Formal müdirlər və yoxa çıxmış milyonlar

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində “General Construction” şirkətində hüquqşünas işləmiş Mənsur Zeynalov ifadə verib.

Məhkəmədə elan olunub ki, M.Zeynalov daha əvvəl D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 2 il 6 aya endirib.

M.Zeynalov ifadəsində bütün göstərişləri D.Xəlilovun verdiyini deyib: “İşim müqavilələri tərcümə etməkdən ibarət olub. 2007-ci Dünyamin Xəlilov “Kondor Qrup” MMC şirkətini yaratdı və məni həm təsisçi, həm də icraçı direktor təyin etdi. Sonra adıma kreditlər götürüldü. Mən ancaq sənədlərə qol çəkmişəm. Bütün göstərişləri də Dünyamin Xəlilov verirdi”.

Tərəflərin suallarını cavablandıran M.Zeynalov ixtisasca hüquqşünas olmadığını deyib: “Zalda əyləşən bir neçə təqsirləndirilən şəxsi tanıyaram. Onlar formal olaraq şirkət rəhbərləri olub”.

Daha sonra şahid qismində Fərhad Əmiraslanov ifadə verib. Adıçəkilən şəxs də D.Xəlilovla birgə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə onun cəzasını 2 ilə endirib.

O, “General Construction” şirkətində tikinti mütəxəssisi vəzifəsində işlədiyini deyib: “Sonra Dünyamin müəllim adıma “Aqora” MMC-ni yaratdı. Onun istəyi ilə bir neçə kredit sənədlərinə qol çəkmişəm. Şirkətdə rəhbər vəzifəm formal olub”.

Məhkəmədə elan olunub ki, F.Əmiraslanov Beynəlxalq Bankın 7 kredit müqaviləsinə qol çəkib və adına 10 milyon manata yaxın pul götürülüb.

Təqsirləndirilən D.Xəlilov deyib ki, “Aqora” MMC-yə ayrılan pullar layihələrə xərclənib.

Şahid qismində dindirilən Seyfulla Seyfullayev bildirib ki, daha əvvəl D.Xəlilovla birgə ittiham olunub, məhkəmənin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə ona şərti cəza verilib və azadlığa buraxılıb.

Onun ifadəsinə görə, “Səbail Mebel” ASC-nin baş direktoru vəzifəsində çalışıb: “Adıma Beynəlxalq Bankdan 9 milyon manat kredit götürüldü. Bankdan adını xatırlamadığım şəxs mənə zəng edib, ora çağırdı. Bankda sənədlərə qol çəkdim, lakin pulu görmədim. Dedilər ki, pullar MMC-nin inkişafına xərclənəcək. Həmin pula armatur alınmalı idi, lakin heç nə olmadı”.

Digər şahid Rafiq Məmmədov ifadəsində deyib ki, əvvəl “Səbail Mebel” ASC-də rəhbər vəzifədə çalışıb, 2006-cı ildə etibarnamə ilə şirkəti S.Seyfullayevə verib: “Səhmlər Seyfulla Seyfullayevə məxsus olub. Mənim adıma formal alqı-satqı edilib”.

Prosesdə fasilə elan olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button