmasın… Son hicab məsələsində də təəccüblü hadisələr oldu. Ölkənin müxalifəti, bu ölkənin avanqard hesab olunan mətbuat orqanları daha aktiv olmalı idilər ki, bu, Azərbaycan üçün açıq və qorxulu bir təhlükədir və ölkənin başını qara duman kimi almaq üzrədir. Lakin bunu görmədik. Yəni hakimiyyət hicab məsələsində nə qədər təzadlı olsa da müxalifətdən daha proqressiv çıxdı…

Seymur Baycan:

– Bu müsahibəni oxuyan adamlar təbii ki, Aqşinin fikirlərini onunku kimi qəbul edəcəklər, mənim fikirlərimi də özümünkü kimi…
– Təbii ki…
– Ola bilsin, hansısa məqamlarda razılaşmayaq. Əvvəla, o məsələyə öz münasibətimi bildirmək istərdim. Belə bir yazı yazmışdım – «Məktəb və çadra»… Mən «hicab» sözünün işlədilməsinin əleyhinəyəm. Dindarlar «hicab» sözünü işlətməklə bizi 70 il əvvəllərə – çadraya qarşı mübarizə dönəminə aparırlar. İndi onlar bizim həmin dönəmlə iplərimizi, əlaqələrimi qırmaq istəyirlər. Əslində bu hicab deyil, çadradır. Bunlar «hicab» sözünü işlətməklə Azərbaycan maarifçilərinin çadraya qarşı apardığı mübarizə – hansı ki, böyük mənbə var – ilə əlaqələrimizi kəsmək istəyirlər. Çünki Azərbaycanda din o dərəcədə təhlükəli vəziyyətə gəlib çıxıb ki, artıq dindarlar Təhsil Nazirliyinin qarşısında çox aqressiv yönümlü bir aksiya keçirirlər.
– Maraqlıdır ki, iki nəfərin bir araya gəlməsi mümkün olmayan rejimdə yüzlərlə, minlərlə dindar təhsil nazirliyinin qarşıında necə rahat toplaşa, aksiya keçirə bilir? Hətta sloqan atır, yol bağlayırlar? Kim idarə edir bunları?

Davamı gələn saylarımızda

Hazırladı:
Burla Xatun

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

4 şərh

  1. Yeni seymur bu heqiqeti anlamir ki,qenimet ne qeder pis olsa da Azadliqi ele bu hakmiyyete gore bele aciq ittiham etmek hakimiyyetin qezete olan tezyiqlerine beraber bir sheydir?
    Yaxud Rauf Arifoglu Eynullani hebsde saxlayan hakimiyyetin mirzesi oldugunu builmir?
    Seymuru da itirdik

  2. Eger deyese etiraz etmek uchun kimin idaresi lazimdirsa, olke muxalifetinden chox idare olunan bir teshkilat yoxdur, bes niye etiraz ede bilmirler?
    Daha demokratik olmaq deyerli deyilmi? Niye turkchuluk, milletchilik ve diger sheyler sizi musteqil dushunmeye qoymur?

  3. belə bir müəyyən dairələrdə populyar qəzetin hökmən saytı olmalıydı. gec də olsa oldu- lap əla! layihələrinizi də alqışlayırıq, ancaq çalışın intellektuallığa çox yer verin, kolxoz söhbətləri az olsun. bir də onu deyil yuxarıda hər bölmə əlaqə yeri yoxdur. əlaqə bölməsi yaradın ora emailinizi yazın bir də telefonunuzu. hökmən olmalıdır. mən özümə görə demirəm məndə əvəz müəllimin emaili də var telefonu da amma sıravi oxucular nəsə göndərmək ya müraciət etmək istəsələr necə olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button