Fövqəlnazir hansı partiyanın sədrinə 6 milyon dollar verib?!

Kəmaləddin Heydərovdan maliyyələşdirdiyi qurum rəhbərlərinə sərt təpki

 Ölkənin siyası rəhbərliyində nəzarətində ən çox deputat sayı olan və media qurumlarına qeyri-rəsmi sahiblik funksiyasını əlinə alan əsasən iki nəfər var – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov. R.Mehdiyev deputat korpusuna birbaşa özü nəzarət etsə də, media qurumlarına nəzarətə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu görəvləndirib. PA rəhbərinin fövqəlnazirdən əsas fərqli cəhətləri odur ki, ölkə daxilində fəaliyyətinə icazə verilmiş elektron KİV-lərə də bilavasitə ideoloji patronluğu o edir. Həmin media qurumlarının efirlərinin illər uzunudur ki, ölkə müxalifətinin üzünə bağlı olması əslində hakimiyyətin sifarişidir. Bu gün müstəqilliyini iddia edən hər bir qurum məhz mövcud fəaliyyətinə görə Prezident Administrasiyası rəhbərinə borcludur. Lakin ölkə telekanallarına nəzarətə Mehdiyevin iddialı olmasına baxmayaraq, Fövqəladə Hallar nazirini əbədi rəqibi bu sahədə də küncə tam sıxmaq imkanını əldə etməyib. Belə ki, cənab Heydərov mütəmadi “hədiyyələri” ilə özünə sərf edən zamanlarda verilişlər hazırladıb efirə verdirə bilir.   Ramiz Mehdiyev və Əli Həsənov media qurumlarına mütəmadi nəzarət funksiyasını həyata keçirsələr də, Fövqəladə Hallar naziri demək olar ki, əsasən bu kimi xırda işlərə zaman ayırmır. Ən qəribəsi isə odur ki, onun Ramiz Mehdiyevdən fərqli bu sahəyə mütəmadi nəzarət edən Əli Həsənov kimi görəvləndirdiyi konkret şəxs də yoxdur. Əslində, cənab Heydərovun bu cür iş prinsipi onun nəzarətində olan partiya və media qurumlarına Ramiz Mehdiyevdən fərqli olaraq maliyyəni kiçik hissələrlə aylıq deyil, birdəfəlik verməsidir. PA rəhbəri partiya və media qurumlarına nəzərdə tutulan maliyyəni illərdir ki, aylıq vermək prinsipini əsas götürüb. Bu, həmin qurumların Mehdiyevdən bilavasitə asılı durumda olmasını səciyyələndirən ən başlıca amildir. Digər tərəfdən, Mehdiyev maliyyəni elə məbləğdə ayırır ki, həmin qurumlar özlərinin yalnız cari xərclərini ödəyə bilirlər, əlavə maliyyə gətirəcək təsisatlar yarada bilimirlər. Yan qurumların yaradıla bilməməsi əslində, mərkəzdənqaçma riskini də kifayət qədər azaldır. K.Heydərovun isə maliyyəni birdəfəyə, həm də son tapşırıqlarını deyərək, verdiyi söylənilir. Hətta Heydərovun bir neçə il əvvəl yaratdığı partiyalardan birinin sədrinə 6 milyon dollar vəsait verdiyi söylənilir. Fövqəladə Hallar nazirinin Mehdiyevdən fərqli xüsusiyyətlərindən biri də onun nəzarətində olan qurum rəhbərlərinə özəl sturukturlar yaratması tapşırığını verməsidir. K.Heydərov ilkin başlanğıc kimi monopoliyasında olan sahələrdə həmin şəxslərin ayaqda durmaları üçün müəyyən xətt açır, bir müddət sonra isə sərbəst fəaliyyət göstərişi verir. O, nəzarətində olan şəxslərə yardımını məhz hər hansı məbləğdə verilən pulla yekunlaşdırmır. Belə ki, cənab Heydərov həmin şəxslərə həm də qeyri-rəsmi patronluq etdiyi nazirliklər və komitələrdə öz adamlarını yerləşdirmək üçün konkret kvotalar da ayırır. Bu da həmin şəxslərin bu və ya digər formada əldə etdikləri vəsaitdən Heydərovun qurumlarına mütəmadi ianələrin ayrılması üçündür. Əslində, K.Heydərov çoxşaxəli fəaliyyətini əsas götürərək bu cür iş prinsipini seçib. Bütün bu prosedurlar həyata keçiriləndən sonra Heydərov adamına təsis etdiyi qurumda “işə başla” əmri verir. Amma hələ ki, nə K.Heydərov, nə də R.Mehdiyev nəzarətlərində olan media qurumlarından gözləntilərini ala bilmirlər. Çünki həmin qurumların təqdim etdikləri məhsullar – qəzetlər nəinki ölkə gündəminə təsirsiz qalır, sadəcə satılmırlar. Adamlar əsasən Heydərovdan gizli olaraq yeni iqtisadi təsisatlar yaratmaqla şəxsi bizneslərini genişləndirirlər. Bu qəzetlər ölkədə və dünyada baş verən hadisələrlə bağlı heç bir araşdırmalar aparmır, hər an qeyri-rəsmi təsisçilərinin (onu da qeyd edək ki, bu cür media qurumları əsasən fövqəlnazirin birbaşa maliyyə ayırdığı şəxsin deyil, onun yaxın ətrafında olanlardan birinin adına rəsmiləşdirilir) göstərişlərini gözləyirlər.

Etibarlı mənbəmizdən aldığımız məlumata görə, Fövqəladə Hallar naziri son günlər Azərbaycan Boks Federasiyası ilə bağlı baş verən beynəlxalq media qalmaqalı zamanı, ona olan hücumlara hətta normal müdafiə taktikası seçə bilməyən nəzarətindəki media qurumlarının rəhbərlərini bir araya toplayıb onlara ciddi iradlarını bildirib. Mənbə söyləyir ki, toplantıya kifayət qədər qəzəbli qatılan fövqəlnazir çıxışı zamanı da heç cür özünü ələ ala bilmirmiş. Təhdidlərlə müşayiət olunan çıxışını “bu, sizin son şansınızdır” – deyə bitirən Fövqəladə Hallar naziri sonda həmin media qurumlarının rəhbərlərinə – kollektivi yenidən toplamaq əmri də verib. Mənbə söyləyir ki, cənab Heydərov nəzarətində olan media qurumlarnın rəhbərlərinə “əgər siz əməkdaşa normal əmək haqqı və qonorar müəyyənləşdirsəydiniz, onları bu işə daha çox maraqlandırar və daha keyfiyyətli iş görə bilərdiniz. Bu yolla eyni zamanda digər qəzetlərdən və agentliklərdən də istedadlı adamları cəlb etmək imkanınız olardı, amma siz…” – deyə ciddi iradını bildirib. Mənbə söyləyir ki, K.Heydərovun xəbərdarlığından ciddi əndişələnən həmin media qurumlarının rəhbərləri artıq da bu yöndə fəaliyyətə başlayıblar. Media qurumlarının rəhbərləri redaksiyalarında özlərinə yaxın əməkdaşlarına ölkə mediası üçün müəyyənləşdirdikləri konkret siyahılarındakı adamlarla əlaqə qurub yuksək əmək haqqı və qonorar müqabilində onları işə dəvət etmələri tapşırığını veriblər.

K.Heydərovun nəzarətində olan media qurumlarından sonra parlamentə təyin etdirdiyi deputatlarını və partiya sədrlərini də eyni qaydada tənbeh etdiyi söylənilir. Hətta mənbə bildirir ki, partiya sədrlərindən biri tədbiri kifayət qədər təlaşla tərk edib və sürücüsünə onu yaxın xəstəxanalardan birinə çatdırmağı söyləyib.

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button