'Formula 1' Azərbaycanda daha 3 il davam edəcək
Formula 1 Azərbaycan Qran-Prisi daha 3 il -2026-cı ilə qədər davam edəcək. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.
Azərtac xəbər agentliyinin məlumatına görə, bunu Gənclər və idman naziri Fərid Qurbanov deyib.
Agentliyin məlumatına görə, nazir Formula 1 Azərbaycan Qran-Prisinin təşkilini ölkə üçün qürur mənbəyi adlandırıb.
Bu yarışlar Bakıda 2016-cı ildən keçirilir. Həmin vaxt təşkilatçı tərəflə bağlanan mövcud müqaviləyə əsasən, Bakı 2023-cü il bu yarışlara sonuncu dəfə ev sahibliyi etməli idi.
Amma ötən həftə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov Formula-1 Azərbaycan Qran-Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqların getdiyini bildirmişdi.
Apreln 28-30-da baş tutan bu tədbirlə bağlı hazırlıqlar martın sonundan başlanılıb. Şəhərin mərkəzində dəmir qəfəslərin, yollarda beton blokların quraşdırılmasına başlanıb. Mərkəzi yolların müəyyən hissəsinin bağlanması fonunda yarışın növbəti illərdə də davam edəcəyi ehtimalı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.
Rəsmi məlumata görə, Formula-1 üçün biletlərin qiyməti 40-870 manat arasında dəyişir. O da qeyd olunur ki, ən çox bilet Azərbaycan, Böyük Britaniya və Niderlanddan alınıb. Nazirlikdən “Turan” a verilən məlumata görə, ümumilikdə biletlər 100-dən artıq ölkənin vətəndaşlarına satılıb.
Rəsmi məlumatlarda o da bildirilir ki, 2022-ci ildə yarışın keçirildiyi vaxt ölkəyə 70-dək ölkədən 10 minə yaxın turist gəlib.
Qurumdan iddia edildiyinə görə, bu yarışların Azərbaycanda keçirilməsinin bir çox üstünlükləri var: “Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, həmin yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir”.
Formula-1 2020-ci ildə koronavirus səbəbindən Azərbaycanda təxirə salınıb. 2021-ci il isə azarkeşsiz keçirilib.