Fransa Azərbaycanda inqilab hazırlayır?

Razi Abasbəyli

Hakimiyyət daxilində müəmmalı gəlişmələr baş verməkdədir…

 Azərbaycana Fransadan müəmmalı bir elektrik daşınmaqdadır. Son zamanlar ölkənin siyasi gündəmi demək olar ki, Fransanın paytaxtı Parisdən gəlir. Nə qədər mistik görünsə də, burada bir ardıcıllıq da ola bilər. Hər halda son günlər Parisdən gələn açıqlamalar, istər hakimiyyət düşərgəsinin, istərsə də müxalifət düşərgəsinin açıqlamaları Azərbaycan üçün kifayət qədər önəm daşıyır. Ardıcıllığa diqqət edək:

– Hazırda Fransada mühacir həyatı yaşayan MTN-nin xüsusi işlər üzrə müstəntiqi Ramin Nağıyevin kifayət qədər əhəmiyyətli açıqlamaları;

– Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsiylə bağlı açıqlamaları;

– Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransaya səfəri və hələ də bu ölkədə qalması;

– «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin Parisə ailəsi ilə birlikdə yerləşməsi və s;

– Bəzi müxalifət partiyalarının sədrlərinin, ictimai birliklərin rəhbərlərinin Mehriban Əliyevanın orada olduğu müddətdə Parisə səfər etməsi və onunla görüşməsi xəbərlərinin yayılması. Bütün bunların ardından isə kifayət qədər maraqlı məqamlar ortaya çıxır. “Maraqlı məqam ondan ibarətdir ki, bu gün Azərbaycanda bir «ərəb baharı» mövzusu müzakirə edilməkdədir. Bu ilin yazında ərəb dövlətlərində başlayan inqilabların demək olar ki, təşkilatçısı Fransadır. Fransa neft və müsəlman ölkələrində kifayət qədər aktivləşib və inqilabların təşkilində daha yaxından iştirak edir.

Və elə yeri gəlmişkən, bu yaxınlarda Fransanın prezidenti Nikole Sarkozi Bakıya rəsmi səfərə də gəlir.

Səfər proqramı barədə hələlik konkret məlumat verilməsə də, bildirilir ki, bu səfərin əsas məqsədi «Nabucco» kəməri ilə bağlıdır.

Azərbaycan hökuməti faktiki olaraq ağır bir geosiyasi məngənədə sıxılmaqdadır. Bu kəmərin çəkilişi ilə bağlı olaraq ortada olan bir sıra məqamlar, regionda Rusiya ilə Avropa Birliyi dövlətlərinin maraqlarının toqquşması istənilən halda Azərbaycanı çıxılmaz bir duruimda qoyub. Artıq Azərbaycan hökuməti qarşısında AB-nin qoyduğu «Nabucco» kəməri ilə bağlı qərar tarixinin vaxtı da bitmək üzrədir. Rəsmi Bakı isə bu arada hələlik konkret bir mövqe ifadə edə bilmir. Yeri gəlmişkən, bu yaxınlarda AB-nin energetika üzrə komissarı Günter Ettingerin kəmərin çəkilişi ilə bağlı çox sərt bəyanatı səslənib. Rusiya mediası faktiki olaraq bu açıqlamaları müzakirə etməkdədir. Açıqlamada : «Boru Azərbaycan və Türkmənistandan keçəcək;
Xəzəryanı dövlətlərin bunu dayandırmaq hüququ yoxdur» hissəsi rusları daha çox hiddətləndirib. Söhbət Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsindən gedir və bu statusa uyğun olaraq da Xəzəryanı dövlətlərin «Nabucco» layihəsi ilə bağlı olaraq mövqeyinin nədən ibarət olması ilə bağlıdır. Qeyd edək ki, AB-nin tarixində ilk dəfə bütün ittifaq dövlətləri eyni mövqedən çıxış edirlər və Avropa Komissiyası tarixdə ilk dəvə Avropa İttifaqının hüdudlarından kənarda layihə həyata keçirilməsi haqqında danışıqları 27 Aİ üzvü adından Günter Ettinger aparacaq. Əslində isə mavi qazla bağlı təchizatda Aİ dövlətləri Rusiyadan asılılığı alternativ kəmərlər vasitəsilə aradan qaldırmaq istəyir. Bu isə təbii ki, regionda söz sahibi olan və Xəzəryanı dövlət olan Rusiyanın strateji maraqlarına daban-dabana ziddir. Bütün bunları isə hakimiyyət texnoloqları bilməmiş deyillər. Bu arada hökumət iki yüksək çinli məmurunun hərəsini bir istiqamətə yollayıb. Söhbət son günlər münasibətləri gərginləşən Türkiyəyə səfər edən spiker Oqtay Əsədovdan və daha çox Azərbaycan hakimiyyətində gücə sahib olan Rusiyadan gedir. Və Rusiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gözlənilmədən səfəri başlayıb. Səfər barədə rəsmi olaraq verilən açıqlamalar heç də səfərin pərdəarxasını açmaqda bizə manne olmur. Səfər proqramında konkret olaraq yazılır ki,  təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü başlayıb. Nümayəndə heyətinin tərkibi də kifayət qədər maraqlıdır –  Ramiz Mehdiyevin başçılığı ilə administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanov. Bu tərkibdə təmsil olunan insanların Azərbaycan iqtidarındakı rusiyameylli komandanın üzvləri olması da heç kimə sirr deyil. Deməli, Azərbaycan iqtidarı qaz məsələsi ilə bağlı Avropadan və Rusiyadan gələn təzyiqlər arasında manevr etmək üçün təxirəsalınmaz səfərlərə başlayıb. Və bu arada Fransadan «Vikiliks» sənədlərinin açıqlanması, bu sənədlərdə xüsusilə də Turkiyə ilə bağlı olaraq dövlət başçısının verdiyi açıqlamalar, ABŞ səfiri ilə Azərbaycanın yüksək çinli məmurlarının söhbətlərinin stenoqramının açıqlanması əlbəttə ki, təsadüf kimi qiymətləndirilə bilməz. Lakin istər ünvanlı təzyiqlər, istərsə də onların önlənməsi üçün hakimiyyət daxilindəki avropameylli (onların olmaları barədə hər zaman ehtimallar özünü doğruldur) məmurlar deyil, bu qarşı-qarşıya dayanan komandaların başında duranlar hərəkətə keçiblər. Artıq Azərbaycan iqtidarı konkret olaraq ya Avropanı, ya da Rusiyanı seçməlidir. Bu seçimin sonucu olaraq isə hakimiyyət daxilində belə tərəflərdən birinin təmsilçisi olan komandalar toqquşacaqlar. Həm də iki yeni inqilabi müstəvinin açılacağı şübhəsizdir. Azərbaycanın müsəlman və neft ölkəsi olması, bu ölkələrdə siyasi azadlıqların boğulması faktdır. Qərarı İlham Əliyev verəcək. Və istənilən qərarda yenə də hakimiyyət ya Rusiyanın, ya da Avropa, Türkiyə və ABŞ-ın hədəfinə çevriləcək.

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button