Fövqəlnazir Qurban Məmmədovun evini sökür

 

Qurban Məmmədov

Qurban Məmmədov: “Məni evimdən heç kim çıxara bilməz, oradan meyitim çıxar”

 Kəmaləddin Heydərov oğluna böyük həyəti olan malikanə inşa edəcək deyə ətrafdakı evləri sökdürür…

 Əgər Kəmaləddin Heydərova mənim evim lazımdırsa, zəhmət çəkib nümayəndəsini göndərsin, bazarlaşaq…

 Tanınmış vəkil Qurban Məmmədovun yaşadığı ev sökülür. Bu barədə Q.Məmmədovun özü redaksiyamıza məlumat verib. Q.Məmmədovun mənzili Nərimanov rayonu Həsənoğlu  küçəsi 12 ünvanında yerləşir. Bakı şəhərinin mərkəzi hissələrindən biri hesab olunan ərazidə 5 saylı Kliniki Şəhər Xəstəxanası, “Şəhər bağları” yaşayış massivi, çoxsaylı mədəni və ticarət obyektləri yerləşir. Evin şəhərin bahalı hissəsində yerləşməsi isə “Gilan” Holdinqin diqqətini çəkib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tutduğu mövqedən istifadə edərək binanı ələ keçirməyə cəhd edir. Məsələ ilə bağlı dünən Q.Məmmədovla görüşüb bizi maraqlandıran məqamlara aydınlıq gətirməsini xahiş etdik.   

Q.Məmmədovun bildirdiyinə görə, artıq əhaliyə evlərindən çıxmaq təklif edilib. İşə Nərimanov rayon icra başçısının Şahmar adlı müavini rəhbərlik edir. Müavin binanın sakinlərinə mənzillərini və obyektlərini boşaltmağı təklif edib. Əhaliyə kirayə pullarını ödəniləcəyini bildirən icra başçısının müavini ərazidə yeni bina inşa edildikdən sonra əhaliyə mənzillər veriləcəyini vəd edib. 

Q.Məmmədov icra başçısının müavinin yeni inşa edilən binalardan sakinlərə mənzil veriləcəyi ilə bağlı rəsmi zəmanət verilməsini tələb etdiyini bildirdi:

 

– İcra başçısının müavini camaata deyir ki, köçün burdan, gedin kirayədə qalın, bir il sonra sizə burada yeni mənzillər veriləcək. Hesab edirəm ki, yalan deyirlər. Heç nə verməyəcəklər. Əhalini oradan çıxarıb çəpərə alacaqlar, məsələ bitib gedəcək. Mən onlara bildirdim ki, rəsmi şəkildə bizə zəmanət verin. Təklif etdim ki, yeni binanı maliyyələşdirəcək bank, yaxud Nazirlər Kabineti  yazılı şəkildə zəmanət versin ki, bizə 1 il müddətinə yeni mənzillər veriləcək. Əks halda, mənzilin hər kvadratmetri üçün müəyyən edilmiş məbləğdə sakinlərə pul verilsin. Razılaşmadılar. Bundan başqa, onlardan soruşuram ki, mənim 480 kvadratmetrlik sənədli mənzilim var. Yaxşı, mən buradan çıxdım, əmlak söküldü. Qanuna görə, sökülən əmlak dərhal qeydiyyatdan çıxarılmalıdır. Siz təzə mənzilləri hansı sənədlə mənim mülkiyyətimə verəcəksən? Sualım cavabsız qaldı.  

– Binanıza kim müştəri düşüb?

– İcra başçısının müavini özü mənə bildirdi ki, yeni binanı “Gilan” Holdinq tikəcək. Guya sifarişçi Nərimanov Rayon İcra Hakimiyyəti, podratçı isə “Gilan” Holdinqdir. Soruşuram ki, yeni mənzili bizə kim verəcək? Cavab verir ki, yeni bina “Gilan” Holdinqin mülkiyyəti olacaq, mənzilləri də onlar verəcək. Belə qarışıq məsələdir. Əgər yeni bina “Gilan” Holdinqin mülkiyyətidirsə, niyə bizə satmalıdır? Bir ildən sonra həmin yerdə mənzillərin kvadratı 20 min manat olacaq. Çünki ərazi Bakının “gözüdür”.  Dağın üstüdür, səfalı yerdir, iki metronun , 3 xəstəxananın, 5 məktəbin ortasında yerləşir. “Şəhər bağları” yaşayış massivi boş yerə orada inşa edilməyib ki? Bizdə olan məlumata görə, Kəmaləddin Heydərov Teymur Əliyev küçəsindən 75-ə yaxın ev və çoxmərtəbəli  binanı sökür. Həmin evlərin yerində Kəmaləddin Heydərov oğluna böyük həyəti olan malikanə inşa edəcək. Ətrafdakı insanların hamısını bizim binalarımızın yerləşdiyi ərazidə inşa ediləcək 12 mərtəbəli binalara köçürmək istəyirlər. Əgər Kəmaləddin Heydərova mənim evim lazımdırsa, zəhmət çəkib nümayəndəsini göndərsin, bazarlaşaq. Dediyim qiymətə alar lap yaxşı, almaz yaxşı yol. Mən o mənzili ona görə 2 mərtəbəli evdən aldım ki, yad bir qadınla liftə minməyim. Yaxud ailəm başqaları ilə birlikdə liftə minməsin. Əks halda gedib çoxmərtəbəli binalardan mənzil alardım da. Kəmaləddin Heydərov öz oğlu üçün ərazisi hektarlarla olan malikanə tikib, onun rahatlığını istəyirsə, mən də öz ailəm üçün minimal rahatlıq istəyirəm.

– Mənzillərə görə sizə nə qədər pul təklif edirlər?

– Mənzillərin hər kvadratmetrinə görə 1500 manat təklif edirlər. Biz bu qiymətlə razı deyilik. Biz mənzillərin hər kvadratmetri üçün 3 min manat, obyektlərin kvadratmetri üçün 6 min manat pul istəyirik. Biz bilirik ki, oradan çıxsaq, bizə obyektlərimizin əvəzinə yer verilməyəcək. Çünki orada obyektin hər kvadratmetri 20 min manat olacaq. Qardaş, pulumuzu verin, çıxıb gedək. Əmlak mənimdir. İndi bazar iqtisadiyyatıdır, öz malıma istədiyim qiyməti qoya bilərəm. Əmlak toxunulmazlığı deyilən bir anlayış var.

…Bakıda milyonçu Əsəddullayev böyük bir ərazi alıb bina tikirmiş. Bir nəfər öz torpağını satmaq istəməyib. Əksinə, iki mərtəbəli ev inşa edib. Əsədullayev Fransadan memar dəvət edir. Ona elə bir ev sifariş etdirir ki, həmin şəxsin evinin, yolu, suyu, işığı kəsilməsin. Elə də inşa edirlər. Kişinin evi böyük bir arkanın altında qalır. Lakin bolşeviklər gələn kimi kişinin evini sökürlər. İndiki hakimiyyətdəkilər də babaları olan bolşeviklərin yolunu davam edirlər. İndikilərin də xüsusi mülkiyyətə münasibəti bolşeviklərin münasibəti ilə eynidir. Yaxud Osmanlıda Sultan Süleymanın dönəmində yeni inşa edilən yol bir nəfər kasıb adamın evindən keçirmiş. Adam evi satmır. Söhbət sultana çatır. Dünyaya qan udduran sultan həmin evi halallıqla alır. İlham Əliyev televiziyaya çıxıb, “Qış bulvarı” ərazisində evlərə 1500 manat verilməsini normal adlandırdı. Bundan istifadə edən oliqarxlar başladılar xalqın əmlakını talan etməyə.

– İndi kiminsə evini zəbt edəndə bunu dövlət ehtiyacları üçün edildiyini bildirirlər. Sizdə vəziyyət necədir?

– Qanunda ictimai ehtiyaclar üçün özəl mülkiyyətin alınması bəndini çıxarıblar. Qanunla dövlət ehtiyacları üçün şəxsi mülkiyyətin alınması var. Nədir dövlət ehtiyacları? Sərhəd, müdafiə qurğuları və kommunikasiya sistemlərinin inşası üçün tələb olunan ərazilər dövlət ehtiyacları müddəasına aid edilir. Nə “Qış bulvarı”, nə də bizim binamız dövlət ehtiyacları üçün alınmır. İkincisi,  dövlət ehtiyacları üçün əmlakın alınmasının qaydaları var. İlk növbədə vətəndaşa müraciət edilməlidir. Əgər alqı-satqı müqaviləsinin tərtib edilməsi alınmırsa, 100 gündən sonra məhkəməyə müraciət edilir.   

– Evinizi boşaldacaqsınızmı?

– Məni evimdən heç kim çıxara bilməz. Meyitimı çıxararlar. İndi bizi suyu, qazı kəsməklə hədələyirlər.

– Nə edəcəksiniz?

– Elektrik generatoru alacam, suyu vedrə ilə daşıyacam. Mənim hüququm var ki, silahla evimi müdafiə edim. Heç kim mənim mülkiyyətimə əl uzada bilməz.

 

Bizimlə söhbətində Q. Məmmədov bir sıra diqqət çəkən məqamlara da toxundu:

 

– Bakının himinə haram qoyulur. Vətəndaşın evini sökürlər. Deyirlər ki, mənzilin hər kvadratmetrinə 1500 manatdan pul veririk. Təbii ki, vətəndaş buna razı olmur. Lakin tikintini həyata keçirən oliqarx vətəndaşı evindən çıxarır. Ona deyir ki, get şəhərin kənarında “Azinko”nun tikdiyi mənzildə yaşa. Əhaliyə ancaq mənzillərinin, yaxud  evlərinin pulunu verirlər. Lakin binanın yerləşdiyi torpağın haqqı heç kimə ödənilmir. Mülki Məcəllənin 227.1-ci maddəsində yazılıb ki, çoxmənzilli binaların mülkiyyətçiləri yaşadıqları binanın altındakı torpağın ümumi mülkiyyətçisidir. Bura ancaq binanın altındakı torpaq yox, binaya aid olan bütün ərazi daxildir. Amma son illər Bakıda əhaliyə yalnız tikililərin pulu ödənilib. Tikintinin altındakı torpaq üçün pul ödənilməyib. 1996-ci ildə torpaq islahatı haqqında qanun qəbul edilib. Qanunun 19-cu maddəsində  yazılır ki, vətəndaşların istifadəsində olan həyətyanı sahələr, fərdi evlərin, bağların, qarajların altındakı torpaqlar əvəzsiz olaraq vətəndaşın mülkiyyətinə verilir. Bu məsələlər qanunlarla tənzimlənib. Vətəndaşın bunu kupcasında qeyd etdirməməsi o demək deyil ki, qanun həmin vətəndaşa şamil edilmir. Mənzillər satılarkən vətəndaşlar mütləq bu məsələyə diqqət ayırmalıdırlar. Bizim binanın yerləşdiyi ərazi bir hektardır. İndi mənzilin pulunu verirlər, onu da hələ verən yoxdur, amma bu boyda torpağın pulu ödənilmir. Axı bu torpaq mənimdir.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, qeyd olunan ərazidə hazırda iki oliqarxın binalar tikmək üçün yerlər aldığı məlum oldu. Bunlardan biri «Azal» dövlət konserninin direktoru Cahangir Əsgərov, digəri isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Məlumatlara görə, Cahangir Əsgərov vətəndaşlardan aldığı yerin müqabilində hər kvadrat metrə 3500 manat pul ödəyir, amma Kəmaləddin Heydərov bir manat da təklif etmir. Elə bu fakt hər şeyi demirmi? Ortaya da salıblar Nərimanov rayon icra hakmiyyətinin başçısı Abdin Fərzəliyevi…

Yazıda adı çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button