Formula-1 yarışlarına nə qədər vəsait xərclənəcək?

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu yazır:

2015-ci ilin büdcəsinin icrasına dair hesabatdan məlum olur ki, ötən ilin dövlət büdcəsindən idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1,5 milyard manata qədər vəsait xərclənib. Əsasən, idman infrastrukturunun yaradılmasına və bu məqsədlə tikinti və quraşdırma işlərinə yönələn belə böyük miqdarda xərcləmə daha çox Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq səviyyəli idman yarışları ilə bağlıdır. Belə ki, bu ilin büdcəsindən yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlər üçün 403,3 milyon manat, beynəlxalq və ölkə səviyyəli digər tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə əlavə olaraq 26 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə, bu il bütövlükdə beynəlxalq və ölkə səviyyəli tədbirlərin həyata keçirilməsi üçün yalnız dövlət büdcəsindən 429,3 milyon manat xərclənəcək. Böyük ehtimalla bu vəsaitin çox hissəsini bu il iyunun 17-19-da Bakıda keçiriləcək Formula-1 Avropanın Qrand Pri yarışı “yeyəcək”. Lakin onu da nəzərə almaq lazımdır ki, beynəlxalq tədbirlərin maliyyələşməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrdən də vəsait ayrılır. Fikrimizcə, dövlət maliyyəsində çətinliklərin müşahidə olunduğu indiki zamanda yüz milyonlarla vəsaitin bu məqsədlər üçün xərclənməsinə dəyməz. Çünki idman infrastrukturunun formalaşdırılması deyil, onun saxlanması da büdcənin yükünü artırır və adətən bu məqsədli xərcləmələrin dinamikası pozitiv olur.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button