Forpostbazlar və forpostşünaslar
Yayımlandı: 9 Oktyabr 2024 10:59
Zərdüşt Əlizadə
Heç olmasa bir dəfə də məni dinləyin, çalışın anlayasınız dediklərimi
1980-cı illərin sonu, 1990-cı illərin əvvəli, yəni SSRİ dağılmazdan əvvəl Ermənistan müstəqillik yarışında birinci idi. Hətta “yenilənmiş SSRİ-nin saxlanılması” barədə 1991-ci ilin 17 mart referendumunda iştirakdan qürurla imtina etmişdi. Ermənistanı referenduma vadar etmək üçün Qorbaçovun əmrilə Qarabağda keçirilən “Koltso” əməliyyatı belə Levon Ter-Petrosyanı və onun məsləkdaşlarını sevimli və müqəddəs müstəqillik ideyasından geri durmağa məcbur edə bilmədi.
Amma elə ki, SSRİ dağıldı və Rusiya öz ətrafında ona tabe olacaq dövlətcikləri toplamağa başladı, Ermənistan yenə birinci olub Rusiyanın Cənubi Qafqazdakı forpost rolunu boynuna götürdü.
Niyə? Çünki çox gözəl bilirdi ki, Rusiyasız Qarabağı işğal edib nəzarətində saxlaya bilməyəcək. Qarabağı işğal etmək naminə özünün asılı və miskin forpost qisməti ilə barışdı. Hətta Boris Qrızlov Yerevana gəlib açıq-aşkar “Ermənistan Rusiyanın Cənubi Qafqazda forpostudur” deyəndə belə cınqırını çıxarmadı. Çıxarsaydı, qəribə olardı. Məgər sərxoş Qurbanəli bəy pristavın itinə “Malades sabak” deyəndə, it etiraz edə bilərdi?
Belə minvalla azı 30 il davam etdi. 2020-ci il müharibəsi erməni hakim siyasi sinfinə sübut etdi ki, Rusiya siyasi taktikasını dəyişir və ona dəxi Ermənistan forpostu lazım deyil. Bu acı həqiqəti Ermənistan Qarabağı itirəndən sonra dərk etdi.
Erməni cəmiyyətinin qarşısında seçim fürsəti yarandı: ya qonşuları Azərbaycan və Türkiyə ilə adi qonşuluq əlaqələri qurub bu yolla öz milli təhlükəsizliyini təmin etmək, ya da ədavət siyasətini davam etdirib nə vaxtsa qisas almaq, yeni müharibə yolu ilə Qarabağı qaytarmaq istəyirsə, silahlanmaq. Ermənistan ikinci yolu seçsəydi, ona, təbii ki, yeni hami lazım olacaqdı. Hami isə Ermənistanın forposta çevrilməsini istəyəcəkdi.
Ermənistan, bütün əlamətlərdən görünür ki, ikinci yolu seçib və buna görə özünə yeni hami axtarır. Axtarır deyəndə ki, tapıb, dünyanın ən varlı və qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatlarının forpostu olmağa can atır. Lakin bu yeni forpost sevdası istəyən Ermənistandan yeni hami tələb edir ki, əvvəlki hami ilə münasibətlərini kökündən dəyişsin.
Bu isə, etiraf etməliyik ki, çox ağrılı bir prosesdir. Adicə bir ailədə ər və arvad boşananda ortaya nə qədər müşkül çıxırsa, 30 il böyük bir dövlətin forpostu olmuş kiçik bir dövlətə nə qədər vaxt və zaman tələb olunur ki, əvvəlki sıx əlaqələri qırsın və asudə tərzdə yeni haminin qucağına atılsın?
İllah ki, əvvəlki hami talaq vermir, əksinə, dirənir, onu forpostla bağlayan möhkəm tellərimi, zəncirlərimi, bilmirəm, daha sərt tarıma çəkir. Ortada ümumi miras var, Putin demişkən, Rusiyada yaşayan ermənilərin sayı Ermənistan əhalisindən çoxdur. Bu ermənilərin bir hissəsi tam köçüb, bir hissəsi vətəndə qalan ailələrinə hər il xeyli pul köçürür. Ticarət dövriyyəsi ildən ilə artır, bu il çatacaq 16 milyard dollara. Üstəlik Rusiya hələ də öz forpostu olan Ermənistandan qəti tələb edir ki, Zəngəzur yolunun qorunmasını Üçtərəfli Bəyanatda deyildiyi kimi, RF-nin Federal Təhlükəsizlik Xidmətinə versin.
Yeni hamiliyə iddia edən ABŞ isə şərt kəsir: Zəngəzur yolu forpostda, yəni ABŞ-ın nəzarətində olmalıdır. Qəziyyə “Arşın mal alan” musiqili operettasındakı vəziyyətə bənzəyir. Bu vəziyyətdə yeganə acımalı, lakin həm də gülməli qəhrəman köhnə və yeni forpostdur.
Deyilənə görə ermənilər zirək xalqdır. Hər çətin vəziyyətdən çıxmağı bacarırlar. Şuşalı minipartokrat Zahid Orucov nəql edirdi ki, Qorbaçovun alkohola qarşı elan etdiyi səlib yürüşünün qaynar çağında Soçidə içki axtaran qarabağlılar zəif ümidlə içki dalıyca Robert Köçəryanı göndərmişdilər, qoçaq bir neçə saatdan sonra iki zənbil araqla qayıtmışdı.
İndi də, sizin həqir bəndəniz erməni olmasa da, başı bir az işləyir. Qonşularımıza demək istəyirəm ki, amerikan kəndiri ilə quyuya enmək xatadır. Amerikanlara etibar etmiş milyonlarla vyetnamlı ABŞ Vyetnamdan qaçanda dünyanın zülmünü gördü. Uzağa getməyək, ABŞ Əfqanıstandan qaçanda amerikanlarla əhdi-peyman bağlamış əfqanların amerikan təyyarələrinin təkərlərindən qopub yerə düşməklərini xatırlayırsınızmı, möhtərəm qonşular?
Məhz buna görə məsləhətimə qulaq asın: sizin üçün ən yaxşı, ən münasib, ən sınanmış hami Türkiyə Cümhuriyyətidir. Həm yaxındır, həm də ona sizin forpost deyil, sadəcə cəncəlsiz qonşu olmağınız kifayətdir.
Yadınıza salın ki, son 30 il mən sizə nə qədər xeyirli məsləhət vermişəm, heç birinə məhəl qoymayıb indiki günə düşmüsünüz. Heç olmasa bir dəfə də məni dinləyin, çalışın anlayasınız dediklərimi.
Forpost olmaq istəyirsiniz? Olun Türkiyənin forpostu!